Rio 2016: İran paralimpiyaçısı həlak olub

Fotonun müəllifi Getty Images
Image caption Bəhman Qolbarnejad 2012-ci il London Olimpiadasında da iştirak edib

Rio 2016 Paralimpiya Oyunlarında iştirak etmiş iranlı velosipedçi kişilər arasında keçirilən yarışlarda baş vermiş qəza nəticəsində həlak olub.

Beynəlxalq Paralimpiya Komitəsi (İPC) bildirib ki, 48 yaşlı Bəhman Qolbarnejad hadisədən sonra ürək tutmasından ölüb.

"Ambulans onu Unimed Rio Xəstəxanasına çatdırsa da, idmançı xəstəxanaya çatandan sonra keçinib," məlumatda deyilir.

Cənab Qolbarnejad London 2012 yay Olimpiadasında da iştirak edib.

Hadisə ilə bağlı istintaq aparılır.

"Biz mümkün qədər tez bir zamanda daha çox məlumat toplamağa çalışırıq - təhqiqatın bir neçə gün çəkəcəyi gözlənilir," Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) idman direktoru Piers Jones deyib.

Hadisə ilə bağlı Paralimpiya Şəhərciyində İranın bayrağı yarıya qədər endirilib.

Bazar günü keçiriləcək bağlanış mərasimində bir dəqiqəlik sükut olacaq.

İran Milli Paralimpiya Komitəsinin baş katibi Məsud Əşrəfi bildirib ki, onlar cənab Qolbarnejadın cənazəsinin bazar günü İrana aparılmasını tələb ediblər.

Komitə həmçinin İPC-dən hadisə ilə bağlı tam hesabat istəyib.

Bu, 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunları zamanı danimarkalı velosipedçi Knud Enemark Jensen-in ölümündən sonra Olimpiya və Paralimpiya oyunlarında ilk belə hadisədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş