Rəfsəncaninin ölümü İran üçün nə deməkdir?

Əkbər Haşemi Rəfsəncani Fotonun müəllifi Getty Images
Image caption Əkbər Haşemi Rəfsəncani

Qocaman praqmatik siyasətçi və keçmiş prezident ayətullah Əkbər Haşemi Rəfsəncaninin qəfil ölümü ölkənin gələcək siyasi mənzərəsi barədə bir neçə suallar qaldırıb.

Onun hakim sistemdəki nüfuzu 2009-cu ildə keçirilmiş ziddiyyətli prezident seçkisindən sonra sarsılsa da, mötədillər və islahat istəyənlər ona hakmiyyətin yuxarı eşelonları ilə dil tapa biləcək birisi kimi baxırdılar.

İslam Respublikasının banilərindən biri kimi Rəfsəncani onilliklərlə davam edən siyasi karyerası ərzində yüksək vəzifələr tutmuşdu.

Ölümündən əvvəl o uzun müddət idi ki, Məsləhət Şurasının sədri idi. Bu ədliyyə və qanunverici qurum həm də ali rəhbər ayətullah Əli Xameneyiyə müşavirlik edir. Xameneyinin Rəfsəncaninin yerinə kimi gətirəcəyi hələlik naməlumdur. Amma bu təyinat edildikdən sonra şuranın gələcək siyasəti də bəlli olacaq.

Həlledici seçki

Rəfsəncanin yoxluğu ilk dəfə elə 2017-ci ilin mayında keçiriləcək prezident seçkisi zamanı özünü büruzə verə bilər. Sərt xətt-hərəkət tərəfdarları son bir-iki ildə Rəfsəncaninin ardıcılı olan prezident Həsən Ruhaninin mövqeyini zəiflətmək üçün cəhdlər edirlər. İkinci müddətə seçilməyə hazırlaşan prezident bu mənada özünün dəyərli müttəfiqini və mühafizəklarların hücumlarına sinə gərməyi bacaran nüfuzlu müdafiəçisini itirib.

"Bugün İslam özünün dəyərli insanlarından birini itirib; İranın böyük xadimi; İslam İnqilabının böyük bələdçisi; hakimiyyətin müdrik və misilsiz fiquru". Bu sözləri Ruhani Rəfsəncaninin ölümü ilə əlaqədar başsağlığında yazıb.

Rəfsəncani həm də 2015-ci ildə dünya gücləri ilə imzalanmış tarixi nüvə sazişinin sarsılmaz tərəfdarı idi. Bu saziş Ruhani və onun ultramühafizəkar rəqibləri arasında çarpışma predmetlərindən biridir.

Amma bu da ola bilər ki, Rəfsəncaninin ölümü Ruhaniyə tərəfdar qüvvələri seçki öncəsi səfərbər etməkdə kömək etmiş olsun. Belə qruplar liderlərini itirdikdən sonra, prezident Ruhaninin özü mötədillər və islahatyönlülər üçün mərkəzi fiqura çevrilə bilər.

Ali rəhbərin seçilməsində azalan rol

Rəfsəncani İranda ali rəhbəri seçən və onun fəaliyyətinə nəzarət edən Üləmalar Şurasının əsas üzvlərindən biri idi. O Üləmalar Şurasının 1989-cu ildə İran İslam Respublikasının banisi ayətullah Xomeyninin ölümüdən sonra onun yerinə Xameneyini seçən fövqəladə iclasında mühüm rol oynamışdı.

Rəfsəncani 2007-ci ildən 2011-ci ilədək Üləmalar Şurasının rəhbəri olmuşdu. Bu postu sərt xətt-hərəkət tərəfdarlarının artan təzyiqi altında tərk etmişdi. O, xüsusilə də 2009-cu ildə Mahmud Əhmədinejadın qalib gəldiyi prezident seçkisi zamanı müxalifət etirasçılarının tərəfini saxlamaqla hədəfə çevrilmişdi.

Lakin Rəfsəncani və onun mötədil müttəfiqləri 2016-cı ilin fevral seçkisində Tehranda ən yüksək səs əldə etmişdilər. Tehran 88 üzvü olan Üləmalar Şurasına 16 üzv verir. Onun düşərgəsi Üləmalar Şurasında üstünlüyə malik olmasa da, ümid edirdi ki, 77 yaşlı Əli Xameneyinin vəfatı təqdirində Rəfsəncani mühüm rol oynayacaq.

Amma indi, Rəfsəncaninin ölümü ilə onun mötədil tərəfdarlarının İranın növbəti ali rəhbərinin seçimində əhəmiyyətli rol oynamaq şansları daha da azalıb.

Bu barədə daha geniş