Əli Şəriəti: Twitterdə fırtına qaldırmış İran fəalı

Əli Şəriəti Fotonun müəllifi Harana
Image caption Əli Şəriəti

İranın siyasi məhbuslarından Əli Şəriəti həbsxanada iki ay aclıq aksiyası keçirdiyi bir zamanda internetdə onun həyatının xilas edilməsi üçün kütləvi kampaniya başlanıb.

Ərəş Sadeqi adlı başqa bir siyasi məhbusun arvadının həbsxanadan azad edilməsindən ilhamlanmış İran sosial media istifadəçiləri indi cənab Şəriətinin azadlığı uğrunda mübarizəyə başlayıblar.

Əsas faktlar

30 yaşlı memar Şəriəti ilk dəfə 2009-cu ildə prezident seçkisində Mahmud Əhmədinecadın ziddiyyətli qələbəsinə ölkə boyunca yayılmış etirazlarda iştirakına görə həbs edilib. O 8 ay həbsxanada qaldıqdan sonra azad olunub.

Cənab Şəriəti ikinci dəfə 2014-cü ildə İran parlamentinin qarşısında keçirilən etiraz aksiyasında iştirakına görə həbs olunub. Bu aksiya İsfahan şəhərində qadınlar üzərinə çoxsaylı kimyəvi turşu hücumlarına etiraz üçün keçirilirdi.

O 5 illik azadlıqdan məhrumetmə cəzasını çəkməyə 2016-cı ilin noyabrında başlayıb və hazırda Tehranın məşhur Evin həbsxanasındadır. Ona qarşı irəli sürülmüş ittihamlardan biri də ölkənin milli təhlükəsizliyinə hədə yaratmaq idi.

O məhkəmənin qərarına etiraz olaraq 67 gündür ki, aclıq aksiyası keçirir və deyilənlərə görə, sağlıq durumu böhranlıdır.

Son bir neçə həftədə internetdə ingilisdilli #SOSAli, #All4Ali və #FreeAli heşteqləri ilə yanaşı, #Ali-Shariati və #hunger-strike heşteqləri də dövriyyə edib.

Twitterin dünya trendləri arasında #All4Ali bir neçə saat ərzində ilk beşlikdə olub.

Özünün dediklərindən

Həbsindən iki həftə sonra ailəsinə ünvanladığı "son vəsiyyət və şəhadətində" Əli Şəriəti yazırdı: "Mən məhbusluq və ədalətsizlik qarşısında boyun əyməyəcəyəm".

İslahatyönlü Kaleme saytı bu vəsiyyəti 2016-cı ilin 15 noyabrında dərc edib.

"Aclıq aksiyasının 15-ci günündə mən yaxınlaşan ölümümü görürəm. Həyat mənə öyrədib ki, bu dünyada uğrunda mübarizə aparmağa dəyən yeganə şey namus və azadlıqdır" - yazıb Şəriəti.

Bundan bir gün sonra o elan edib ki, özünün bir həftədir davam edən "quru aclığını" islahatyönlü fiqurların, tanınmışların və fəalların çağırışına görə dayandıra bilər.

O habelə islahatyönülülərə və mötədil millət vəkillərinə məktub yazaraq mötədil prezident Həsən Ruhaninin tərəfdarı olduğunu bildirib.

O ona qarşı irəli sürülmüş 610-cu maddə üzrə ittihama yenidən baxılması üçün müraciət edib. İran İslam Respublikasının Cinayət Məcəlləsində bu maddə "cinayət törətmək məqsədi ilə toplaşmaqdan" bəhs edir.

O əlavə edib ki, bu maddəyə yenidən baxılması onun kimi bir çoxlarının 5 il həbsxana cəzası almasına son qoya bilər. O xatırladıb ki, Səudiyyə səfirliyinə hücum edənlərə yalnız 6 ay həbsxana cəzası kəsilib.

Başqalarının dediklərindən

Onun anası Şayəste Şəddad Şahidi və bacısı Hoda Şəriətinin azad edilməsi üçün Twitterdə fəal kampaniya aparıblar.

Yandırıcı turşu hücumuna məruz qalmış bir çox qadınlar da fəalın azad edilməsi uğrunda kampaniyaya qoşulublar.

"Mən turşu ilə yandırılmış və daha heç nə görməyən gözlərimlə sənin harayın olacağam" - yazıb bu qadınlardan biri İnstagram səhifəsində.

Başqa Əli Şəriəti

Əli Şəriəti adı İranda indiki heşteq kampaniyasından çox əvvəllər də məşhur olub.

Tanınmış şiə alimi və sosioloqu doktor Şəriəti 1960-cı illərdə çox məşhur idi. O şiəliyin siyasi və sosial baxımdan modernləşdirilməsi nəzəriyyəsini yaratmışdı. Bəzi tarixçilər deyirlər ki, Şəriəti Marksın nəzəriyyəsinə İslam donu geyindirib.

Onun ideyaları İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyniyə yeni siyasi İslam barəsində öz görüşünü formalaşdırmaqda kömək etmişdi. Doktor Şəriətinin bu barədə mühazirələri 1970-ci illərə təsadüf edirdi.

Tehranın ikinci ən uzun küçəsi 1979-cu il inqilabından sonra məhz bu alimin adını daşıyır.