Dağlıq Qarabağda əsgərlər ölüb

Fikrət Bəşirov Fotonun müəllifi APA

Dağlıq Qarabağda atəşkəskin pozulması nəticəsində Azərbaycan və erməni ordularının əsgərləri həyatlarını itirib.

Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, bazar gününə keçən gecə Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələri tərəfindən "mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən" hərbi qulluqçu Fikrət Bəşirov həyatını itirib.

Bazar günü axşamı doğulduğu Astara rayonunun Şahağacı kəndində dəfn edilən Fikrət Bəşirov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Müddətdən artıq hərbi qulluqçu olmuş Bəşirovun 5 gün əvvəl qız övladı dünyaya gəlib, APA yazıb.

Fotonun müəllifi APA
Image caption Azərbaycan ordusunun hərbçisi Fikrət Bəşirov doğulduğu Astara rayonunun Şahağacı kəndində dəfn edilib

Erməni tərəfi Azərbaycan ordusunun hərbçisi Fikrət Bəşirovun erməni tərəfinin atəşkəsi pozması nəticəsində həlak olması haqqında Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını təkzib edib.

Tanınmamış "Dağlıq Qarabağ Müdafiə Nazirliyi" bəyan edib ki, "azərbaycanlı hərbçinin təmas xəttində ölümünün səbəblərini erməni tərəfində axtarmaq lazım deyil".

Eyni zamanda "DQR Müdafiə Nazirliyinin mətbuat xidməti" dekabrın 30-da Dağlıq Qarabağ münaqişə bölgəsində təmas xəttinin şimal-şərq istiqamətində "Azərbaycan hərbi birləşmələri tərəfindən yaralanmış" erməni hərbçisi Qarik Vardanyanın yanvarın 15-də Yerevan hərbi hospitalında öldüyünü bildirib.

Azərbaycan və Ermənistan 1990-cı illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı səbəbilə münaqişə vəziyyətindədir.

Müharibəyə səbəb olmuş münaqişə dövründə 1994-cü ildə atəşkəs imzalansa da, tərəflər tez-tez atəşkəsin pozulmasına dair məlumatlar paylaşır və bir-birini ittiham edir.

Bu barədə daha geniş