N!DA fəalı Elgiz Qəhrəmanlının valideynləri: "günahsızdır"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Həbs edilmiş fəalın anası: "Mən onu çətinliklə böyütmüşəm"

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fəalın atası Camal Qəhrəmanov BBC Azərbaycancaya bildirib ki, övladı "heç nədən" həbs olunub: "Günahsızdır, ona iş düşməməlidir. Ali savadlı uşaq, 9 il Türkiyədə oxuyub, onun nə günahı var?"

Anası Səadət Məmmədova isə deyib ki, "cəmiyyətimizə yararlı adamları basırlar içəri, haqsızlıq, ədalətsizlik nə qədər olar?":

"Mənim balamın heç bir günahı yox idi, nə deyim? Heç nə demirəm, Demək nəyisə dəyişmir. Elə oğlan Azərbaycanda 5 dənə olardısa, biri mənim oğlum idi. Bu savadda, bu tərbiyədə, bu əxlaqda belə bir uşaq.. inanmıram, böyüklərin də uşaqlarında belə bir tərbiyəli, belə bir savadlı uşaq yoxdur. "

Prokuror onun 6 il azadlıqdan məhrum edilməsini istəyirdi. 2016-cı il avqustun 12-si saxlanılan Elgiz Qəhrəmanlı "külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi"ndə ittiham edilib.

Fotonun müəllifi N!DA
Image caption Elgiz Qəhrəmanlı "külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi"ndə ittiham edilib

Onun yaxınları və vəkilləri isə fəalın sosial şəbəkələrdəki fəaliyyəti ilə əlaqədar həbs edildiyini bildirib.

Şah İsmayıl məsələsi

Elgiz Qəhrəmanlının vəkili Fariz Namazlının fikrincə müvəkkili siyasi səbəblərdən həbs olunub.

Ola bilər ki, Elgiz referendum ərəfəsində Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun müsahibəsinə yazdığı şərhə görə həbs edilib. ..çünki həmin dövrdə mətbuatda yazılar gedirdi ki, guya bu referenduma edilən dəyişikliklər [prezidentin oğlu] Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün həyata keçirilir.. və bu vaxt da Əli Əhmədov da müsahibə vermişdi ki, "Şah İsmayıl Xətai də cavan yaşında hakimiyyətə gəlib" və Elgiz də bu barədə xəbəri öz sosial media səhifəsində paylaşaraq yazmışdı ki, "taleyi yox, ömrü oxşasın"."

Vəkilin sözlərinə görə, Elgiz bu statusdan sonra həbs edilib və bu statusa görə döyülüb.

"Elgiz o qədər də statuslar yazmırdı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onun kompüterinə baxış keçirilərkən o status qarşılarına çıxanda onu döymüşdülər", vəkil bildirib.

Fariz Namazlı döyülmə ilə əlaqədar ayrıca şikayət verildiyini, amma məhkəmədə "döyülmə faktının təsdiqini tapmadığını" deyib - "bu işi yekunlaşdırmışıq, Avropa İnsan Haqları Məhkəməsinə göndərəcəyik".

Sentyabrın 26-dakeçirilən referendum nəticəsində prezident vəzifəsinə namizəd üçün tələb olunan minimal yaş həddinin [Əvvəl 35 yaş idi] aradan qaldırılıb.

Vəkil başqa bir ehtimala görə, onun yerli mətubatda N!DA Vətəndaş Hərəkatının başqanı kimi qələmə verilməsi səbəbilə həbs oluna biləcəyini güman edib.

"Biz ehtimal edirik ki, hökümət Elgizi N!DA-nın başqanı kimi görüb və həbs edib, çünki digər fəallar hər zaman Elgizi zarafatla "Elgiz Başqan" çağırırdılar."

Növbəti ehtimalı izah edən cənab Namazlı qeyd edir ki, "Elgizin evində axtarış zamanı rus və türk dillərində olmaqla iki dini ədəbiyyat qoyulmuşdu, amma sonradan o ittihamı vermədilər, ekspertiza bildirdi ki, onlar qadağan olunmuş dini ədəbiyyat deyil. O kitabı niyə onun evinə qoydular və niyə ona bu ittihamı vermədilər, bizə bəlli deyil".

Cənab Namazlı əlavə edir ki, Elgiz həbs olunan dövrdə Azərbaycanda "Fetoçularla" bağlı həbslər həyata keçirilirdi.

Azərbaycanda, Türkiyədə iyunun 15-də baş vermiş çevriliş cəhdində ittiham edilən ABŞ-da yaşayan ruhani Fethullah Gülen tərəfdarı - "Gülençi" və ya "Fetö"çü olduğu iddia edilən bir neçə şəxs saxlanılıb.

Əlaqəli mövzular