Uber ABŞ-da sürücüləri "aldatdığına görə" 20 milyon dollar ödəyəcək

Fotonun müəllifi Getty Images

Taksi sifarişi ilə məşğul olan Uber şirkəti ABŞ-da sürücülərin aldadılması işi üzrə məsələnin həll olunması üçün 20 milyon dollar ödəməyə razılıq verib.

ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) şirkəti sürücülərə vəd etdiyi məbləğdə maaş verməməkdə ittiham edərək bununla sürücülərin itkiyə yol verdiyini bəyan edib.

Uber ABŞ-ın yerli orqanları ilə birgə sürücülərə təzminatın necə ödənilməsi məsələsini həll etməyə raşılaşıb. Şirkət aldadılma faktını təkzib etsə də, sürücülərlə işləmək siyasətini yaxşılaşdırmağa söz verib.

Uber-ə qarşı ittihamlar "Craigslist" elan saytında yerləşdirdiyi reklamla bağlıdır. Belə ki, 2015-ci ilin yanvarından martına qədər saytda elan yerləşdirən şirkət sürücüləri verəcəyi maaşla cəlb etməyə cəhd göstərib.

Məsələn, Bostonda sürücülərə saatına görə 25 dollar təklif olunub. Lakin FTK-nın fikrincə, bu məbləği şəhərdəki sürücülərin hec 10 faizi almayıb. Bundan başqa, Uberin digər reklamında "New-Yorkda sürücülərin illik gəlirlərinin 90 min dolları, San-Franciscoda isə 74 min dolları ötəcəyi" bildirilib.

FTK-nın fikrincə isə reallıqda həftəlik 40 saat çalışan sürücülərin gəliri bundan kifayət qədər azdır. New-Yorkda bu rəqəm 29 min dollar, San-Franciscoda isə 21 min dollar təşkil edir.

Müxtəlif ekspertlər də Uber-in sürücülərə qarşı siyasətini tənqid ediblər. Müstəqil Sürücülər Birliyinin fikrincə, şirkət sürücüləri tibbi sığorta və ödənişli bülletenlə təmin etməyərək əsas yükü onların və verigi ödəyicilərinin üzərinə atır. Belə olan halda sürücü yanacaq, təmir, sığorta və digər xərcləri özü ödəməli olur.