Britaniya mətbuatı: Almaniyada türk imamların evinə reydlər keçirilib

Britaniya mətbuatı

"Financial Times" yazır ki, Almaniya müstəntiqləri bu ölkədə yaşayan dörd türk müsəlman imamın evində axtarış aparıblar.

Xəbərdə deyilir ki, tədbir Ankaranın xaricdəki türkləri güdməsi barədə iddialarla bağlıdır.

Qəzet yazır ki, sözü gedən imamların ABŞ-da yaşayan və prezident Erdoğan tərəfindən ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdinin arxasında durmaqda ittiham edilən Fethullah Gülen tərəfdarlarını güddükləri iddia edilir.

Məqalədə deyilir ki, bu iddialara görə imamlar əldə etdikləri informasiyanı Türkiyənin Kölndəki konsulluğuna ötürürmüşlər.

Berlin Türkiyənin cənab Erdoğanın xaricdəki opponentlərinin təqib etməsinə müqavimət göstərir.

İndiyədək Türkiyənin özündə on minlərlə insan Erdoğanın göstərişi ilə repressiya edilib.

"Financial Times" yazır ki, Erdoğanın hazırkı siyasəti təkcə Berlin-Ankara münasibətlərini gərginləşdirmir, həm də Almaniyadakı türk icmasını Erdoğanın tərəfdarlarına və əleyhdarlarına parçalayır.

Məqalədə deyilir ki, çox güman, Türkiyənin baş naziri Binali Yıldırım şənbə günü Kölndə edəcəyi çıxışda bu məsələni qabardacaq.

O Erdoğana misilsiz səlahiyyətlər verilməsi məqsədilə keçiriləcək referendumda Almaniya türklərinin dəstəyini qazanmağa çalışacaq.

Angela Merkelin hökuməti belə bir səfərə icazə versə də, Ankaraya bildirilib ki, Berlin Türkiyənin daxili siyasi çəkişmələrinin Almaniyaya gətirilməsini arzuolunan hal hesab etmir.

Reydlərə gəlincə isə onlar Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts regionlarında federal prokurorun sanksiyası ilə keçirilib.

Bundan əvvəl prokurorluğa Almaniya türklərindən türk məscidlərində təqib olunmalarına dair çoxsaylı şikayətlər daxil olub.

Almaniyada hazırda 3 milyon türk yaşayır və onların təxminən yarısı Türkiyə vətəndaşıdır.

Almaniya hakimiyyət orqanlarının əsas narahatlığı Türkiyə məscidlərinə nəzarət edən DİTİB adlı təşkilatdandır.

Almaniyadakı bütün müsəlman məscidlərinin üçdə biri və ya 900-ü türk məscidləridir.

DİTİB təşkilatına Türkiyə hökumətinin dini işlər üzrə direktorluğu və ya Diyanet dəstək verir.

Bu hökumət qurumu imamları təyin edir və onların maaşlarını verir.

Almaniya hökuməti ötən ay bildirib ki, Diyanet iyul çevrilişi cəhdindən sonra Türkiyə səfirliklərinə və dini qiurumlarına Gülen davamçıalrı barədə informasiya toplamağı tapşırıb.

Bu xəbərdarlıqdan sonra DİTİB-in baş katibi Bekir Alboğa demişdi ki, bu təlimata yalnız bəzi imamlar əməl ediblər və təşkilat bu səhvdən peşmandır.

Ən böyük türk icmasının yaşadığı Şimali Reyn-Vestfaliyanın rəsmiləri ötən həftə bildiriblər ki, əslində 13 imam 33 türk və 11 təşkilat barədə Ankaraya casus məlumatı göndərib.

Qonşu Reynland-Pfalts rayonunda bu işlə 3 imam məşğul olub.

Almaniya dövlət təhlükəsizliyi - BfV-in başçısı Hans-Georg Maassen ötən ay demişdi ki, Berlin bu sayaq casusluq fəaliyyəti ilə bağlı kəskin etirazını bildirib.

"Biz Almaniya daxilində hansısa kəşfiyyat orqanlarının Almaniyanın maraqlarına qarşı işləməsinə yol verə bilmərik" - deyib Maassen.

"Financial Times" yazır ki, məsələni bir də Almaniya kəşfiyyat orqanları ilə Türkiyə dövlət kəşfiyyatı arasında İŞİD-ə və terrorçuluğa qarşı rəsmi əməkdaşlığın olması qəlizləşdirir.

Lakin Ankara gileylənir ki, Berlin PKK kimi terrorçu qrupların ifşası sahəsində əməkdaşlıqda lənglik göstərir.

Almaniyanın ədliyyə naziri Heiko Maas DİTİB-i rəsmi Ankara ilə bağlarını bir az "boşaltmağa" çağırıb.

Diyanet bu ittihamları rədd edir və bildirir ki, DİTİB tamamilə əlahiddə bir qurumdur.

Donald Trump-ın impiçmentinə əsaslar çoxalır

Fotonun müəllifi George Frey

"The İndependent" yazır ki, Donald Trump-ın impiçment olunması və ya mühakimə edilməsi üçün hüquqi əsaslar getdikcə artmaqdadır.

Buna səbəb onun seçki komandasının Rusiya ilə əlaqələrinə dair yeni məlumatların aşkar olunmasıdır.

Məqalədə deyilir ki, xəbər verildiyinə görə, Donald Trump özünün milli təhülkəsizlik müşaviri Michael Flynn-in Rusiya səfiri ilə danışıqlarda Moskva üzərindəki sanksiyaların qaldırılması məsələsini müzakirə etdiyini, bu xəbər mətbuata çıxandan azı üç həftə əvvəl bilirmiş.

Flynn bu həftə istefaya gedib.

Keçmiş milli təhlükəsizlik müşaviri, Trump prezident vəzifəsinə başlayandan az sonra FTB tərəfindən dindirilib.

Onun Rusiya səfiri ilə danışıqları barədə təhlükəsizlik orqanlarına yalan danışması cənab Flynn-in mühakiməsi ilə nəticələnə bilər.

Prezident Obamanın keçmiş etika vəkili deyib ki, Flynn-in yalan danışdığı isbat edilsə, onu mühakimə etməlidirlər.

Vəkil deyib ki, bundan sonra bu məhkəmə Trump-ı və başqalarını da mühakiməyə darta bilər.

Xəbər verilir ki, Trump-ın köməkçiləri və komanda üzvləri seçkilərə qədər müddətdə dəfələrlə Rusiya hökumətinin və kəşfiyyatının nümayəndələri ilə görüş və danışqıalr keçiriblər.

Bu məlumatlar ABŞ kəşfiyyatının əlində olan telefon danışqılarının yazılarından, bank hesablarından və səfər sənədlərindən bəlli olub.

Bu tapıntılar cənab Trump-ın Rusiya ilə hər hansı əlaqələrinin olmasını inkar etməsi ilə ziddiyyət təşkil edir.

Ağ Evin mətbuat katibi Sean Spicer deyib ki, onun cənab Trump-ın köməkçilərindən kiminsə Rusiya ilə danışıqlarda olduğu barədə məlumatı yoxdur, hərçənd milli təhlükəsizlik müşavirinin Rusiya səfiri ilə danışdığı məlumdur.

Mətbuat katibi israr edib ki, cənab Flynn "etibarı pozduğuna" görə istefa verib.

ABŞ kəşfiyyatı hələlik Trump-ın adamlarından kimlərin Rusiya rəsmiləri ilə təmasda olduğunu konkret şəkildə bildirməyib.

Kəşfiyyat habelə bu təmasların seçkini təsirləndirmək məqsədi ilə aparılıb-aparılmadığını da açıqlamayıb, hərçənd Trump-ın özü seçki kampaniyasında Rusiya prezidenti Vladimir Putinə heyranlığını dəfələrlə elan edirdi.

Demokratlar və bəzi respublikaçılar cənab Trump-ın Rusiya ilə əlaqələrinin dərindən araşdırılmasına çağırıblar.

"The İndependent" yazır ki, araşdırma prezidentin adamlarının Rusiya ilə Hillary Clinton-un seçki kampaniyasına qarşı təxribat törətmək məqsədilə əməkdaşlıq etdiklərini üzə çıxarsa, onda 1799-cu il Logan qanununun pozulmuş olduğu isbat ediləcək. Bu qanun adi vətəndaşların ABŞ və xarici ölkələr arasındakı diplomatik münasibətlərə müdaxiləsini qadağan edir.

Cənab Flynn Rusiya səfiri ilə danışdığı vaxt hələ adi vətəndaş idi.

Lakin bu qanundan indiyədək Kentucky ştatından bir fermer də daxil iki nəfərin 1803 və 1852-ci illərdə mühakiməsi üçün istifadə edilib.

Texas Universiteti Hüquq Məktəbinin professoru Jennifer Laurin deyib ki, cənab Flynn-in həmin maddə ilə mühakimə edilməsi tamamilə ağlabatandır.

Harvard Universitetinin hüquq professoru Laurence Tribe "The İndependent" qəzetinə deyib ki, son açıqlamalar prezidentin impiçmenti üçün əsası gücləndirib.

Professor bildirib ki, Flynn-in tələm-tələs istefaya getməsi bu işə xitam vermir.

Bu arada cənab Trump başqa hüquqi problemlərlə də üz-üzə qalıb.

Artıq bir neçə hüquqşünas prezidenti Ağ Evi "şəxsi ailə biznesinin mənfəət mərkəzinə" çevirməkdə ittiham edir.

Onlar bildirirlər ki, bu halda prezident ABŞ Konstitusiyasının gəlirlər haqda maddəsini kobud şəkildə pozub.

Ədliyyə nazirliyi vəkillərin sorğusuna 60 gün ərzində cavab verməlidir.

Başla qol vurmağın qol vurana zərəri var

Fotonun müəllifi Ryan Pierse

"The Telegraph" yazır ki, peşəkar futbol insanın beynini peşəkar boks qədər zədələyə bilər.

London Universitetinin alimlərinin qənaətinə görə başla oynamaqda mahir futbolçular ağır çəkili boksçular kimi beyinlə bağlı müxtəlif xəstəliklərlə üzləşə bilərlər.

Alimlərin fikrincə, topu başla oynamağın demensiya kimi xəstəliklərlə əlaqəsinin daha dərindən öyrənilməsinə ehtiyac var.

59 yaşında beynin neyrodegenerativ xəstəliyindən vəfat etmiş tanınmış İngiltərə futbolçusu Jeff Astle-ın qızı futbol rəsmilərini bu məsələyə lazımi diqqət yetirməməkdə ittiham edib.

Alimlər 5 peşəkar və bir "həvəskar" futbolçunun beyinlərini təhlil ediblər. Onların hamısı demensiyadan əzab çəkirdilər.

Tədqiqat nəticəsində bəlli olub ki, xroniki travmatik ensefalopatiya (chronic traumatic encephalopathy) xəstəliyi baş nahiyəsinə dəfələrlə zərbələrin dəyməsi nəticəsində yarana bilir. Bu hal adətən demensiyanın başlanğıcı sayılır.

Futbolçuların beynində travmatik enselofatiya halına adi insanlardan 12 faiz çox rast gəlinir.

Futbolçularda demensiya xəstəliyinin artıq 60 yaşlarında, "normal haldan" on il tez inkişaf etdiyi müşahidə olunub.

London Kollec Universitetindən professor Helen Ling deyib ki, belə bir araşdırma keçmiş futbolçuların iştirakilə ilk dəfədir aparılır.

"Futbolçularda boksçularda aşkar edilən eyni patologiyalar üzə çıxır" - deyib alim.

Onun fikrincə, ilkin nəticələr daha əsaslı tədqiqatlarla təsdiq olunarsa, idman rəsmiləri bu barədə lazımi tədbirləri görməyə məcbur olacaqlar.

İngiltərə Futbol Assosiasiyasının səhiyyə rəsmiləri araşdırma nəticələrini ciddi qəbul etdiklərini bildiriblər.

Lakin bir sıra alimlər bu kimi xəbərlərlə futbol həvəskarlarını məyus etməməyə çağırırlar.

Statistikaya görə futbolçuların ömür uzunluğu, orta ömür uzunluğundan daha uzundur.

Axı hər halda futbol da idmandır.