Misir məhkəməsi ölkənin eks-prezidenti Hüsni Mübarəkə bəraət qazandırıb

Fotonun müəllifi Getty Images

Misir ali Apelyasiya məhkəməsi, ölkənin keçmiş prezidenti Hüsni Mübarəkə, ona qarşı 2011-ci ildə baş verən böyük etiraz aksiyaları zamanı etirazçıların ölüm işi ilə bağlı bəraət qazandırıb.

İş üzrə dinləmələr cümə axşamı günü baş tutub. Sonda hakimlər qərara gəliblər ki, ilkin olaraq ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş prezident, ona qarşı atılan ittihamlarda günahsızdır.

Məhkəmə eləcə də, etirazlar əsnasında həyatını itirənlərin yaxınlarının tələbini rədd edib. Tələbdə onlara Mübarək tərəfindən təqdim olunan işlərə yenidən baxılması istənirdi.

Son bir neçə il ərzində Mübarək, sağlamlığı ilə bağlı hərbi xəstəxanaya yerləşdirilmişdi. Buna baxmayaraq, son prosesdə o şəxsən iştirak edib. O, məhkəməyə vertolyotla gətirilib.

Mübarək, 2012-ci ildə ömürlük həbs cəzası alıb. Belə ki, məhkəmə onu 2011-ci ildə dinc aksiyaçılara silahlıların hücumunda günahkar bilib. Lakin, keçmiş prezident hökm ilə bağlı şikayət etmiş və 2014-cü ildə şikayət təmin olunmuşdu.

Nəticədə hökm ləğv edilmiş, lakin bu prokurorluğu qane etməmişdi. Prokurorluq ali məhkəməyə şikayət etmişdi. Bununla bağlı məhkəmə prosesi cümə axşamı günü baş tutub. Məhkəmənin rədd qərarı sondur və şikayət hüququ daşımır.

Mübarək 1981-2011-ci illər ərzində Misirin prezidenti olub. O, 2011-ci ilin qışında başlayan etirazlardan sonra, hakimiyyətdən getməyə məcbur olub. Etirazçılar prezidentin hakimiyyətdən getməsini və iqtisadi islahatlar tələb edirdilər.

Mübarək və hökumətin devrilməsindən sonra, dövlətin idarəsi müvəqqəti hakimiyyətin əlinə keçib. 2012-ci ildə baş tutan prezident seçkilərində isə "Müsəlman qardaşları" qruplaşmasından Məhəmməd Mürsi qalib gəlib.