Kilsədə Pokemon tutan Sokolovskinin məhkəməsindən 10 sitat

Fotonun müəllifi Getty Images
Image caption Bloqer Sokolovski deyir ki, ona real həbsxana müddəti veriləcəyindən qorxurmuş

İsa Məsihi dirilmiş ölüyə - zombiyə və pokemona bənzətməyi, habelə İsanın və Məhəmməd peyğəmbərin varlığını inkar etməyi Yekaterinburq məhkəməsi cinayət əməli hesab edib. BBC-nin Rus xidməti bloqer Sokolovski barədə hökmü təhlil edib.

Cümə axşamı günü Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi Sokolovskini dindarların hisslərinin təhqir edilməsində, təfriqə salmaqda və xüsusi texniki vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilərək üç il müddətinə azadlıqdan şərti məhrum edib.

Ötən ilin avqustunda bloger internetdə bir neçə videoklip yerləşdirib. Kliplərdən birində o, Yekaterinburqdakı "Qan üstündə Məbəd" kilsəsində Pokemon Go oynayır. Başqa kliplərdə isə Rus Pravoslav Kilsəsi barədə tənqidi fikirlər səsləndirir.

Hakim Yekaterina Şoponyak hökmü təxminən iki saat müddətində oxuyub. BBC-nin Rus xidməti hökmdən bəzi fraqmentlərə diqqət yetirib.

Hökmdən 10 sitat:

"[Sokolovskinin videosüjetlərində] Allahın varlığının inkarı yolu ilə Xristianlığa və İslama sitayiş edənlərin hisslərinin təhqiri əlamətləri var."

"...İsa Məsihi dililmiş ölü - zombi kimi təqdim və xarakterizə etməklə Xristianlığa və İslama sitayiş edənlərin təhqir olunmasının əlamətləri."

"...İsa Məsihə pokemon xüsusiyyətlərinin verilməsi ilə o təkcə kompyuter oyununun və ya multiplikasiya serialının qəhrəmanı kimi yox, həm də bestiari nümayəndəsi kimi təqdim edilir".

"... [videokliplərdə] ictimaiyyətdə sarsıntı və etiraz yaratmağa yönəlmiş psixoloji fəndlər var".

"Yuxarıda nəzərdən keçirilmiş videofayllarda dindarların intellektual naqisliyi dəfələrlə təqdim edilib".

"[Sokolovski] İsanın və Məhəmməd peyğəmbərin varlığını inkar edir və beləliklə Cinayət Məcəlləsinin 148-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir".

"[Sokolovski] çoxsaylı sosial qrupları təkcə nitq formasında deyil, həm də üzün hərəkətləri formasında təhqir edib".

"Şəxsin [Sokolovskinin] hərəkətləri məqsədyönlüdür, bu özünü fikirlərin predmetliyi, şəxsin nitq fəaliyyətinin əlaqəliliyi və ardıcıllığı ilə büruzə çıxarır."

[Məhkəmə dinləmələri zamanı Sokolovski] "informasiyanı yeniyetmə maksimalizmi üslübünda verib..."

"...[videosüjetdə] patriarx Kiril alçaldıcı qiymətləndirmənin obyektidir. O təkcə fiziki şəxs kimi deyil, həm də Rus Pravoslav Kilsəsinin başçısı kimi mühakimə edilir".

Fotonun müəllifi DONAT SOROKIN/TASS
Image caption Videobloqer Sokolovski özünə qarşı ittihamları rədd edir.

Axtarış zamanı Sokolovskidən müsadirə olunmuş əşyalar (hökmdən çıxarış)

Cemper və üzərində "Мразь" (rəzil) yazılmış futbol köynəyi

Üstündə "Над вами" (sizin üstünüzdə) yazılmış futbol maykası

Qara rəngli keşiş cübbəsi

Yapışqanlı kağız şəkillər

Sokolovskinin "Niçeqo svyatovo" (Müqəddəs heç nə yoxdur) jurnalları

"Kişi təsviri" olan 58 plakat

"Multiplikasiya (komiks) üslüblu kişi təsviri və yazısı" olan 19 plakat

"Əlində xaç olan kişi təsvirli" 21 plakat

Özüyapışan markalar

Üzərində təsvirlər olan fincanlar

82 plastik döş nişanı

Hökm oxunandan sonra BBC Rus xidmətinə verdiyi müsahibədə bloqer deyib ki, "ən son saniyələrə qədər" ona prokurorluğun tələb etdiyi kimi "real iş" veriləcəyindən qorxurmuş.

"İnternetdəki videokliplərin cəzası real olaraq azadlıqdan məhrumetmə ola bilər, - deyib Sokolovski, - Onu da deyim ki, mən əsas səhvimi anlamışam. Doğrudan da mənim təqdimatım Rusiya cəmiyyəti üçün açıq-saçıq görünə bilərdi".

"Xaricdə, məsələn Amerika məzhəkəçisi Mark Maron zarafatla deyə bilər ki, İsa zombidir. Amma eyni şey barədə Rusiyada zarafat etməyə görə damlaya bilərlər. Mən bundan sonra buna fikir verəcəyəm" - deyib bloqer.