Gözəl Bayramlının həbsi ilə bağlı "narahatlıq və həmrəylik"

Gözəl Bayramlı Fotonun müəllifi OBYEKTİV.TV

Şənbə günü AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı tədbirə toplaşan müxalifət liderləri onun yalnız "AXCP-ə aid məsələ" olmadığını deyiblər.

Toplantıda müxtəlif siyasi təşkilatların rəhbərləri, vətəndaş cəmiyyəti fəalları və mətbuat nümayəndələri iştirak edib. Onların arasında AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı Arif Hacılı da olub.

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

AXCP sədri Əli Kərimli Gözəl Bayramlının həbsini "ağır" adlandırıb.

"Dostum, azadlıqda olan sonuncu müavinim və səhhətində çox ciddi problemlər olan əqidədaşım həbs olunub", o xanım Bayramlı barəsində deyib.

Partiya rəhbəri deyib ki, Gözəl Bayramlı Gürcüstana səhhəti ilə bağlı tez-tez səyahət edib.

Onun sözlərinə görə, xanım Bayramlı "Gürcüstanda 3 dəfə əməliyyat keçirib və tez-tez müalicə alıb.

O, bildirib ki, Gözəl Bayramlı saxlanılarkən onun əlindən həkim resepti ilə, dərmanlar alınıb.

Əli Kərimli müavinini " müxalifət düşərgəsi üçün önəmli siyasətçi" adlandırıb.

Müsavat partiyasının rəhbəri Arif Hacılı çıxışı zamanı deyib ki, Gözəl Bayramlının həbsi yalnız "AXCP-ə aid məsələ deyil".

Cənab Hacılı həbsi "ciddi və mənəvi məsələ" adlandırıb.

O, bildirib ki, həbslə bağlı təşkil ediləcək "ümumi tədbirlərə öz resursları çərçivəsində iştirak etməyə hazırdırlar".

İqtisadçı Qubad İbadoğlu da AXCP sədr müavinin həbsindən "narahat olduqlarını və həmrəylik ifadə etmək üçün tədbirə qatıldıqlarını" deyib.

Fotonun müəllifi REVAN SEYFULLA

Səbail Rayon Məhkəməsinin qərarı ilə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, AXCP üzvləri BBC Azərbaycancaya deyib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan Azərbaycana keçərkən sərhəddə saxlanılıb.

Dövlət Sərhəd Xidməti bildirir ki, Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb".

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci, qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb, qurumun məlumatında qeyd edilir.

AXCP lideri Əli Kərimli onun saxlanılmasını "siyasi sifariş" adlandırıb və əlavə edib ki, Gözəl Bayramlı onun azadlıqda olan sonuncu müavinidir.

Gözəl Bayramlı bu ilin aprel ayında təxminən 5 saata yaxın istintaq idarəsində dindirilib.

Bu barədə daha geniş