Nicat Əmiraslanov apellyasiyadan imtina etməyə “məcbur olunub”

Nicat Əmiraslanov Fotonun müəllifi Nicat Emiraslanov

Polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 30 sutka inzibati həbs cəzası verilmiş jurnalist Nicat Əmiraslanov apellyasiya şikayətindən imtina yazmağa məcbur olunub, onun vəkili bildirir.

"O bizə dedi ki, hələ 18 gün həbsdə qalmalıdır və biz onu başa düşməliyik", deyən vəkil Elçin Sadıqov Turan agentliyinə bildirib.

Onun sözlərinə görə jurnalistin qorxduğu açıq görünürdü, onun əlləri və ayaqları titrəyirdi, dişləri çıxarılmışdı.

Təhqiqatçı jurnalist Xədicə İsmayılova ilə birlikdə şənbə günü Gəncə Apellyasiya Məhkəməsinə baş çəkən Elçin Sadıqova müştərisilə ayrıca danışmağa imkan verməyiblər, o bildirib.

Vəkil Sadıqov, həmçinin Nicat Əmiraslanova təzyiq göstərildiyini qeyd edib.

Xədicə İsmayilova isə bildirib ki, üzərində işgəncə əlamətləri olan jurnalist şikayətindən imtina etməyə məcbur olunub.

"Mən və vəkil Elçin Sadıqov Gəncə Apellyasiya Məhkəməsinə daxil olanda hakimin köməkçisi ona imtina ərizəsini diktə edirdi", - Xədicə İsmayilova Facebook səhifəsində yazıb.

Gəncə məhkəməsilə əlaqə saxlamaq mümkün olmayıb.

Polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilən Nicat Əmiraslanov 22 mayda saxlanılıb. Ertəsi gün Qazax rayon məhkəməsi onun barəsində 30 sutka inzibati həbs cəzası çıxarıb.

Mayın 23-də BBC Azərbaycancaya danışan vəkil Elçin Sadıqov bu qərardan apellyasiya şikayəti hazırlanacağını bildirmişdi.

Müstəqil jurnalist kimi Qazaxda fəaliyyət göstərən Nicat Əmiraslanov N!DA Vətəndaş Hərəkatının üzvüdür. Hərəkat bir qrup gənc tərəfindən 2011-ci ilin fevral ayında Bakıda qurulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş