Silah anbarında partlayışın zərərinin miqdarı "müəyyənləşdirilir"

Müdafiə Nazirliyi Fotonun müəllifi AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFIƏ NAZİRLİYİ
Image caption Müdafiə Nazirliyi silah-sursat anbarında partlayış barədə məlumat yayıb.

Partlayışlar baş vermiş N saylı hərbi hissənin ərazisinə toplanmış silah-sursat əhali və şəxsi heyət üçün təhlükə yaratmır, Müdafiə Nazirliyi məlumat yayıb.

Xızı rayon icra hakimiyyətindən BBC Azərbaycancaya bildirib ki, hazırda ərazidə dəyən zərərin miqdarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

27 avqustda səhər 09:00 radələrində naməlum səbəbdən yaranmış yanğın nəticəsində meydana gələn partlayışda 6 nəfər yaralanıb, eləcə də anbara yaxın ərazilərdə yaşayan sakinlər təxliyə edilib.

Müdafiə Nazirliyi yanğının axşam saat 5 radələrində "lokallaşdırıldığını, yanğın digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alındığını" bildirib.

Azərtac bildirib ki, müvafiq qurumlar partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirib.

Bundan başqa, ötən axşam Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılıb.

Azərtac həmin şəxsin vəziyyətinin sabit olduğunu bildirib.

Agentlik bildirib ki, partlayış yerinə yaxın ərazilərdən köçürülmüş kənd sakinləri "artıq daimi yaşayış yerlərinə qaytarılıblar".

Hadisə nə vaxt baş verib?

27 avqust, səhər 09:00 radələrində baş vermiş partlayış naməlum səbəbdən yaranmış yanğın nəticəsində meydana gəlib, Müdafiə Nazirliyi bildirib.

"Bakı vaxtı ilə saat 13:00 radələrinədək hadisə yerində işləyən 6 şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb. Digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb", məlumatda qeyd olunub.

Hadisədən sonra N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şurabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyə edilərək Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilib.

Hadisə ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin "partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda" və "qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda" maddələri ilə cinayət işi açılıb.

Bundan başqa, prezident İlham Əliyevin göstərişinə əsasən, Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Hadisə ilə əlaqədar Bakı-Quba avtomobil yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Əlaqəli mövzular