Britaniya mətbuatı: Körpələrə çox sayda oyuncaq vermək niyə zərərlidir?

oyuncaq Fotonun müəllifi AFP

Britaniya mətbuatı yazır: Almanlar üçün Trump Rusiya və Şimali Koreyadan daha böyük bəladır, Dünyada ən bahalı həbsxana Səudiyyədəki beşulduzlu oteldir, Körpələrə çox sayda oyuncaq vermək niyə zərərlidir?

Fotonun müəllifi AFP/GETTY IMAGES

Almanlar üçün Trump Rusiya və Şimali Koreyadan daha böyük bəladır

"The Independent" yazır ki, almanlar Donald Trump-ı öz ölkələrinin xarici siyasəti üçün Şimali Koreya, Türkiyə və ya Rusiyadakı avtoritar liderlərdən daha böyük təhlükə hesab edirlər.

Koerber Fondunun apardığı rəy sorğusuna görə, xarici siyasətin qarşılaşacağı ən böyük təhlükələr siyahısında birinci yeri mühacir axını tutur. Almanların 26 faizi ölkənin bu qədər qaçqını dolandırmaq gücünün olduğuna inanmır.

Təhlükələr siyahısında ikinci yerdə Trump və Birləşmiş Ştatlar gəlir. Rəyi soruşulanların 19 faizi bu fikirdədir.

Respondentlərin 17 faizi Türkiyəni, 10 faizi Şimali Koreyanı və 8 faizi Rusiyanı təhlükə sayır.

Trump Ağ Evə gəldikdən sonra ABŞ-ı Paris İqlim Razılaşmasından çıxarmaqla, İranın nüvə sazişinə əməl etdiyinə dair sənədi imzalamamaqla, Almaniyanın ticarət gəlirlərini və NATO-ya kifayət qədər maliyyə töhfəsi verməməsini tənqid etməklə almanları bir xeyli məyus edib.

Trump-ın hərəkətləri, adətən, təmkinli və ehtiyatlı olan kansler Angela Merkeli Almaniyanın bundan sonra ABŞ-a güvənə bilməyəcəyini dilə gətirməsinə səbəb olub.

Xanım Merkel habelə Avropanı öz taleyini öz əllərinə almağa çağırıb.

Oktyabr ayında 1000-dən çox alman respondentin arasında keçirilmiş bu rəy sorğusunda iştirak edənlərin 56 faizi Birləşmiş Ştatlarla münasibətləri "pis" və ya "çox pis" olaraq qiymətləndirib.

Angela Merkelin ölkəsinin beynəlxalq həyatda daha fəal iştirakını istəməsinə baxmayaraq, sorğuda rəyi soruşulanların 52 faizi düşünür ki, Berlin qlobal böhranlardan kənarda qalmalı və İkinci Dünya Müharibəsindən bəri yürütdüyü təmkin siyasətini davam etdirməlidir.

"The Independent" yazır ki, bu rəy sorğusu nə xanım Merkelin, nə də onun siyasi rəqiblərinin ictimaiyyətə Almaniyanın Trump-ın pozucu prezidentliyinə və Britaniyanın Avropa İttifaqından çıxışına necə reaksiya verməli olduqları barədə ideya verə bilmədiklərini göstərib.

Ötən həftə Bundestaqda xanım Merkelin mühafizəklar partiyasnı təmsil edən millət vəkili Norbert Roettgen almanların arasında maarifləndirmə işinin zəif aparılmasını tənqid edib.

O bildirib ki, almanlara öz ölkələrinin müdafiə və təhlükəsizliyi üçün daha çox pul xərclənməli olduğunu izah etmək lazımdır.

Fotonun müəllifi Reuters

Dünyada ən bahalı həbsxana Səudiyyədəki beşulduzlu oteldir

"The Guardian" yazır ki, Səudiyyə Ərəbistanında kral ailəsinin üzvləri də daxil, 159 biznes sahibi Riyadın beşulduzlu otellərindən birində hələ də "girov" saxlanır. Onlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın antikorrupsiya əməliyyatının gedişində saxlanıblar.

Bəzi xəbərlərə görə, "dəbdəbəli həbsxananı" tərk etmək üçün bu adamlardan varidatlarını təhvil vermələri gözlənir.

Bundan əvvəlki xəbərlərdə saxlananların sayının bundan iki dəfə çox olduğu bildirilirdi.

Baş prokuror Səud əl-Mucib çərşənbə axşamı demişdi ki, 320 nəfərə çağırış göndərilib və 376 bank hesabı dondurulub. Prokurorluq bildirir ki, ittihamla əməkdaşlıq edib korrupsiya yolu ilə əldə edilmiş sərvətlərini təhvil verənlər azad olunurlar.

Azad edilənlərin arasında vəliəhdin əmisi oğlu, Milli Qvardiyanın keçmiçş rəisi Miteb bin Abdullahın da olduğu xəbər verilib. O Ritz Carlton otelindən ötən həftə buraxılıb.

"The Guardian" yazır ki, bu otel "dünyanın ən dəbdəbəli həbsxanasına" çevrilib. Bütün krallıq əhalisi kimlərin içəridə olduğu ilə maraqlanır.

Səudiyyə rəsmiləri bu yolla 100 milyard dolların neft qiymətlərinin düşməsi ilə bağlı zəifləmiş büdcəyə qaytarılacağına ümid edirlər. Büdcəyə ağırlıq gətirən həm də Yəməndə aparılan bahalı müharibədir.

Yüksək səviyyədə korrupsiya krallıqda onilliklərdir ki, cövlan edib və bir neçə formada təzahür edir. Bəzi hallarda ictimai layihələr üçün buraxılan pullar qüdrətli şəxslərin ciblərinə axıb və sözü gedən ictimai obyektlər tikilməyib. Bəzi hallarda isə kral ailəsinin üzvləri də daxil biznes rəhbərləri dəyərindən yüksək qiymətləndirilmiş layihələrdən qalan fərqi mənimsəyiblər.

Bəzi şərhçilər bidlirirlər ki, şahzadə Məhəmməd korrupsiya represiyalarını həyata keçirməklə xarici investorları onlardan "şapka" alınmayacağına əmin etmək istəyir.

"O göstərmək istəyir ki, indi bütün işlər sağlam kommersiya təməlində görüləcək. Sövdələşmələr ədalətli və təmiz olacaq" -bir Səudiyyə rəsmisi deyib.

Digərləri isə şahzadə vəliəhdi bu repressiyalarla öz hakimiyyətini gücləndirmək cəhdində günahlandırılar. Deyilənlərə görə, taxt-taca qarşıdan gələn altı ay ərzində sahiblənəcək Məhəmməd bin Salman artıq indidən ölkənin ən qüdrətli fiqurudur. Məsələn, şahzadə Miteb vəliəhdə rəqib ola biləcək olan-qalan azlardan biri idi.

Məhəmməd bin Salmanın korruspiya repressiyaları geniş cəmiyyət tərəfindən alqışlansa da, başqa monarx ailəsi üzvlərinin ondan nümunə götürəcəklərinə ümid azdır.

"Burada Dubay modeli nümunə kimi qəbul edilib. Mütləq monarxiya ləğv olunmur və heç adamlar da bunu istəmirlər, - həmin rəsmi deyib, - Səudiyyə Ərəbistanında həyat hamı üçün dəyişəcək, amma yuxarı elitada elə də böyük dəyişiklik olmayacaq".

Fotonun müəllifi AFP

Çox oyuncaq uşaqları diqqətsiz edir

"The Telegraph" yazır ki, elm valideynlərin onsuz da çoxdan şübhələndiyi bir həqiqəti təsdiq edib.

Çox sayda oyuncağı olan uşaqların diqqəti yayğın olur və onlar oyun zamanı zəruri olan zövqü ala bilmirlər.

ABŞ-ın Ohio ştatındakı Toledo Universitetinin alimləri araşdırma üçün 36 körpəni dəvət ediblər. Uşaqları ayrıca bir otağa salaraq onlara əvvəlcə 4, sonra isə 16 oyuncaq veriblər.

Araşdırma göstərib ki, oyuncaqların sayı az olanda körpələr daha çox yaradıcılıq nümayiş etdiriblər.

Bundan başqa az oyuncaqla uşaqlar bir-birləri ilə daha çox oynamağa, oyunun müddət və məkanını genişləndirməyə meyl göstəriblər.

Tədqiqat müəllifləri bu qənaətə gəliblər ki, valideynlər, məktəblər və uşaq bağçaları uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqların sayını çox da artırmamalıdırlar.

Əslində az sayda oyuncaqla təkrar-təkrar oynamaq uşaqların yaradıcılıq qabiliyyətini artırır. Eyni zamanda az oyuncaq uşaqların diqqətini daha kəskin edir.

"Bu araşdırma körpələrə verilən oyuncaq sayının onların oyun keyfiyyətinə necə təsir göstərdiyini öyrənmək üçün aparılıb, - tədqiqat komandasının başçısı professor Carly Dauch "Infant Behaviour and Development" (Körpə Davranışı və İnkişafı) jurnalında yazır.

Alim qeyd edir ki, uşaqlara verilən oyuncaqların sayı artdıqca, onlarda diqqət yayınması daha tez-tez baş verir.

Professor Carly Dauch yazır ki, "körpəlik çağında uşaqlarda inkişaf prosesi getsə də, onlar hələ diqqətlərinə tam hakim ola bilmirlər".

Tədqiqatın gəldiyi əsas nəticə budur ki, ifrat sayda oyuncaq uşaqların yaradıcılığını artırmasa da, onlarda diqqət yayğınlığının yaranmasına səbəb olur.

"Uşaq bir oyuncaqla daha uzun müddətdə oynayırsa, bu ona həmin oyuncağa daha diqqətli olmaq imkanı yaradır və daha çox yaradıcılıq qabiliyyəti aşılayır" - məqalədə deyilir.

"The Telegraph" yazır ki, britaniyalılar hər il uşaq oyuncaqlarına 3 milyard funt sterlinq xərcləyirlər və bu ölkədə hər uşağın orta hesabla 238 oyuncağı olur. Hərçənd elə valideynlərin öz fikrincə də, uşaq bu qədər oyuncaqdan orta hesabla yalnız 12-nə bağlana bilir. Bu isə onların ümumilikdə malik olduqları oyuncaqların 5 faizindən də azdır.

Lakin oyuncaqların sayı ilə bağlı əvvəllər də elmi araşdırmalar aparılıb. Məsələn, 1990-cı illərdə alman tədqiqatçılar Elke Schubert və Rainer Strick qəribə bir eksperiment keçirmişdilər. Onlar Münhen bağçalarından birində bütün oyuncaqları 3 ay müddətinə yığışdırmışdılar.

Cəmi bir neçə həftədən sonra uşaqların bir-birləri ilə oynaması daha yaradıcı və daha sosial şəkil almışdı. Alimlər sonradan bu tədqiqat barədə "Oyuncaqsız uşaq bağçası" adlı kitab da yazmışdılar.

Başqa bir kitab müəllifi, Joshua Becker də hesab edir ki, uşaq rəflərdə daha çox oyuncağının olduğunu bilirsə, əlində oyuncağa o qədər də dəyər və diqqət verə bilmir.

"Oyuncağı çox olan uşaq təbii ki, onların qayğısına daha az qalacaq, - Becker deyir, - Onlar bu oyuncaqlara dəyər verə bilməyəcəklər, çünki düşünəcəklər ki, bunları həmişə yeni oyuncaqlarla əvəz etmək olar."

Alim bildirir ki, daha az oyuncaq uşaqlara çətin problemlərin həllində qənaətcilliyi və tədbirliyi öyrədir.

Bunlar isə həyatda çox lazımlı vərdişlərdir.