Dəm qazından zəhərləndikləri deyilən jurnalist Əfqan Muxtarlının qohumları dəfn edilib

Əfqan Muxtarlı Fotonun müəllifi ELMİR MİRZOYEV
Image caption Əfqan Muxtarlı (Arxiv fotosu)

Bazar ertəsi jurnalist Əfqan Muxtarlının dəm qazından zəhərləndikləri deyilən yaxın qohumları - bacısı Nuranə Muxtarlı, bacısı qızı və qardaşı oğlu dəfn edilib, jurnalistin qardaşı Elşən Muxtarlı BBC Azərbaycancaya bildirib.

Hadisənin baş vermə səbəbi barədə cənab Muxtarlı bildirib ki, prokurorluq orqanları ona dəqiq səbəbi bir ay ərzində təhlil edəcəklərini deyib.

Elşən Muxtarlı əlavə edib ki, zəhərlənmiş digər uşağın sağlamlıq vəziyyəti normaldır.

Bazar günü Zaqatala şəhərindəki mənzildə qadın və iki azyaşlı uşağın meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zaqatala şəhərinin Saləddin Kazımov küçəsində yerləşən evdə qeydə alınıb.

Məlumata əsasən, həmin evdə kirayədə qalan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə və onun bir azyaşlı övladı, və eləcə də qadının Ramazan adlı qardaşının azyaşlı övladının meyitləri aşkar edilib.

Qeyd olunduğu kimi, ölənlər müxalifətçi jurnalist Əfqan Muxtarlının yaxın qohumlarıdır - həyatını itirən Nuranə Muxtarlı jurnalist Əfqan Muxtarlının bacısıdır, ölən uşaqlar isə onun bacı və qardaşı uşaqlarıdır.

Xəbərdə deyildiyinə görə, hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, və o sağ qalıb.

Bəzi ilkin ehtimallara görə, faciəyə səbəb dəm qazı ola bilər, məlumatlarda bildirilir.

Hadisə ilə bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə daha geniş