Konstitusiyanın "Mülkiyyət hüququ" maddəsinə təklif olunan əlavələr nəyi nəzərdə tutur?

Seçkilərdə səs verən qadın Fotonun müəllifi Getty Images

Müstəqil ekspertlər Konstitusiyanın 29-cu, Mülkiyyət hüququ maddəsinə təklif olunan dəyişiliklərin qəbul olunacağı halda məmurların gələcəkdə onu əmlakı olan, mülkiyyət hüququna sahib insanlar, pay torpağı alan sahibkarlara və kəndlilərə qarşı "sui-istifadə edəcəyindən" ehtiyatlanır.

Təhlilçilərin sözlərinə görə, dəyişiliklərdə nəzərdə tutulan "sosial ədalət" və "torpaqlardan səmərəli istifadə" anlayışları "qeyri-müəyyən" olduğundan - dəqiqləşdirilmədiyindən "nəticədə oliqarxlar deyil, adi insanlar zərər çəkər".

Eyni zamanda bəzi hüquqşünaslar deyir ki, belə bir təklif beynəlxalq təcrübədə var və "təklifdə qeyri-adi bir şey yoxdur".

Referenduma çıxarılacaq Konstitusiya dəyişiliklərində "Mülkiyyət hüququ" maddəsinə iki bəndin əlavə edilməsi təklif olunur.

Bəndin birində deyilir ki, "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur", digərində isə "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər" yazılıb.

BBC Azərbaycancanın əlaqə yaratdığı millət vəkillərinin bəziləri bu təklifləri şərh etməkdən yayınıb, bəzilərindən isə şərh almaq mümkün olmayıb.

Təklif edilən dəyişikliklər

Prezident Əliyev iyulun 18-də, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Konstitusiyasının 23 maddəsinə əlavə və dəyişiliklər, daha 6 yeni maddənin isə əlavə olunması təklif olunur.

Fotonun müəllifi MSK
Image caption Konstitusiyanın "Mülkiyyət hüququ" maddəsinə iki yeni bəndin əlavə olunması təklif olunur

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Sənəddə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur. Təklifə əsasən onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.

Azərbaycanda referendum sentyabrın 26-na təyin edilib.

"Süni problem"

Ekspert Vahid Məhərrəmov deyir ki, bu cür bəndlər hətta Azərbaycan Konstitusiyasına "nisbətən daha mürtəce Konstitusiyası olanlarda belə nəzərdə tutulmur" və gələcəkdə "istənilən halda ciddi problemlər" yaradacaq.

"Bir sahibkar bizneslə məşğul olduğu gündən hökümət onu sosial öhdəliklə yükləyir. Əgər indiyə qədər xahiş edirdilərsə ki, o küçəni abadlaşdır, bu parka kömək et və sair, indi bunu qanuna uyğun şəkildə deyəcəklər ki, sənin sosial öhdəliyin var və buna uyğun da bəzi sosial məsələlərin həllində yardımçı olmalısan", cənab Məhərrəmov izah edir.

Onun sözlərinə görə, sahibkarın "nə qədər sosial öhdəliyi üzərinə götürməsinin hədd-hüdudu bilinmir".

O əlavə edir ki, Nazirlər Kabineti bu öhdəliklərlə bağlı sahibkarın görməli olduğu işlərin qaydalarını tərtib edə bilər. Bu olmayacağı təqdirdə "məmurlar üçün heç bir məhdudiyyət olmayacaq" deyən ekspert "onlar bizneslə məşğul olan sahibkarlara istədikləri kimi sosial öhdəliklə yükləyəcək" qənaətindədir.

Kənd təsərrüfatı üzrə mütəxəssis olan Vahid Məhərrəmov əlavə edir ki, "torpaqlardan səmərəli istifadə" qaydası gələcəkdə kəndlilərə də "problem yaradacaq".

Bir sıra kəndlərdə görüş keçirdiyini deyən cənab Məhərrəmovun sözlərinə görə, kəndlilər su problemlərinin "əvvəllər nisbətən həll olunsa da indi, ümumiyyətlə, həll olunadığını" deyir.

Bunları "süni problem" adlandıran ekspert fikirləşir ki, bunu "kəndlilər torpaqlarından səmərəli istifadə edə bilməsinlər deyə edirlər".

"Suyu yalnız dövlət qurumları təşkil edib verə bilər. Kəndli özünü su ilə təmin edə bilməz. Su olmayanda da kəndli torpağından səmərəli istifadə də bilməyəcək. Bu da əsas verəcək məmurlara ki, onlara irad tutsunlar ki, onlar torpaqlarından səmərəli istifadə etmirlər", deyən ekspert düşünür ki, belə olan halda həmin torpaqlar kəndlilərin əlindən alınacaq.

"Bunda maraqlı olan oliqarxlar var. 30 min hektardan çox ərazisi olan sahibkarlar var. Burada məmurlar arasında yarış gedir, kim daha çox torpaq əldə edə bilər."

"Xəbərdarlıq"

Fotonun müəllifi Courtesy photo
Image caption Təklif olunan bəndlərin beynəlxaq təcrübədə mövcud olduğunu deyən vəkil, Əkrəm Həsənov Azərbaycan Konsititusiyasında bu əlavələrin edilməsinə "pis baxmır"

Hüquq müdafiəçisi Əkrəm Həsənovun ümid edir ki, bu bəndlər qəbul olunacağı halda onun tətbiqində söhbət adi vətəndaşlardan deyil, məhz "əllərində çoxlu torpaq saxlayıb istifadə etməyənlərdən" gedəcək.

Təklif olunan bəndlərin beynəlxaq təcrübədə mövcud olduğunu deyən vəkil Azərbaycan Konsititusiyasında bu əlavələrin edilməsinə "pis baxmır".

"19-cu əsrin əvvəllərində bütün düynada hesab olunurdu ki, mülkiyyət hüququ mütləqdir. Ancaq hardasa XIX əsrin sonu, XX əsrin əvvəlində sırf torpağa münasibət dəyişdi. Qərbin konstitusiyasında mülkiyyətin, xüsusilə daşınmaz əmlakın sosial funksiyası anlayışı yarandı", vəkil İtaliya, Almaniya, Yunanıstan kimi qərb ölkələrin konstitusiyasından nümunələr gətirir.

Cənab Həsənov, qəbul olunacağı halda hansısa dövlət orqanının bu bəndlərdən "sui-istifadə edəcəyini" istisna etmir.

"Bizdə bəzən olur ki, qanunda bir şey yazılıb və onun mahiyyəti də başqadır, amma bəzi dövlət orqanları onu tam əks şeylər üçün istifadə edir. İstənilən halda mülkiyyət hüququ məhkəmə qaydasında alınacaq və vətəndaş məhkəmə prosesində əsaslandırmalıdır ki, niyə torpaqdan səmərəli istifadə etməyib", deyə vəkil "sosial ədalət" və "torpaqlardan səmərəli istifadə" anlayışlarının qanun formasında açıqlanmasının məqsədəuyğunluğundan danışır.

"Mənim tövsiyəm odur ki, kəndlilər torpaqdan hansısa obyektiv səbəbdən istifadə edə bilmirsə, su yoxdur və sair, ən azından dövlət orqanlarına yazsınlar və əllərində də qəbzlərini saxlasınlar ki, biz sizi xəbərdarlıq etmişik. Sabah gələndə desin ki, sizə xəbərdarlıq etmişdim."

"Məhrum edilə bilməz"

Hüquqşünas Fuad Ağayev isə bu maddəyə təklif olunan bəndlərlə bağlı yazdığı bloqunda xüsusi mülkiyyətin kimə aid olunduğuna fərq qoyulmamasına diqqət çəkir.

"Mülkiyyətçilərin əksəriyyəti sahibkar deyil. Məsələn, mülkiyyətində bircə evi, yaxud tək mənzili olan şəxslər. Lakin təklif olunan meyarın qeyri-müəyyənliyi səbəbindən məhz adi mülkiyyətçilərin üzərinə yeni öhdəliklər qoyulmasına cəhd göstərilir".

Cənab Ağayev yazır ki, mülkiyyət hüququnun mücərrəd «sosial öhdəliklər» termini əsasında məhdudlaşdırılması nə Azərbaycanın 2002-ci ildən iştirakçısı olduğu İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya, nə də ona dair olan Protokolun 1-ci maddəsinin tətbiqi təcrübəsinə uyğundur.

"1 saylı Protokolda göstərilib: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır", hüquq müdafiəçisi maddənin məzmunu açıqlayır.

Bu barədə daha geniş