Beynəlxalq tərcüməçilər günü: Azərbaycan tərcüməçilərinin uğur və arzuları

Kifayət Haqverdiyeva Fotonun müəllifi Courtesy photo
Image caption Kifayət Haqverdiyeva 2007-ci ildə Harry Potter kitab seriyasından birini tərcümə edib

Tərcüməçilər müxtəlif olur, kimi sinxron tərcümə ilə, kimi informasiya tərcüməsi ilə, kimi isə bədii əsər tərcüməçiliyi ilə məşğuldur.

Azərbaycanda da bu peşə sahibləri çoxdur. Bəs görəsən Azərbaycan tərcüməçiləri bu sənəti seçdikləri üçün peşiman deyillər ki?

Fədakarlıq tələb edən peşə

Bədii tərcümə ilə məşğul olan Kifayət Haqverdiyeva 2007-ci ildə bu peşəyə gəlib. İxtisasca filoloqdur, 10 ildən artıq müddətdə mətbuatda korrektor, tərcüməçi vəzifələrində işləyib.

O, bütün həyatı boyu yazı işinə həvəsli olduğunu deyir. Lakin illərlə bu həvəsini gizlətməli olduğunu da danmır. Kifayət 90-cı illərdə oxuduğu və çox sevdiyi yazar Herman Hessenin kitablarını Azərbaycan dilinə çevriməyi arzulayıb.

2007-ci ildə Harry Potter kitab seriyasından birini tərcümə etsə də o, tərcüməçilik peşəsinin başlanğıcı kimi 2008-ci ildə tərcümə etdiyi Herman Hessenin "Siddhartha" əsərini hesab edir.

Kifayət bu əsəri tərcümə edib nəşriyyata hədiyyə edib və qarşılığında heç bir vəsait tələb etməyib. Oxucuların çoxu tərcüməni çox bəyənib və hətta kitab ikinci dəfə nəşr olunub.

Müsahibim, Artıq on ildir ki, bədii tərcümə ilə məşğuldur və "Qanun", "Altun", "TEAS" nəşriyyatları ilə əməkdaşlıq edib.

Onlarla bədii əsər və hekayələr tərcümə edən Kifayət Haqverdiyeva bu peşəni çox sevdiyini qeyd edir. O hesab edir ki, bu sahə çox əziyyətlidir və verilən maddi vəsait də çəkilən əziyyətin qarşılığı deyil. Kifayət həm də onu deyir ki, tərcüməçiliyi sevməsən heç bir maddi bağ insanı burada saxlaya bilməz.

"Bu peşə fədakarlıq tələb edir. Məni bu sahəyə bədii dilə, yaradıcılığa olan sevgim, sevdiyim əsərləri tərcümə edərək oxuculara çatdırmaq istəyim bağlayır", o bildirir.

O, tərcüməçilərə verilən maddi vəsaitin az olduğunu bildirir və qeyd edir ki, bu sahəyə dövlət dəstəyinin olmasını arzu edərdi.

Kifayət Haqverdiyevanın sözlərinə görə, ödəniş əsərin həcmindən asılı olaraq dəyişir. Bu günədək ən çox aldığı qonorar isə Herman Hessenin "Muncuq oyunu" əsərinə görə olub. O, bu əsərə görə 2000 manat qonorar aldığını deyir.

Kifayət tərcüməsi çətinliklə üzləşdiyi əsərləri daha çox sevdiyini də qeyd edir.

"Elə tərcümələr var ki, yetərincə primitiv olub. Onları rahat və maraqsız tərcümə adlandırıram. Amma zəngin dil tələb edən əsərləri, yəni dili çətin olanlar üzərində işləmək mənə zövq verir", o bildirir.

Müsahibim gələcəkdə Remarkın və bir sıra rus klassiklərini və çox sevdiyi Herman Hessenin qalan əsərlərini Azərbaycan dilinə tərcümə etməyi arzulayır.

Fotonun müəllifi Courtesy photo

"Texniki işçi"

15 ilə yaxın jurnalist kimi işləmiş, daha sonra tərcüməçilik etməyə başlayan Sevda Səmədova peşəsini sevdiyini deyir.

O, Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsini bitirib və elə universitet illərindən də jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. Sevda övladı doğulduqdan sonra onunla daha çox vaxt keçirmək üçün aktiv jurnalistikadan getdiyini qeyd edir. O, altı ilə yaxındır ki, tərcüməçi kimi işləyir.

"Əsasən məqalə, reportajlar, araşdrımalar, yəni jurnalist yazılarını tərcümə ediriəm. Cəmi 2 bədii kitab tərcümə etmişəm. Birini Azərbaycan, digərini rus dilinə", o deyir.

Sevdanın sözlərinə görə, tərcüməçinin əsas keyfiyyətləri sürətli və nizam intizamlı olmaqdır. "İşi vaxtında təhvil vermək vacibdir", o deyir.

"Bədii tərcümədə əsasən yaradıcılıq qabiliyətin olmalıdır və yazıçının yazdığını hərfi tərcümə etmək yox, düşündüklərini çatdıra bilməkdir. Jurnalsitik tərcümədə isə bədiiliyə varmadan, faktları doğru təqdim etmək vacibdir", deyən müsahibim keçmişdə journalist kimi işlədiyini xatırladaraq belə tərcümələri rahat etdiyini vurğulayır.

Sevda hazırda beynəlxalq təşkilatla əməkdaşlıq edir və qonorar əsasında işləyir. O, aylıq gəlirinin 600-1000 dollar arasında olduğunu bildirir.

Onun sözlərinə görə, Azərbaycan təşkilatları daha az ödəniş edir və tərcüməçiyə texniki işçi kimi baxır.

"Azərbaycanda daha çox iş üçün daha az əmək haqqı təklif edirlər. Bu, əziyyəti dəyərləndirməməkdir", o deyir.

Həm maraq, həm məcburiyyət

Altı ildir yerli infornmasiya agentliklərindən birində tərcüməçi kimi işləyən Vüsal İsayev həm ingilis dilindən Azərbaycan dilinə, həm də əksinə, Azərbaycan dilindən ingilis dilinə tərcümələr edir.

O, əsasən iqtisadiyyatla bağlı informasiyalarla işlədiyini deyir. Vüsal Xarici Dillər Universitetinin beynəlxlaq münasibətlər və Avropaşünaslıq fakultəsini bitirib.

O, tərcüməçilik sahəsinə həm marağının olduğunu, həm də məcburiyyətdən dolayı gəldiyini bildirir.

Vüsal bədii tərcümə ilə də məşğul olmaq istədiyini qeyd edir, lakin o bu prosesi "böyük yük" adlandırır.

O, peşəsindən qazandığı pulun onu qane etmədiyini desə də, əmək haqqısının aşağı olmadığını vurğulayır.

Müsahibimin arzusu gələcəkdə Azərbaycan tarixi romalarını ingilis dilinə tərcümə etməkdir.

Əlaqəli mövzular