Azərbaycan İsraildən Dəmir Günbəz sistemini alıbmı?

Dəmir Günbəz sistemi Fotonun müəllifi JACK GUEZ/AFP/Getty Images
Image caption Dəmir Günbəz raket kompleksi İsrail istehsalı olan havadan müdafiə sisteminin tərkib hissəsidir

Sentyabr ayında Yerevandakı hərbi paradda Rusiyanın İsgəndər raket kompleksi nümayiş etdirməsinin ardınca Azərbaycanın İsraildən Dəmir Günbəz havadan müdafiə sistemi alması barədə məlumatlar yayılıb.

Azərbaycanda yəhudi əsilli millət vəkili Yevda Abramovun verdiyi bu açıqlama Yerevanda şübhə ilə qarşılanıb.

İsrailin Müdafiə Nazirliyi məlumatı şərh etməkdən imtina edib.

Bu arada isə Dəmir Günbəz sisteminin İsgəndər raketlərinə qarşı effektiv olmasına dair suallar ortaya çıxıb.

Ermənistan inanmır

"İsrailin Müdafiə Nazirliyi müdafiə ixracı ilə bağlı silah təchizatının konkret hallarına dair məlumatları şərh etmir", - nazirlik BBC Azərbaycancanın sorğusuna cavabında bildirib.

Azərbaycan arsenalında İsrail zenit-raket sistemlərinin olduğu barədə mətbuata açıqlama verən Milli Məclisin üzvü və Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyir ki, İsrail Müdafiə Nazirliyindən sirr olan məlumatın açıqlanmasını gözləmək düzgün olmazdı.

Image caption Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan Azərbaycanın Dəmir Günbəz raket sisteminə malik olduğu barədə məlumatlara şübhə ilə yanaşır

"Müdafiə naziri onu demir, bu onun sirridir. Amma mən Azərbaycan xalqına müraciət etmişəm ki, bizi heç bir İsgəndərlərlə qorxutmaq mümkün deyil. İsgəndərlərə qarşı Azərbaycan arsenalında strateji müdafiə sistemləri var", - millət vəkli BBC Azərbaycancaya bildirib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan hesab edir ki, Azərbaycan bu Dəmir Günbəz sistemini ala bilməz, çünki Rusiya ilə müttəfiqdir.

"Söhbət "Dəmir günbəz" raketdən müdafiə sisteminin "İsgəndər" raketini tutmaq imkanından gedir. Artıq izah olunub ki, bu kimi sistem Azərbaycanda peyda ola bilməz, lakin əgər bu baş tutsa da, heç nə edə bilməz", - Artsrun Hovhannisyan Facebook hesabında yazıb.

İsrail raket komplekslərinin Bakıya satılması haqqında məlumatlar "istər siyasi, istər hərbi-texniki xarakterli şübhələr doğurur", siyasətşünaslıq üzrə doktor, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan bildirir.

İsrail tərəfindən belə bir sistemin Rusiya və İranla sıx əlaqədə olan Azərbaycan kimi ölkəyə verilməsini təsəvvür etmək çətindir, Minasyan BBC Azərbaycancanın Yerevan müxbirinə deyib.

Lakin Yevda Abramov Azərbaycanın İsrail raket kompleksinə sahib olduğunu israrla təkrar edir.

"Mən 12 ildir ki, parlamentdəyəm. Bu iki ölkə arasında dostluq qrupunun rəhbəriyəm. Mən bu işin içindəyən, xəbərdaram", - millət vəkili deyib.

"Mən İsraillə daima əlaqədəyəm və bilirəm ki, Azərbaycanın hərbi arsenalı Qafqazda ən güclü hücum və taktik silahlara malikdir".

Fotonun müəllifi PRESIDENT.AM
Image caption "İsgəndər" raket kompleksləri sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib

Sergey Minasyan hesab edir ki, Azərbaycanda "Dəmir günbəz" əldə etmək haqqında "şayiələrin yayılması" "İsgəndər" kompleksinin nümayişilə bağlı "yaşanan psixoloji sarsıntının nəticəsidir".

Dəmir Günbəz İsgəndərə qarşı effektivdirmi?

Ermənistanlı ekspert həmçinin "Dəmir Günbəz"-in "İsgəndər" və başqa, məsələn, "Toçka" və "Skad" kimi operativ-taktiki xarakterli raket sistemlərinə qarşı səmərəliliyinin təsdiqlənmədiyini qeyd edir.

Hərçənd ki, bu fikirlə Azərbaycanda razılaşmırlar.

"Azərbaycan Respublikasının hərbi arsenalında, İsrail dövlətinin böyük kəşfi olan Dəmir Günbəz sistemi var ki, strateji raketləri göydə zərərsizləşdirə və onu göydə tuta bilir", - Yevda Abramov hesab edir.

Millət vəkilinin bu fikrinə hərbi icmalçı Üzeyir Cəfərov da şərik çıxır.

"Dəmir Günbəz kompleksi Ermənistana verildiyi iddia edilən İsgəndər E raketlərini neytrallaşdırmağa qadirdir. Onlar 85-90 faiz civarında operativ-taktiki raketləri məhv edə bilir".

Üzeyir Cəfərov deyir ki, Azərbaycan İsraillə Barak-8, Dəmir Günbəz və digər raket sistemləri barədə uğurlu danışıqlar aparıb və bununla da öz hava məkanını tamamilə qorumağa qadirdir.

Aprel ayındakı 4 günlük müharibədən sonra Ermənistanla Azərbaycan arasında əlaqələr daha da gərginləşib.

"İsgəndər" raket kompleksləri sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib.

Azərbaycan mətbuatında deyilir ki, Yerevan, atəş dairəsi 500 kilometr olan son "İskander-M" sistemi yox, daha qısa məsafəli (280-300 kilometr) "İskander-E" kompleksilə təchiz edilib.

Yerevandakı paraddan sonra Azərbaycanın müdafiə naziri bəyan edib ki, yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq Ermənistan ərazisindəki, hədəflərin məhv edilməsinə hazır olmaqla bağlı tapşırıqlar verib.

Nazir xüsusilə vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya sistemləri bu tapşırığı yerinə yetirməyə imkan verir.

Əlaqəli mövzular

Bu barədə daha geniş