Gürcüstanda parlament seçkiləri ərəfəsindəki vəziyyət

Namizədlərin posterləri Tbilisi küçələrində sütunları bəzəyir.
Image caption Bu yaxınlarda keçirilmiş sorğu göstərib ki, gürcüstanlıların yarıdan çoxu kimə səs verəcəyi barədə qərara gəlməyib.

Gürcüstanda iki məşhur siyasi xadim arasında uzun illərdir davam edən münaqişə, şənbə günü ölkədə keçiriləcək parlament seçkilərinə xalqın marağını tükəndirib. Burada yoxsulluq, işsizlik və borclar hökm sürür.

Duelçilərdən biri olan Mixeil Saakaşvili əslində heç ölkədə də deyil. O, hazırda Ukraynada olan mühacir siyasətçidir və 2008-ci ildə Rusiyaya qarşı müharibəni uduzan prezident kimi yadda qalıb.

Onun rəqibi, milyarder biznesmen Bidzina İvanişvili, rəsmən siyasətdə iştirak etmir.

Gürcüstanda seçicilərə çoxlu partiyalar təklif olunur, onların hər biri daha yaxşı həyat vəd edir.

Amma rəqabət cəmi iki əsas partiya arasında gedir: biri milyarderin partiyasıdır, biri isə mühacirin.

"Biz möhtac qalmışıq, təqaüdümüz çox aşağıdır", Tbilisinin mərkəzində yoxsullara verilən pulsuz yemək üçün əri ilə növbədə duran Nana Kotetişvili deyir.

"Bizim böyük şairimiz Vaja-Pşavelanı tanıyırsan? Mənim ərim onun bioqrafiyasının müəllifidir, ərim çox yaxşı tanınmış yazıçıdır, filologiya üzrə elmlər namizədidir - indi bizə bax bir".

Image caption Mixeil Saakaşvili əhaliyə Ukraynada olarkən video bağlıntı ilə müraciət edib.

İyulun 29-da Milli Demokratiya İnstitutunun (National Democratic Institute, NDI) dərc etdiyi rəy soruğsuna əsasən əhalinin 57 faizi hələ ki, qərar verməyib.

Həmin sorğuya görə cənab İvanişvilinin hakimiyyətdə olan Gürcü Arzusu koalisiyası və cənab Saakaşvilinin müxalif Birləşmiş Milli Hərəkatı liderlik edir.

Mixeil Saakaşvili minlərlə tərəfdarına, Ukraynadan videobağlantı ilə müraciət edib və evə qayıdacağına söz verib.

O, 2012-ci ildə keçirilən parlament seçkilərində məğlub olandan sonra vətəndaşlığından məhrum edilib və bir sıra cinayət işi üzrə ölkədə axtarışa verilib.

"Qələbəmizə üç gün qalıb. Üç gündən sonra bir rus oliqarxın eksperimenti Gürcüstanda sona çatacaq".

Fotonun müəllifi Getty Images
Image caption Keçmiş Baş nazir Bidzina İvanişvilinin Rusiya ilə əlaqələri var.

O, 1990-cı illərdə Rusiyada varlanan rəqibi Bidzina İvanişviliyə işarə edir.

Sabiq Baş nazir cənab İvanişvili Gürcü Arzusu üçün kampaniya aparır. Bu, onun təsis etdiyi partiyadır.

Avropa İttifaqı ilə daha yaxın əlaqələr

Bu yaxınlarda televiziyada çıxış edən cənab İvanişvili deyib ki, onun partiyası ölkədə real inkişaf əldə edib.

"Biz 60 000 iş yeri yaratmışıq. Bizim ABŞ ilə güclü əlaqələrimiz var. Avropa bizim həyata keçirdiyimiz islahatlara görə çox məmnundur".

İyul ayında Aİ-Gürcüstan Assosiasiya Razılaşması qüvvəyə minib. Bu razılaşma Gürcüstana sərbəst ticarət üçün şərait yaradır.

Ölkə həmçinin Avropanın əksəriyyətini əhatə edən Şengen zonasına vizasız giriş əldə etməyə yaxınlaşıb.

Amma cənab İvanişvili mənfi kampaniya da aparmaqdan da çəkinməyib.

O, Saakaşvilinin xanımı daxil olmaqla parlament seçkilərinə qatılan opponentləri əleyhinə təbliğat filmini maliyyələşdirib. Əri Ukraynadan videobağlıntı ilə danışarkən Niderlandda doğulmuş Sandra Roelofs parlament seçkiləri üçün kampaniya aparır.

Fotonun müəllifi AP
Image caption Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Roelofs parlament seçkiləri üçün kampaniya aparır

Xanım Roelofs keçmiş Baş nazirin addımlarını "ideoloji sərxoşluq" adlandırıb.

"Mənim yoldaşım mühacirətdədir və öz fikirlərini müdafiə etmək üçün burada olması mümkün deyil. Amma bu o demək deyil ki, mən onun surroqatıyam. Mən özümü ayrı bir adam kimi görürəm, mənim sağlamlıq, ictimaiyyət məsələləri və gender bərabərliyi barədə öz fikirlərim var".

Məşhur opera müğənnisi

Cəmi iki partiya arasında rəqabətdən bezənlər üçün alternativlər çoxdur, məsələn dünyaca məşhur opera müğənnisi Paata Burçuladzenin maliyyələşdirdiyi yeni Xalq üçün Dövlət bloku.

"Mən ulduz karyeramı tərk etdim, ona görə ki Gürcüstandakı vəziyyət kritikdir. Ömrümdə heç vaxt bu qədər yoxsul adam görməmişəm. Ölkəmiz sanki okeandakı lövbərsiz gəmidir - istiqamətimiz yoxdur", o deyib.

Image caption Dünyaca məşhur opera müğənnisi Paata Burçuladzenin fikrincə Gürcüstandajı vəziyyət "kritikdir"

Təqaüdləri artırmaq və sosial yardımı inkişaf etdirmək - bu vədlər builki seçkilərdə populyar olub. Təqaüdçülər başda olmaqla hər kəs vəziyyətinin yaxşılaşmasını istəyir.

"Təqaüdçülərin əksəriyyəti balaca dükanlardan ərzaqları borcla alır", Nana Kotetişvili deyir. "Onlar siyahı saxlayır və biz ayın sonunda, təqaüdlərimizi alandan sonra onlara olan borcumuzu ödəyirik".

Əlaqəli mövzular