Putin II Dünya Müharibəsi barədə mifi müdafiə edir

Filmdən kadr - filmdə qazaxlar, ruslar və digər millətlər dost kimi nümayiş etdirilib Fotonun müəllifi Lenfilm/Panfilov's 28 Men
Image caption Filmdən kadr - filmdə qazaxlar, ruslar və digər millətlər dost kimi nümayiş etdirilib

Sayca işğalçı almanlardan az olan Qızıl Ordu əsgərlərinin qəhrəmancasına mübarizəsini əks etdirən yeni film Kremlin Rusiyanın qürurunu bərpa etmək kampaniyası ilə səsləşir.

Ötən həftə dövlət televiziyası Rusiya prezidenti Vladimir Putinin Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə filmi izlədiyini göstərib.

Verilən aydın mesaj ondan ibarət idi ki, keçmiş SSRİ-nin başqa yerlərindəki gərginliyə baxmayaraq, Rusiya və Qazaxıstan sovet dövründəki dostluq əlaqələrini qoruyub saxlamaqdadır. "Panfilovun 28 adamı" adlı filmin özünə gəlincə, o, kommunist mifi üzərində qurulub.

Fotonun müəllifi Screenshot, 1tv
Image caption Prezidentlər Vladimir Putin və Nursultan Nazarbayev "Panfilovun 28 adamı" filmini izləyirlər

Film 1941-ci ilin noyabrında Moskva ətrafında gedən döyüşlərdə qəhrəmancasına özünü qurban verən şəxslərdən bəhs edir.

Sovet mifologiyasına görə, Qızıl Ordunun 316-cı Atıcı Diviziyasının, əksəriyyəti Qırğızıstandan və Qazaxıstandan səfərbər olunmuş, 28 əsgəri güclənməkdə olan Hitler Vermaxtına qarşı sinə gərirlər.

General-mayor İvan Panfilovun komandanlığı ilə vuruşan əsgərlərin hamısı həlak olur. Ancaq onlar ölənə qədər almanların 18 tankını məhv edirlər.

Həmin 28 əsgər ölümsüzləşdirilib. Onlara ölümlərindən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sovet uşaqları məktəblərdə onların son döyüşü haqda şeirlər əzbərləyib.

Ancaq tarixçilər bu danışılanların doğru olmadığını deyirlər.

SSRİ-nin baş verənlərlə bağlı 1948-ci ildə yekunlaşdırdığı tədqiqatın nəticəsinə görə bu əhvalat Qızıl Ordunun "Krasnaya Zvezda" qəzeti jurnalistinin "təxəyyülünün məhsuludur".

Müxbir hadisələri şişirdib. Dəstənin bir neçə üzvü əslində sağ qalıb. Ancaq bu tədqiqatın nəticələri gizli saxlanılıb.

Ancaq bu hekayənin mövzusu Kremlin dünyaya baxışı ilə səsləşir. Elə bu filmin çəkilişini də qismən dövlət maliyyələşdirib.

Kremlə görə, sovet dövlətini faşizmə qarşı mübarizədə birləşdirmiş II Dünya Müharibəsi bu gün də Rusiyanı Ukraynada baş verənlərin timsalında oxşar təhlüklərə qarşı birləşdirməkdədir.

SSRİ bu müharibədə çox ağır itkilər verib. 20 milyondan çox mülki şəxs və hərbçinin həlak olduğu bildirilir. Ancaq bu say alimlərin arasında mübahisə mövzusudur.

Fotonun müəllifi Getty Images
Image caption İkinci Dünya Müharibəsi veteranları Moskva yaxınlığındakı Panfilovun adamları abidəsinin yanında

Filmdə qazaxlar, ruslar və digərlər millətlərin nümayəndələri ana vətəni qorumaq üçün çiyin-çiyinə vuruşurlar. Bu, Rusiyanın hazırkı xarici siyasət konsepsiyası ilə səsləşir: mərkəzi Moskva olmaqla ümumi dilin birləşdirdiyi vahid "rus dünyası".

Ötən ilin iyununda Rusiyanın Dövlət Arxivinin direktoru Sergey Mironenko tarixi sənədlərə əsaslanaraq demişdi ki, bu hekayə əslində mifdir. Bunu dediyinə görə o, Mədəniyyət naziri Vladimir Medinskinin sərt qınağına tuş gəlmişdi.

Bu ilin martında cənab Mironenko arxivin sədri vəzifəsindən kənarlaşdırılıb.

Fotonun müəllifi Getty Images
Image caption 9 may Qələbə Günü - prezident Putin "tarixin saxtalaşdırılması"na qarşı xəbərdarlıq edir

2013-cü ilin fevralında prezident Putin məktəblərdə vahid standart tarix proqramının tətbiq olunmasını əmr edib. Yeni dövlət "Tarix TV" kanalının təsis olunması da həmin ilə təsadüf edir.

Putinin "rəsmi" tarix siyasətini dəstəkləyənlər hesab edirlər ki, bu, böyük bir dövləti bütöv saxlamaq üçün lazımdır. Tənqidçilərsə bunu keçmişin rəsmi versiyasını qəbul etdirmək cəhdi kimi görürlər.

Putin və digər rəsmilər dəfələrlə "tarixin saxtalaşdırılmasına", yaxud "yenidən yazılmasına" qarşı mübarizənin vacibliyi barədə danışıblar. Onlar II Dünya Müharibəsinin, yaxud sovet tarixinin başqa epizodlarının rəsmi versiyalardan fərqli olan təfsirlərini rədd edirlər.

Putinin atası Leninqrad cəbhəsində ağır yaralanıbmış.

Fotonun müəllifi Getty Images
Image caption Peterburqda İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsinə ənənəvi yürüş

Mədəniyyət naziri cənab Medinski "Panfilovun 28 adamı" filmini müdafiə edib. O deyib ki, "hətta bu hekayə əvvəldən axıradək uydurma olmuş olsaydı belə, Panfilov olmasaydı, heç nə olmasaydı, bu elə bir müqəddəs hekayədir ki, ona toxunmaq olmaz. Bunu edən adamlar iyrənc məxluqlardır."

Rusiya rəsmiləri bundan əvvəl də Rusiya tarixinin müəyyən fəsillərinin müqəddəs olduğunu deyiblər.

2014-cü ilin yanvarında müstəqil liberal "Dojd TV" kanalı sual etmişdi ki, Leninqrad şəhəri nasistlərə təslim olsaydı əhalini xilas etmək mümkün olardımı. Bunu etdiyinə görə kanal hücuma məruz qaldı. Onu Böyük Vətən Müharibəsi veteranlarının xatirəsini ləkələməkdə günahlandırdılar.

Fotonun müəllifi Kommersant
Image caption Məhkəmənin qərarında deyilir ki, Luzgin 1939-cu il sentyabrın 1-də Polşanın alman və sovet qoşunları tərəfindən birgə işğalı barədə səhv məlumatı əks etdirən məqaləni bilərəkdən paylaşıb

2014-cü ildə nasizmə bəraəti qadağan edən qanunun qəbul edilməsi II Dünya Müharibəsi tarixinin ictimai müzakirəsini də məhdudlaşdırıb.

Bu qanun əsasında Uralın Perm vilayətindən olan bloqer Vladimir Luzgin 200 min rubl (3200 dollar) məbləğində cərimlənib. O bu cəzanı müharibə haqda məqaləni Rusiya sosial şəbəkəsi olan VKontakte-də (VK) paylaşdığına görə alıb.

Məhkəmənin qərarında deyilirdi ki, Luzgin 1939-cu il sentyabrın 1-də Polşanın alman və sovet qoşunları tərəfindən birgə işğalı barədə səhv məlumatı əks etdirən məqaləni bilərəkdən paylaşıb.

Prokurorlar bildirirdilər ki, Luzgin sözügedən məqalənin bir çox adamda müharibədə "SSRİ-nin mənfi əməlləri barədə ciddi inam" formalaşdıracağını bilirdi.

Məhkəmə qərarında həmçinin deyilir ki, "kommunistlərlə Almaniyanın Polşaya birlikdə hücum etdiyini, başqa sözlə, kommunizmlə nasizmin səmimi əməkdaşlıq etdiyini" idda etməklə Luzgin tarixi saxtalaşdırıb.

Sentyabr ayında Rusiyanın Ali Məhkəməsi Luzginin cəzasının haqlı olduğunu bildirib.

1939-cu ilin avqustunda nasist Almaniyası ilə SSRİ hücum etməmək haqqında pakt imzalayıblar. Bu sənəd tarixə Molotov-Ribbentrop Paktı adı ilə düşüb. Bu gizli protokola görə tərəflər Polşanı öz aralarında bölüşdürüblər.

Nasist qoşunları Polşaya sentyabrın 1-də, sovet qoşunların isə sentyabrın 17-də, şərqdən hücum ediblər.

Fotonun müəllifi AFP
Image caption Sovet xarici işlər naziri Vyaçeslav Molotov (solda) nasist diktator Adolf Hitlerlə birgə

Ötən il Sverdlovsk vilayətinin rəsmiləri iki Britaniya tarixçisinin, Antony Beevor və John Keegan-ın "nasist təbliğatı ilə dolu olan" kitablarını qadağan ediblər. "Əvvəldən axıradək cəfəngiyyatla dolu olan" bu kitabları ictimai kitabxanalardan yığışdırmaq barədə əmr verilib.

Dövlətin dəstəklədiyi, Putinin şəxsən əvvəlcədən baxdığı "Panfilovun 28 adamı" filmi noyabrda ekranlara çıxacaq. Filmin kassa hitinə çevriləcəyi də istisna edilmir.

Rusların çoxu dövlətin Panfilovun adamları barədə hekayəni uydurduğunu bilmir. Bir çoxları üçünsə bunun fərqi yoxdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş