Sulutəpə və Sabunçu yağış suyundan əziyyət çəkir, Azərsu məsuliyyət daşımadığını deyir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Sulutəpə yağışdan sonra su altında qalıb

Sulutəpə və Sabunçu ərazisində yaşayan sakinlər bazar ertəsi yağmış güclü yağışlardan sonra evlərinin su altında qalmasından şikayətçidir.

Sulutəpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsi və Sabunçu dəmiryol stansiyasının ətrafındakı yaşayış əraziləri güclü yağışlardan sonra kanalizasiya xəttlərindən daşması nəticəsində su altında qalıb.

Sakinlərdən biri Anar Cəfərov BBC Azərbaycancaya ünvanladığı məktubunda "bir metr hündürlüyündə çirkab, yağış suyu üçün bizə qayıq, vertolyot lazımdır" deyə qeyd edir.

BBC Azərbaycanca müxbiri Günel Səfər həmin əraziyə baş çəkib.


12 ildir Sulutəpə qəsəbəsində yaşayan Anar Cəfərov yaşadığı mənzilin həyətini göstərərək "belə yerdə yaşamaq olmaz" deyir. O, küçəyə yığılmış suyun hündürlüyünün 1 metr olduğunu və bir çox evlərdə suyun evin içinə qədər qalxdığını deyir.

Hələ də müəyyən hündürlükdə su qalmaqda olan həyətindəki bir çox ağac zərər görmüş sakin övladlarınını məktəbə gedə bilmədiyini də açıqlayır.

Ərazidə yaşayan digər sakinlər də ya övladlarını yaxınlıqda yaşayan qohumlarınını yanına göndərdiyini, ya da onların məktəbə gedə bilmədiyini deyir.

Cənab Cəfərov dəfələrlə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə və Azərsuya zəng vurduqlarını ancaq heç bir cavab ala bilmədiklərini deyir.

O, ölkə prezidentinə, həmçinin Azərsu, Binəqədi rayon İcra Hakimiyyəti rəhbərliyinə də sakinlərin imzası ilə şikayət ərizəsi ünvanlayıb, ancaq yenə heç bir cavab ala bilməyib.

"Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır. Burda yaşamaq mümükün deyil", o əlavə edir.

Ərazidə yaşayan digər sakin Məlikova Sitarə bu vəziyyətin hər il davam etdiyini vurğulayır.

Sakin Sevinc Ağayeva 12 ildən çoxdur bu qəsəbədə yaşayır. Ərazidə çəkiliş apardığımız zaman onun evinin qarşısına bir yük maşını çınqıl tökürlər. Sevinc xanım bildirir ki, 3 gündür həyətə yığılmış sudan azad olmaq üçün nasos işlədirlər. O, çınqıl ilə həyətdə betonlanma işlərinin görüləcəyini bildirir.

Sulutəpə qəsəbəsində su əvvəlki hündürlüyündən bir az çəkilsə də Sabunçu vağzalı ətrafında yerləşən evlərdə vəziyyət daha acınacaqlıdır.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Sabunçu vağzalı ətrafındakı evlər su altında qalıb

Ərazidə sakinlər hətta uzun çəkmələrlə belə rahat hərəkət etməkdə çətinlik çəkirlər.

Bir çox mağaza və kafelər hərəkət çətinliyi səbəbindən bağlanıb. Sakinlər uşaqlarını günlərdir məktəbə göndərə bilmirlər, bəziləri isə dayanacağa qədər irəliləyə bilmədiyi üçün bir neçə gündür işə getmir.

Bəzi sakinlər isə sadəcə evi tərk edərək qohumların yanında yerləşib.

Evlərinə su dolmuş sakinlər islanmış əşyaları həyətə çıxarıblar. Həm uşaqların, həm böyüklərin ayağında uzunboğaz çəkmələr var.

Ərazidə toplanan yağış suları kanalizasiya töküntüləri ilə qarışıb, üfunət iyi çox kəskindir.

Sakinlər bildirir ki, güclü yağışların ilk günü əraziyə toplanana suyun hündürlüyü bir metr 20 sm olub.

Onlar suyun dövlət orqanlarının işçiləri tərəfindən təmizləndiyini desələr də "bir nəticəsi yoxdur" deyə əlavə edirlər.

Burada 15 ilə yaxəndır yaşayan 88 yaşlı Ağca nənə günlərdi evdən çıxa bilmədiklərindən gileylənir.

Bazar ertəsi yağan güclü yağışlar paytaxtda piyada və avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, kanalizasiya xətlərinin daşaması ilə şəhərin bir çox mərkəzi və kənar küçə və prospektlərində su gölməçələri yaratmaqla da yadda qalıb.

"Biz heç bir məsuliyyət daşımırıq"

Suların təmizlənməsində adı çəkilən Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı adı çəkilən ərazilərdə yağış sularının qarşısının alınması ilə bağlı şəbəkənin olmadığını deyir və bu səbəbdən, qrurmun yaranmış vəziyyətə cavabdeh olmadığını əlavə edir.

"O ərazilərdə yağış sularının kənarlaşdırılması üçün heç bir infrostruktur yoxdur. Kanalizasiya şəbəkəsi yoxdur. Bu səbəbdən biz heç bir məsuliyyət daşımırıq".

Qurum sözçüsü onu da qeyd edir ki, hazırda Bakının mərkəzi küçələrin cəmi 15 faizində yağış drenaj sistemi var və "olmayan infrostruktura görə Azərsu məsuliyyət daşımır".

Binəqədi rayon bələdiyyəsinin sözçüsü Sabir Həsənov da bu məsələ ilə bağlı bələdiyyənin məsuliyyət daşımadığını vurğulayır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin çərşənbə axşamına olan məlumatına görə isə, intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub və nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Nazirlik bildirir ki, aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub və yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri həyata keçirilib.

Bu barədə daha geniş