Girdimançayın rənginin və dadının dəyişməsi "mövsümidir"

yaşıllaşmış Girdimançay Fotonun müəllifi APA
Image caption Girdimançayının suyu və dadı 15 gündən çoxdur ki, çirklənib

Azərbaycanın İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayda suyun rənginin və dadının dəyişməsi hazırkı mövsümlə əlaqlidir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir.

Təxminən 15 gündən çoxdur ki, bu rayonların sakinləri içməli su və suvarma mənbəyi hesab edilən Girdiman çayının çirklənməsindən şikayətlənib, su almağa məcbur olduqlarını qeyd edib.

Nazirlik açıqlayıb ki, aparılan monitorinqlərin nəticələrinə görə, suda kimyəvi və toksik dəyişiklik qeydə alınmayıb.

"Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb, bu isə suyun yaşıl rəngə boyanması və xoşagəlməz iyin yaranması ilə nəticələnib", sözçü İradə İbrahimova APA-ya söyləyib.

Xanım İbrahimova əlavə edib ki, bu fəslin sonunda əksər çaylarda belə problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq.

Yaşıllaşma və bulantı

İsmayıllı rayon icra başçısının müavini Rövşən Ağayev BBC Azərbaycancaya təsdiqləyib ki, çayda suyun bir hissəsinin rəngi yaşıllaşıb, digər hissədə isə bulantı var.

İsmayıllı rayonunun Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsu şəhəri də daxil olmaqla, Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli və Mustafalı kəndlərinin sakinlərinin çayın suyunun rənginin və dadının dəyişməsindən və sudan qeyri-adi qoxu gəlməsindən narahatlıq bildirib.

Sakinlərin yerli mediaya dediyinə görə, çaydan içməli su kimi istifadə etmək, çimmək və paltar yumaq mümkün deyil.

Fotonun müəllifi APA
Image caption ETSN bildirib ki, sudakı dəyişikliklər mövsümidir

Köpüklü su

"On gün əvvəl Girdiman çayı ilə köpüklü su gəlib, sonra isə yaşıl rəngdə çirkli su axmağa başlayıb. Qeyri-adi iyə malik olan bu çirkli su hələ də gəlməkdə davam edir. Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya çamaşırxana və kanalizasiya tullantıları axıdılır", Gəraybəyli kəndi üzrə icra nümayəndəsi Rüstəm Babayev APA-ya deyib.

İcra nümayəndəsinin sözünə görə, kənddə 15-ə yaxın sakin mədə-bağırsağında yaranan problemlə, işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib.

Rövşən Ağayev isə sakinlərin sağlamlığındakı problemin su ilə əlaqədar olmadığını iddia edir.

"Sadəcə əhali arasında təşviş yaranır. Havayla və qidayla əlaqədar yaranan qızdırma və digər xəstəlik nişanələri müşayiət edilən xəstəlik digər kəndlərdə də var."

Sakinlərin suyu almaq məcburiyyətində qalmasına dair məlumatlar var.

Cənab Ağayev isə deyir ki, bələdiyyələrə, ehtiyac yaranarsa su almaq barədə göstəriş verilib.

Oxşar hadisə may ayında da baş verib və həmin zaman da suyun tərkibindən zəhərli maddələr aşkarlanmayıb, icra rəsmisi əlavə edib.

Girdiman çayı Babadağdakı bulaq sularından qidalanır.

Əlaqəli mövzular