Əli İnsanov "məhkumları səhv müalicə etməkdə" təqsirləndirilir

Fotonun müəllifi VOA
Image caption Sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddəti bu ilin oktyabr ayında başa çatır

Sabiq səhiyyə naziri Əli İnsanov həbsxanada ona müraciət edən məhkumları "səhv müalicə etməkdə" təqsirləndirilir, yerli media yazır.

Cənab İnsanova qarşı üç maddə irəli sürülüb, onun vəkili Toğrul Babayev APA-ya bildirib:

  • qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama
  • hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə
  • cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə.

"Əli İnsanov ifadə verməkdən imtina edib", onun vəkilindən sitat gətirilir. "O, irəli sürülən ittihamların heç birini qəbul etməyib. Biz hazırda Qaradağ Rayon Məhkəməsindəyik. Sabiq nazirin Cəzaçəkmə Müəssisəsindən təcridxanaya etap olunması ilə bağlı qərar qəbul olunmalıdır".

Məlumatla bağlı Baş Prokurorluqdan hər hansı şərh almaq hələ ki, mümkün olmayıb. Lakin Baş prokurorluğun sözçüsünə əsasən "Bununla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır, yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək", Trend yazır.

Əli İnsanovun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 2 ildən çox məhkumluq həyatı yaşayan jurnalist Pərviz Həşimli deyir ki, həmin müəssisənin həkiminin "savadına görə heç bir məhkum ona etibar etmirdi".

Fotonun müəllifi APA
Image caption Əli İnsanov 2005-ci ildə keçirilən parlament seçkilərindən öncə həbs olunub

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsindəki insanlar səhhəti ilə bağlı özləri Əli İnsanova yaxınlaşmağa "həvəs göstərirdilər".

"Əli İnsanova tək məhbuslar deyil, orda çalışan zabit və gizirlər də yaxınlaşıb səhhətlərindəki problemi deyirdi. O da müəyyən tövsiyələr verirdi. İnsanlar özləri təşəbbüs göstərirdilər ona yaxınlaşıb məsləhət almağa", Pərviz Həşimli Əli İnsanovun nə vaxtsa resept yazmasının şahidi olmadığını vurğulayır.

Jurnalist əlavə edir ki, məhbusluq dövründə o da bir dəfə sabiq nazirin tövsiyəsindən yararlanıb və ona əməl edəndən sonra "sağalıb".

"Ona hər zaman yaxınlaşmaq olmurdu. O, ordakı həyatını qrafikə bölmüşdü. Boş vaxtı olanda kitabxanada kimsə ona yaxınlaşırdı ki, filan yerim ağrıyır. Yəni başqa o getsin kiməsə yaxınlaşsın.. həmişə ona yaxınlaşıblar", jurnalist müraciət edənlərin ondan razı qalmasından danışır.

Əli İnsanov 2005-ci ildə keçirilən parlament seçkilərindən öncə həbs olunub. O, əvvəlcə dövlət çevrilişində ittiham olunub. Lakin sonradan 2007-ci ildə onun işinə iqtisadi cinayət işi kimi baxılıb və 11 il azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü il martın 14-də birinci instansiya, Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarının ləğv olunması haqda və sabiq nazirin işgəncəyə məruz qalması ilə bağlı mülki iddiasına görə Azərbaycan hökumətinin 10 min manat təzminat ödəməsi ilə bağlı qərar verib.

Ali Məhkəmənin plenum iclasında müzakirəyə çıxarılan qərar sonradan Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Sabiq nazirin həbs müddəti bu ilin oktyabr ayında başa çatır.