Britaniya mətbuatı: “Mən burkininin altından bikini geyinirəm…”

Kürdlərin vurulması hamıya sərfəlidir

"The İndependent" qəzetinin müxbiri Robert Fisk Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsindən söhbət açır.

Fisk yazır ki, "ən nəhayət Türkiyə hamıya düşmən İŞİD-ə zərbə endirir".

Lakin jurnalist dərhal da qeyd edir ki, Suriya və Türkiyədə buna, çətin inansınlar.

"Çox aylardan bəridir ki, İŞİD Cərablusda oturmuşdu. Sultan Erdoğanı narahat edən Amerika tərəfindən silahlandırılmış kürd YPG döyüşçülərinin Türkiyə sərhədi boyunca Cərablusa irəliləməsi olub".

"Başqa sözlərlə o, anti-Əsəd İŞİD-i və anti-İŞİD kürdləri Türkiyənin düşməni adlandırır" - yazır Fisk.

Məqalədə daha sonra deyilir ki, "çar Vladimirin təzə dostu Erdoğana etiraz bildirən yoxdur".

Robert Fisk inanır ki, Türkiyənin həm İŞİD-i, həm də Amerikadan dəstək alan anti-Əsəd kürdləri vurması "Moskva apparatçiklərinə" də sərf edir.

Fisk yazır ki, məhz buna görə də Putin Türkiyənin "bu kiçik müdaxiləsinə" etiraz etməyəcək, çünki onun öz qüvvələri dünənədək Hasəkədə kürdlərə qarşı vuruşurdu.

Məqalədə deyilir ki, sadəcə olaraq YPG-nin ambisiyaları onun özündən böyük olmağa başlayıb.

Bu təşkilat anti-İŞİD müharibəsindən özünə Suriya daxilində muxtariyyət yaratmaq üçün istifadə edir və vətəndaş müharibəsi başa çatmadan Suriyadan mümkün qədər çox torpaq qoparmağa çalışır.

Türklər isə öz sərhədlərində kürd mini-dövlətinin olmasını, suriyalılardan da çox istəmirlər.

Fisk yazır ki, Türkiyənin Suriyaya müdaxiləsində Azad Suriya Ordusu da iştirak edib, lakin bu qüvvə Dəməşqi o qədər də narahat etmir.

Əsəd ASO-nu ciddi hərbi qüvvə hesab etmir və düşünür ki, onlar Türkiyənin əməliyyatında özlərini istədikləri qədər "şəhid" edə bilərlər.

Burkinini kəşf edən məqalə yazıb

Fotonun müəllifi Getty/ Matt King
Image caption Burkininin qadağanından sonra bu geyimin satışı kəskin artıb

"The Guardian" qəzeti xüsusən də Fransanın on beş şəhərində qadağan olunduqdan sonra bütün dünyaya səs salmış burkininin yaradıcısı - Aheda Zanettinin məqaləsini dərc edib.

"Mən burkinini 2004-cü ilin əvvəllərində icad edəndə qadınların azadlığını əllərindən almaq yox, onlara azadlıq vermək istəyirdim" - yazır Zanetti.

Dizayner yazır ki, bu ideya onun ağlına bacısı qızına kömək etmək istəyəndə gəlib. Qız volleybol oynamaq istəyirdi, amma onu komandaya yaxın buraxmırdılar. Çünki hicab geyinirdi.

Həm də hicabda oynamaq o qədər çətin idi ki, qız pörtüb pomidora oxşayırdı, yazır Zanetti.

O qeyd edir ki, həmin vaxt müsəlman qadınlar üçün idman paltarı adında bir anlayış yox idi.

Zanetti yazır ki, burkinini kütləvi istehsala buraxmazdan əvvəl müsəlman icmasında sorğu aparıb. Sorğuya heç kim cavab verməyib. Onda Aheda düşünüb ki, sual vermək yox, ideyanı həyata keçirmək lazımdır.

Bundan sonrası isə asan olub. Kommersiya uğuru baş verib.

Çimərlik burqası

Xanım Zanetti yazır ki, Surf Lifesaving Australia müsəlman oğlan və qızların daha yaxşı inteqrasiyası üçün layihə təklif edəndə, burkini diqqəti cəlb edib.

Məqalədə deyilir ki, burkininin yaradılmasından məqsəd müsəlman qızların buxovlardan azad edilməsi olub. Axı onlar üzgüçülük hovuzlarına gedə, idmanla məşğul ola bilmirdilər.

Zanetti yazır ki, burkini təkcə müsəlman qızlar və qadınlar üçün yararlı deyil. Bunu xristianlar, yəhudilər və hər kəs geyinə bilər. Məsələn, dəri xərçəngi olanlar və ya ondan qorunanlar, doğuşdan sonra bədənlərinin görünməsini istəməyənlər və sair.

"Mən bunun adını burkini qoyanda düşünmürdüm ki, bu, çimərlik üçün burqa olacaq" - yazır Zanetti.

Dizayner qeyd edir ki, o, bütün ömrünü Avstraliyada yaşayıb, lakin həm də müsəlmandır.

Bununla belə Zanetti yazır ki, burqa heç nəyi simvolizə etmir. Onun yazdığına görə Quran və İslam dini, qadınlardan üzlərini örtməyi tələb etmir.

Fransa və Taliban

Məqalədə deyilir ki, Fransada baş verənlər Zanettini kədərləndirir. Dizayner bu qənaətdədir ki, Fransa hakimiyyəti burkininin nəyi simvolizə etdiyini düzgün başa düşməyib. Əslində burkini idman, sağlamlıq və əyləncə deməkdir.

Zanetti yazır ki, burkininin qadağınından sonra daha Fransa ilə Talibanın nə fərqi oldu?

Dizayner qeyd edir ki, burkinini ilk dəfə vannada sınaqdan çıxarıb, bundan sonra üzgüçülük hovuzuna gedib. Daha sonra isə dalğıc maskası ilə suya baş vurub.

"Bu mənim ictimaiyyət qarşısında ilk dəfə suya girməyim idi. Mən azadlığı hiss edirdim. Sanki bütün hovuz mənim idi - yazır Zanetti, - Suya dalmaq dünyanın ən gözəl hisslərindən biridir. Bir də bilirsiniz nə var? Mən burkinin altından bikini geyinirəm".

Fotonun müəllifi Getty Images
Image caption Burkinin dizayneri Aheda Zanetti qeyd edir ki, burkinini ilk dəfə vannada sınaqdan çıxarıb, bundan sonra üzgüçülük hovuzuna gedib. Daha sonra isə dalğıc maskası ilə suya baş vurub.

Dostsuzluq "infarkta səbəb ola bilər"

"The Daily Telegraph" yazır ki, "dostsuz olmaq, siqaret çəkmək qədər ölümcül bir şeydir".

Bunu Harvard Universitetindən olan alimlər deyiblər.

Onların fikrincə, dostsuzluq da siqaret kimi adamı infarkt və ya iflic edə bilər.

Məqalədə deyilir ki, alimlər tənhalıqla damarları tıxayan zülallar arasında bağlılıq aşkar ediblər.

Elmi tədqiqatlardan bəlli olub ki, insanın kimsəsizliyi onun qanında fibrinogen zülalının miqdarını artırır və bu, yüksək qan təzyiqinə, arteriyalarda piy yığılmasına səbəb olur.

Harvard alimləri bu nəticəyə sadə bir üsulla gəliblər. Öyrənilən insanların sosial şəbəkələrinə baxılıb. Bəlli olub ki, insanın dostlarının sayı çox olduqca fibrinogenin miqdarı düşür.

Məsələn aydın olub ki, sosial şəbəkələrdə 5 dostu olanlarda, 25 dostu olanlarla müqayisədə fibrinogenin miqdarı 20 faiz artıq olub.

Bu minvalla dostların sayı 10-12-dən az olduqda bunun təsiri siqaret çəkməyin təsiri qədər olur.

Alimlər bunu belə izah edirlər ki, dostları az olanlar özlərini kövrək və müdafiəsiz hesab etdiklərindən orqanizmlərindəki mənfi proseslərə təkan verirlər.

Dostların sayı

Harvard Tibb Məktəbindən doktor David Kim deyir ki, bunun sayəsində, adamların dostlarının sayına görə onların ürək çatışmazlığı risklərini müəyyən etmək mümkündür.

Alimlər sevinirlər ki, bu kəşf insanların ürək xəstəliklərinə tutulmasının qarşısını almaqda praktik kömək edə bilər.

Bundan əvvəl alimlər bu nəticəyə gəlmişdilər ki, tənhalıq immun sistemin pozulmasına, yüklsək qan təzyiqinə və hətta erkən ölümə səbəb ola bilər.

Bu yaxınlarda York Universitetində aparılmış təcrübə də göstərib ki, tənha adamların iflic və ya infarkt olmaq ehtimalı başqa insanlardan 30 faiz çoxdur.

Tənhalıq xəstəlik kimidir

York Universitetindən doktor Nicole Valtorta deyib ki, bu faktlar sosial münasibətlərin sağlamlıq üçün faydasını bir daha isbat edir.

Yanvar ayında Britaniya Yerli Bələdiyyələr Assosiasiyası bildirmişdi ki, tənhalığa "sağlamlıq məsələsi" kimi yanaşılmalıdır.

"The Telegraph" yazır ki, tənhalıq çox vaxt yaşlı adamların bəlası sayılsa da, Britaniyanın Ruhi Sağlamlıq Fondunun məlumatına görə 18-34 yaşları arasında olanlar özlərini, yaşı 55-dən yuxarı olanlardan daha tənha hiss edirlər.

Lakin Britaniya Ürək Fondunun baş həkimi Mike Knapton deyib ki, bu sahədə daha geniş araşdırmalara ehtiyac var.

Onun sözlərinə görə, bu tədqiqatdan belə çıxmır ki, sosial təcridolunma ürək qüsuruna səbəb olur, lakin sosial faktorların qanımızdakı zülalları təsirləndirməsi maraqlı tapıntıdır?