AXCP üzvü İsmayıl Rəsulov Qaradağ rayonunda saxlanılıb

İsmayıl Rəsulov Fotonun müəllifi Obyektiv TV
Image caption Gözəl Bayramlı deyir ki, İsmayıl Rəsulova yaşadığı Qaradağ rayonunda bundan əvvəl də "kifayət qədər təzyiqlər olub"

AXCP-nin saxlanılan daha bir üzvü, İsmayıl Rəsulov bu gün Qaradağ rayonunda məhkəməyə çıxarılacaq, partiya sədrinin müavini Gözəl Bayramlı BBC Azərbaycancaya müsahibəsində deyib.

"Bu, onun hakimiyyət nümayəndələrini tənqidindən qaynaqlanan bir həbsdir. Qarabağ döyüşçülərinin hüquqlarının müdafiəsi ilə də bağlı həmişə öz sözünü deyən fəal adamlardan biri olub. Çox güman ki, bu addım da onun yazılarından qaynaqlanır", xanım Bayramlı partiya üzvünün sosial şəbəkədə aktiv olduğunu deyir.

Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi cənab Rəsulovun saxlandığını təsdiq edib, Turan agentliyi yazır. Məsələ ilə bağlı DİN-lə əlaqə yaratmaq hələ ki, mümkün olmayıb.

Gözəl Bayramlı deyir ki, Qarabağ müharibəsi iştirakçısı olan İsmayıl Rəsulova yaşadığı Qaradağ rayonunda bundan əvvəl də "kifayət qədər təzyiqlər olub".

Partiya rəsmisinin sözlərinə görə, yaşadığı ərazidə fəallığına görə ona müəyyən problemlər yaradılıb, "dəfələrlə heç bir əsas olmadan evinin işığını kəsiblər" və bir neçə dəfə ona "xəbərdarlıq olunub".

Partiyanın sədr müavini deyir ki, son günlər baş verən həbslər və saxlanmalar Azərbaycan hakimiyyətinin bir neçə müddətdir "partiyaya qarşı başlatdığı repressiyanın davamıdır".

"Bu ölkədə qanunlar işləmir, ayaq altındadır və hakimiyyət də özünə rəqib bildiyi AXCP partiyasının üzvlərinə qarşı total hücuma keçib. Bu uzun illər davam edən siyasətdir və bu gün də davam edir", xanım Bayramlı referendum öncəsi bu siyasətin "daha da aqressiv" olmasından danışır.

AXCP-nin sosial şəbəkə fəalı Qədim Bəkirov, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham olunaraq Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 25 sutka həbs olunub. Partiyanın Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb və onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.