Mübariz Qurbanlı: "Bəlkə dini kitabların yayılmasının pornoqrafiya ilə müqayisəsi kobud görünə bilər..."

Amerikada könüllü sürgündə yaşayan ruhani Fethullah Gülenin Türkiyədə iyul ayında baş vermiş çevriliş cəhdində əli olması barədə iddialardan sonra Türkiyə ilə yanaşı Azərbaycanda da həbslər başlayıb.

Fotonun müəllifi AZƏRTAC
Image caption Mübariz Qurbanlı deyir ki, Zahid Qaralovun kitabına onun sədrlik etdiyi qurum baxmayıb.

Azərbaycan hökumətinin tənqidçiləri deyir ki, hökumətin "gülençi" olmaqda ittiham etdiyi şəxslər onun opponentləridir və onlar haqqında iddialar siyasi məqsədlərlə, təzyiq üçün uydurulub.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, millət vəkili Mübariz Qurbanlı isə deyir ki, bu dini qruplara qarşı mübarizənin bir hissəsdir. Onunla BBC Azərbaycanca üçün İlhamə Qasımlı söhbət edib.

- Dini radikal quruplara qarşı Azərbaycanda həm hüquqi müstəvidə, həm də ideoloji müstəvidə iş gedir və getməlidir.

Müasir dünyamızda din adı altında gizlənərək bəzi quruplar öz məqsədlərinə nail olmağa çalışırlar.

Biz bu dini radikal qrupların ayrı-ayrı islam ölkələrində törətdikləri hərəkətləri görməkdəyik.

O cümlədən, Türkiyədə də Gülen-FETÖ deyilən qruplaşma din pərdəsi, "hizmət", təhsil və maarifçilik adı altında öz siyasi məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə ediblər.

Onlar dövlətin qurumlarına sirayət etmişdilər. Zaman-zaman ayrı-ayrı strukturlara yerləşibər. Və nəticədə 15 iyulda Türkiyədə faciəvi hadisələr baş verdi, xeyli sayda insan həlak oldu.

Bütün bunlar, əlbəttə ki, acı hadisələrdir. Türkiyə hökuməti də həmin çevriliş cəhdində əli olanlarla bağlı cinayət işləri qaldırıb, tədbirlər görür.

Hökumət əlində olan məlumatlara istinad edərək, bu çevriliş cəhdinə hazırda Pennsylvania-da yaşayan Fethullah Gülenin birbaşa rəhbərlik etməsi haqqında fikirlər səsləndirir və onu ABŞ-dan tələb edirlər.

Azərbaycanda dini radikal qruplara qarşı mübarizə gedib. Bu mübarizə istər islam, istər xristianlıq, istərsə də yəhudi dini - fərq etməz - hansı dinin altında müəyyən qruplar ölkədə ictimai-siyasi sabitiyi pozmağa cəhd ediblərsə, dini dözümsüzlük, dini nifrət, dini-irqi ayrıseçkiliyi təşviq edən bu və ya digər hərəkətlərə yol veriblərsə onara qarşı həm hüquqi, həm də ideoloji müstəvidə işlər gedib.

Bizim Komitə bir növ ideoloji qurumdur. Biz hüquqi müstəvidə yox, ideoloji müstəvidə işimizi davam etdiririk.

Hüquqi müstəvidə bizim üzərimizə düşən vəzifələr ölkəyə idxal olan dini ədəbiyyatın beynəlxalq konvensiyalara, bütövlükdə Azərbaycan qanunlarına uyğun olaraq yoxlanılmasıdır.

Biz dini ədəbiyyatın, dini məmulatın idxalı üzərində müəyyən yoxlama işləri aparırıq.

Çalışırıq ki, ölkəmizə ayrı-ayrı dinlər, məzhəb və təriqətlər arasında ayrıseçkiliyi təşviq edən kitablar, disklər, müxtəlif məmulatlar gətirilməsin.

Çünki biz bu gün buna nəzarət etməsək, ölkəyə külli miqdarda həm xristian, həm də islam dini icmalarının radikal qrupları tərəfindən müxtəlif ədəbiyyatlar gətirilə bilər.

Bu da ölkədə dinlərarası, məzhəblərarası, tərqiətlərarası qarşıdurmanı dərinləşdirə, bu yöndə təşviqat aparılması üçün münbit şərait yarada bilər.

Bəziləri deyirlər ki, internet əsrində buna ehtiyac varmı?

Bəli, Azərbaycan, internet məkanı azad olan ölkələrdəndir. Lakin internet üzərindən yayılan bu və ya digər məlumatların mənimsənilməsi, oxunulması ilə, audio və video formasında yayılan təşviqat xarakterli materialların, o cümlədən kitabların təsiri eyni deyil.

Biz, əslində, ayrı-ayrı kitabları "qadağa" termini altında yox, onların ölkəyə gətirilb yayılmasının məqsədəuyğun olub-olmaması haqqında rəy veririk.

Söhbət yalnız FETÖ-çülükdən, Gülençilikdən getmir.

Burda vəhhabiliyin fəal qruplarının yaymaq istədikləri fikirlər və yaxud xristianlığa, yahudiliyə aid radikal dini fikirlər var ki, yaya bilərlər.

Əlbəttə, bu cür adio-video məmulatların ölkədə geniş şəkildə yayılmasına biz rəvac verə bilmərik.

O ki qaldı, FETÖ-çülüklə, Fethullah Gülenlə bağlı. Fethullah Gülen və onun başladığı hərəkatlarla bağlı Türkiyədə cinayət işi qaldırılıb, istintaq aparılır.

Azərbaycanda hələ 2009-cu ildə Dini Komitə rəy verib ki, Fethullah Gülenin dini xarakterli kitablarının Azərbaycanda yayılması məqsədəuyğun deyil.

Həmçinin oxuyun: Prokurorluq: Gülenlə bağlı kitablar "qadağan deyil"

Ekspertlərin rəyinə görə, o kitablarda Fethullah Gülenin din adı altındakı çağırışları, əslində, pərdələnmiş çağırışlardır və burada siyasi hakimiyyət və başqa dinlər, islamın digər məzhəbləri əleyhinə fikirlər var.

Ona görə də bu kitabların Azərbaycanda yayılması məqsədəuyğun olmayıb.

Bizim ölkəmizdə Fethullah Gülenin fikirləri, çağırışları ilə bağlı hər hansı kitab çap olunmayıb.

Çap olunan kitablar biblioqrafik xarakterli və yaxud mədəniyyətə aid olub ki, o da hansısa rəyə ehtiyacı olmayan kitablardır.

Fotonun müəllifi AFP
Image caption Fethullah Gülen Pennsylvania ştatında, könüllü sürgündə yaşayır.

Bizim komitə, yalnız dinlə bağlı olduğu halda kitaba rəy verir. Rəy verir ki, bu, ölkəmizdə yayımlana bilər, ya yox.

Kitablarda dini dözümsüzlüyə, dinlərarası və məzhəblərarası ziddiyyətə gətirib çıxara biləcək çağırışlar varsa, bu çağırışlar olan kitabların ölkəmizə gətirilib yayılması məqsədəuyğun hesab edilməyib və bu da tamamilə beynəlxalq normalara və bütövlükdə qanunlara uyğun bir məsələdir.

Amma Fethullah Gülenin müsahibələri, başqa mövzularda çıxışları ola bilər ki, Azərbaycana gətirilə də, çap olunub yayıla da bilərdi.

-Amma ANS telekanalı Fethullah Gülenlə müsahibə yayımlamaq planında ittiham edilərək bağlandı…

-ANS-lə əlaqədar məsələ tamam fərqlidir. ANS-in müsahibəsi ilə əlaqədər teleradioşurası addım atıb.

O məsələ artıq hüquqi çəkişmə səviyyəsindədir. Bunun dini komitə ilə əlaqəsi yoxdur.

-Prosedur necədir - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir kitabın Azərbaycanda yayılmasının məqsədəuyğun olmadığına dair rəy verdikdən sonra gömrük orqanları onun ölkə ərazisinə gətirilməsinin qarşısını alır?

-Yayılması məqsədəuyğun olmayan kitabların siyahıları var. Biz, əlbəttə ki, bütün dünyada nəşr olunan kitablara nəzarət edə bilmərik.

Tutaq ki, Bibliyanın yeni nüsxəsi çap olunub gətirilir. Ola bilər ki, o kitabin içərisində Bibliyanın ayrı-ayrı hissələrini versinlər, amma ortasında tamam ayrı şey də verə bilərlər.

Və yaxud üzərində Quran-i-Kərim adı yazıb, içərisində ayrı şey də yazıla bilər.

Ona görə də sərhəd-buraxılış məntəqələrində, gömrük məntəqələrində dini xarakterli kitablar ölkəyə gətirilərkən bir nüsxə nümunə kimi ekspertiza rəyinə göndərilir. Və ekspertlər rəy verir ki, həmin kitablar Azərbaycana buraxıla bilər.

Bundan sonra həmin kitablar azad satışa çıxarıla, paylana, yayıla bilər. Bunda heç bir problem yoxdur.

Sual oluna bilər ki, Azərbaycana gətirilən bütün kitablar ekspertizadan keçirilirmi? Yox!

Hansı kitablar ki, siyahı üzrə təqdim olunur, artıq bilinir ki, bu kitablar radikal kitablardır.

Kitab yenidirsə, bu zaman bizim ekspertlər o kitaba çox az zaman içərisində baxırlar.

Əgər həmin kitabda hansısa dini dözümsüzlük, milli, irqi, dini ədavət, məzhəblərarası qarşıdurmaya çağırışlar yoxdursa, həmin kitabı buraxırlar.

Amma məsələn, kimsə Fethullah Gülenin dini xarakterli çağırışlarını audio-video formasında kütləvi şəkildə [ölkəyə] gətirmək istəyir.

Biz çoxkonfessiyalı, tolerant və multikultural ölkəyik. Bizdə konfessiyalararası problem yoxdur.

Əgər o çağırışlarda konfessiyalararası ziddiyyətə yönəlik fikirlər varsa, onun ölkəyə gətirilməsi və yayılması məqsədəuyğun sayılmır.

Burda anormal bir şey yoxdur. Belə də olmalıdır.

Çünki Azərbaycanda minlərlə, yüzminlərlə yeni nəsil var. Düzdür, hamı internet vasitəsi ilə hər şeyi görüb oxuyur.

Amma bir də var ki, çağırışlar məqsədyönlü şəkildə yayılsın.

Onsuz da internet şəbəkəsində bu təbliğat yazılarını qadağan edə bilməzsiniz, onsuz da oxuyan oxuyacaq, niyə açıq şəkildə yaymağa qoymursunuz və s. kimi təklifin məntiqi yoxdur.

Ona qalsa, pornoqrafiyaya da baxmaq istəyən baxacaq. O zaman niyə açıq yayılması qadağandır?!

Bəlkə pornoqrafiya ilə müqayisə kobud görünə bilər, amma dini kitab və vasitələr də beyni zəhərləyirsə, onun açıq şəkildə yayılmasına icazə verə bilmərik. Kim açıq şəkildə oxuyursa özü bilər.

Bəlkə valideyn övladına nəzarət edib bunun qarşısını bir yolla aldı, yeniyetmə yaşında evdə internet imkanlarını məhdudlaşdırdı, məktəbdə təbliğat aparıldı.

Açıq satışa qoyulmaqla, istər radikal vəhhabilik olsun, istərsə də nurçuluğun radikal qanadı FETÖ olsun - ölkə daxilində Fethullah Gülenin böyük, iddialı çağırışlarının yayılmasına rəvac verə bilmərik.

Mən "hizmət" adı altında gizlənmiş qrupun siyasi məqsəd daşıdığını aydın şəkildə görürəm, ona görə də bunları vətəndaş olaraq deyirəm.

-Dini Komitənin 2009-cu ildən fikirlərində "dini dözümsüzlüyü təbliğ etməsi əsas gətirilərək kitab və audio-video vasitələrinin yayılması məqsədəuyğun saymadığı" Fethullah Gülenə Azərbaycanda kitab həsr olunmasına, onun təhsil sektorunda önəmli rolunu davam etdirməsinə hökumət necə olub ki, icazə verib?

-Fethullah Gülenle müsahibə olan bir kitab, və ya dinə aid olmayan neytral xarakterli bir kitab və digər çıxışları Türkiyənin özündə də, dünyada da yayılıb.

Bizdə də bu kitablardan olub. Söhbət dini xarakterli kitablardan gedir. Dini xarakterli olmayan kitablar bizə təqdim olunmur.

Biz adımızdan da göründüyü kimi, dini məsələlərə baxırıq.

O ki qaldı, Fethullah Gülenin məktəblərinə, Azərbaycan müstəqillik qazanandan sonra o məktəblər açılıb.

Bu məktəblərin üzərindən heç kim heç vaxt xətt çəkməyib və deməyib ki, bu məktəblər pisdi.

O məktəblər Azərbaycanda fəaliyyət göstərib, 2014-cü ildən sonra yenə fəaliyyət göstərir, amma dövlət nəzarəti tam öz üzərinə götürüb.

O məktəblərdə təlim Təhsil Nazirliyinin proqramları əsasında olsa da, sonralar belə fikirlər ortaya çıxdı ki, baxmayaraq ki, təhsil prosesi üzərində nəzarət var, şagirdlərin tərbiyəsində, yetişdirilməsində və sairdə bəzi ideyaları onlara tədricən aşılamaq cəhdləri var.

Bunlar məlum olanda həmin qrupların orda birbaşa nəzarət etməsi aradan qaldırıldı və dövlətin tam nəzarəti altında o məktəblər fəaliyyət göstərir.

İndi məlum olur ki, bunlar uzaqgedən hədəflər seçib və ideoloji baxımdan şagirdlər yetişdirmək, onları tədricən dövlət strukturlarında yerləşdirmək xarakterli işlər nəzərdə tutublar.

Azərbaycan da profilaktik, qabaqlayıcı tədbirlər görüb. Və bu addımlar Türkiyədəki hadisələr baş verməmişdən öncə atılıb.

Din vasitəsi ilə Azərbaycana bu və ya digər formada daxil olub, Azərbaycan cəmiyyətinin içərisində yuva qurmaq, istinad nöqtəsi yaratmaq cəhdləri var ki, bu cəhdlər müxtəlif istiqamətlərdə müşahidə olunur.

Bu müşahidə nəticəsində də biz vaxtaşırı rəylər verib, təhlillər aparıb qabaqlayıcı tədbirlər görülməsini məqsədəuyğun hesab edirik. Ona görə də zamanında aparılan təhlillər nəticəsində məlum olub ki, Fethullah Gülen tərəfdarları hizmət, maarifçilik, təhsil adı altında burda uzaq hədəfləri müəyyənləşdiriblər.

Ona görə də qabaqlayıcı tədbirlər görülüb - əvvəl kitablarının çıxışlarının yayılması məqsədəuyğun sayılmadı, sonra məktəblər üzərində dövlət öz nəzarətini həyata keçirdi.

FETÖ-nün, terrorçu və müxtəlif məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl atmaq niyyətində olan qrupları ilə bağlı siyasi dairələr də ortaya çıxır ki, onunla hüquq-mühafizə orqanları məşğuldur.

-Azərbaycan hakimiyyətində Gülen tərəfdarları nə dərəcədə aktivdirlər? Onların təsir imkanlarını necə qiymətləndirirsiniz? İki il əvvəl Prezident Adminstrasiyasının şöbə müdiri Elnur Aslanovun Fethullah Gülenlə əlaqələrdə günahlandırılaraq vəzifəsindən uzaqlaşdırılması ilə müşaiyət olunan bir dalğa oldu. Sonra o, dövlətin başqa bir strukturunda məsul vəzifəyə keçirildi.

-Qəti deyə bilərəm ki, Azərbaycanda nəinki gülençilərin, digər siyasi və ya dini-ideoloji qurupların ölkənin ictimai-siyasi həyatına, onun konstitusiyon quruluşuna qarşı fundamental təhlükə törətmək imkanı yox dərəcəsindədir.

Onlar əsaslı şəkildə bizim sistemimizə, inkişafımıza, milli birliyimizə xələl gətirmək imkanına malik deyillər.

Bunun da başlıca səbəbi odur ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti azərbaycançılıq ideyasının tam tərəfdarıdır.

Azərbaycançılıq dinimizi də, mədəniyyətimizi də, dövlətçiliyimizi də, gələcəyimizi də özündə birləşdirir.

Azərbaycançılıq dedikdə, Azərbaycan dövlətini və bu dövlətin gələcək nəsillərə güclü şəkildə ötürülməsini nəzərdə tuturuq. Azərbaycan xalqı dövlətinə, müstəqilliyinə sadiqdir.

Ona görə də ölkəmizdə həm radikal islamçıların apardığı təbliğat, həm Fethullah Gülen və onun nurçuluq qrupunun və ya Qərbin demokratiya pərdəsi altında apardığı təbliğat bizi bu müqəddəs yoldan döndərə bilməz.

Bu cür təhlükələrin qabağını almaq üçünsə xalq həmişə hakimiyyətə və dövlətə dəstək verir və bundan sonra da verəcək.

Biz imkan versək, göz yumsaq və laqeyd qalsaq, sabah həmin radikallar ölkənin müxtəlif yerlərinə sirayət edə bilər.

Dövlət qurumlarında çalışan məmurlar yüzdə yüz dövlətə sadiq insanlardır və onları hansısa dini əlamətinə, hansısa qrupa görə bölmək qeyri-mümkündür.

Bu gün İlham Əliyevin komandasında olanların içərisində hansısa qrupa, quruma, cərəyanlara xidmət edənlər yox dərəcəsindədirlər.

Bu cür adamlar ortaya cıxdıqca isə komandadan uzaqlaşdırılması an məsələsi olur.

-AXCP fəallarının həbsinə səbəb olmuş "Fethullah Gülenle 11 gün" kitabı qadağan olunmuş dini kitablar siyahısındadırmı?

-Mən bildiyimə görə, bir neçə AXCP fəalı saxlanılıb və onlarda xeyli sayda çağırışlarla dolu olan disklər aşkar edilib.

Onların yayılması məqsədəuyğun olmayan kitabları, çağırışları, diskləri böyük miqdarda yaymaq məqsədi olub.

O kitab və disklərdə milli-dini ədavəti qızışdırmaq, o cümlədə dini dözümsüzlük elementləri olan fikirlər olub.

-Respublika prokurorluğunun rəsmi açıqlamasında adı çəkilən "Fethullah Gülenle 11 gün" kitabı qadağan olunmuş dini kitablar siyahısındadırmı?

-Mən siyahıları əzbər bilmirəm. Bu kitab ekspertiza rəyinə indi verilib. O hansısa yolla qeyri-qanuni sərhəddən keçirilib gətirilən kitablardandır. Hələ ki ekspert rəyi verilməyib.

Sizə bir məsələni deyim: kitab sərhəd-keçid məntəqəsində vətəndaşdan götürülür. Müxtəlif dillərdə ola bilər.

Ekspert qrupumuzda ingilis, ərəb, fars, türk, rus dili üzrə mütəxəssislərimiz var. Oxuyurlar, baxırlar. Özü də o rəy şifahi qaydada verilmir.

Əsaslandırılmış rəy verilir. Səhifələrlə, sitatlarla verilir. Nəyə görə, nəyi təhrif edib. Qurani-Kərimimi təhrif edib, peyğəmbərlərə sataşan fikirmi var. Başqa dinlərə yönəlik qızışdırıcı çağırışmı var?

Və yaxud dinlərarası, məzhəblərarası savaşa çağırışmı var? Biz bu rəyləri dini təbliğat vasitəsini ölkəyə gətirmək istəyən şəxsin özünə də veririk. Çünki bunlar nəticə etibarı ilə qarşıdurmaya gətirib çıxara bilər.

Dediyiniz kitabla ("Fethullah Gülenle 11 gün") bağlı şöbə müdirimiz dedi ki, sərhəddən qanunsuz keçirilmiş kitablardan sayılır. Ekspertler hələlik oxuyurlar.

Sonra rəy verəcəklər ki, bu, yayılması məqsədəuyğun olan kitabdır, ya uyğun olmayan kitabdır.

Gülençilər tamam başqa bir istiqamətdə işlərlə məşğul olurlar. Bunların araşdırılması gedir.

Əvvəl də olsa idi bu kitabları sərhəddə saxlayardıq, qoymardıq yaymağa.

-Hakimiyyətin opponentləri Faiq Əmirovun həbsinə səbəb olmuş kitablardan birinin redaktorunun baş prokuror Zakir Qaralovun əmisi, YAP-in yaradıcılarından Zahid Qaralov olduğunu əsas gətirirlər.

-O kitab ki deyirlər - rəhmətlik Zahid müəllim rəy verib, ön söz yazıb və ya redaktorluq elədiyini dəqiq bilmirəm - ümumiyyətlə, dinə aid kitab deyil.

Yəni o kitab rəyə verilən kitablardan deyil. Mədəniyyətdən və sairdən olan kitabdır.

Rəhmətlik Zahid Qaralov təhsillə bağlı olan adam idi, universal şəxsiyyət olub. Müxtəlif kitablar yazıb. Görünür, o kitabı ona gətiriblər, o da rəy verib.

O kitab dinə aid olsa idi, bizim komitəyə göndərilərdi. Bizim komitəyə gondərilmədiyi üçün, deməli dinə aid deyil.

İslamın digər radikal qruplarla bağlı kitabları da ola bilər ki, dinə aid, dini çağırış olmasın. Biblioqrafik və ya mədəniyyətin problemləri ilə bağlı ola bilər.

O zaman belə kitablara rəy verməyə ehtiyac olmur.

Biz demirik ki, Fethullah Gülen bütün moizələrində, çağırışlarında dinlərlə bağı fikirlər səsləndirib.

Onun çıxışlarının içərisindən seçmələr edəndə ekspertlər deyir ki, bunu yaymaq olmaz.

Rəhmətlik Zahid Qaralovun adı hallandırılan kitab dinə aid olmayan kitabdır, sırf mədəniyyətlərarsı dialoqla bağlıdır.

Saxlanılan şəxslərdən müsadirə olunmuş kitabların içində o kitabın adı ümumiyyətlə yoxdur. Ekspertizaya belə bir kitab təqdim olunmayıb.

-Yayılması məqsədəuyğun olmadığı ilə bağlı rəy verdiyiniz kitabların mağazalarda satılıb-satılmaması ilə bağlı monitorinq aparırsınızmı?

-Dini etiqad azadlığı haqqında qanuna görə, biz vaxtaşırı olaraq dini kitab və dini məmulatların satışını həyta keçirən mağazalarda monitorinq aparırıq.

Bilin ki, dini məmulat və kitab satışı məntəqələrinin fəaliyyəti ilə bağlı lisenziyanı da biz veririk.

Bu cür tədbirləri keçirəndə də, aktlaşdırırıq və bunun əsasında cərimələr tətbiq edilir, mağazanın lisenziyası geri alınır.

-Hazırda kitab mağazalarında Fethullah Gülenin kitablarından satılırmı?

-Əgər monitorinq zamanı ölkəyə gətirilməsinə icazə verilməyən kitabın satışı müəyyən edilərsə, müsadirənin həcmindən asılı olaraq, cərimədən tutmuş, cinayət məsuliyyətinə cəlb olunmaya qədər cəza tətbiq edilə bilər.

Bizim hər gün mağazaları yoxlamaq imkanımız olmur. Yoxlamalarımız reyd xarakteri daşıyır.

Yayılması məqsədəuyğun olmayan kitablar, satış məntəqələrində demək olar ki yoxdur. Əgər varsa, üstü açıla bilər.

Əlaqəli mövzular

BBC-nin digər saytlarında