Əli Kərimli: "istəsələr kitabdan bizim rəfimizə ata bilərlər"

AXCP sədri Əli Kərimli
Image caption Fəthullah Gülen bizim hökumətimiz üçün sevimli olanda da onun hərəkatına bizim münasibətimiz tənqidi olub, AXCP sədri Əli Kərimli deyir

"Əminliklə deyirəm, mənim evimdə, kitab rəfimdə, kompüterimdə, maşınımda nəinki Gülenlə bağlı, ümumiyyətlə qeyri-qanuni heç bir şey yoxdur və əgər sabah nəsə elan etsələr bilin ki, özləri qoyublar", AXCP partiya sədri Əli Kərimli BBC Azərbaycancaya müsahibəsində deyib.

Əli Kərimli: "istəsələr kitabdan bizim rəfimizə ata bilərlər"

"Fethullah Gülen bizim hökumətimiz üçün sevimli olanda da, onun ardıcılları Azərbaycan hakimiyyətində önəmli yeri tutanda da onun hərəkatına bizim münasibətimiz tənqidi olub. Ona görə də hər hansı bir əlaqədən, kitablarından söhbət gedə bilməz", partiya sədri vurğulayır.

Türkiyədə iyunun 15-də baş vermiş çevriliş cəhdindən sonra Azərbaycanda "Gülençi" olduğu iddia edilən şəxslər saxlanılıb. Hökumət deyir ki, saxlanılan AXCP fəallarının maşınından içərisində Fethullah Gülenin moizələri olan disklər və kitablar tapılıb.

Bu arada Turan agentliyinin "məlumatlı mənbə"yə istinadla yazdığı xəbərdə deyilir ki, Azərbaycan rəhbərliyində "bəzi qüvvələr Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbs edilməsini və zərərsizləşdirilməsini istəyir"

"Açıq-aşkar təbliğat"

AXCP sədri Əli Kərimli deyir ki, hökumət mətbuatı "açıq-aşkar təbliğat aparır ki, xalq cəbhəsi, onun lideri gülençilərlə əlaqələndirilsin" və bu, "ona qarşı məqsədyönlü kampaniyanın olduğunu" düşünməsinə əsas verdiyini vurğulayır.

"Əgər hökumət hesab edir ki, indiki vəziyyətdən çıxış yolu Əli Kərimlini həbs etməkdir, buyursun etsin, mən gözləyirəm və heç bir narahatlığım yoxdur. Təki bu günahsız cəbhəçilərdən əl çəksinlər. Hər gün bir cəbhəçinin həbsi haqqıdna xəbəri eşitmək istəmirəm", deyə partiya sədri özü ilə bağlı deyil, son həbslərdən narahat olmasını dilə gətirir.

3 aylıq həbs olunun partiyanın iki üzvünə qarşı irəli sürülən ittihamları "qondarma" adlandıran cənab Kərimli sözlərinə əlavə edir ki, Fethullah Gülenlə "bizim hansısa formada əlaqəmiz olmayıb, kitablarını oxumamışam".

"Prinsipcə, istəsələr gəlib həmin o Faiq bəyin maşının yük yerinə qoyulan kitabdan bizim kitab rəfimizə də ata bilərlər, nəzəri çəhətdən. Mənim evimdə elə bir kitablar necə ola bilər? Prinsip və dəyərlər etibarilə biz tamamilə fərqli qüvvələri təmsil edirik", partiya sədri "biz [Fəthullah Gülen və Əli Kərimli] ümumiyyətlə fərqli dünya görüşlərinin adamlarıyıq" deyir.

Son bir neçə gün ərzində AXCP üzvlərindən 6 nəfər saxlanılıb. Onlardan ikisi, Fuad Əhmədli və Faiq Əmirli "Fetullah Gülenin rəhbərlik etdiyi "Hizmət hərəkatı"nın Azərbaycanda "fətullahçılığı" təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də başlanan cinayət işi ilə bağlı barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Digər dörd nəfərə 25-30 sutkalıq həbs cəzası verilib. Sonuncu belə həbs cümə axşamı partiyanın Qaradağ rayon üzvü, Qarabağ müharibə iştirakçısı İsmayıl Rəsulov barəsində seçilib.

"Qorxu"

Cənab Kərimlinin fikrincə, Azərbaycan höküməti "azad rəqabətə, yarışa hazır olmadığına görə partiyaya qarşı belə bir kompaniyanı aparır və rəqabət aparmaqdan qorxur" və buna görə də partiya məhbusların "sayını artırırlar".

O düşünür ki, Azərbaycan höküməti "əsl təhlükəni özündən uzaqlaşdırmaq üçün Fethullah Gülenle əlaqədə olan adamları öz ətrafında himayə etməkdən ötrü bu qondarma kampaniyanı başladıb".

"Baxın bu kampaniyadan əvvəlki həbsləri də nəzərə alanda hazırda yalnız AXCP-dən 14 nəfər siyasi məhbus var. Hansı sivil ölkə belə bir şey edir", partiya sədri sual edir.

Millət vəkili Asim Mollazadə isə deyir ki, hökumətin istəyi bu istiqamətlə olan istənilən araşdırmanın şəffaf keçirilməsi və ictimaiyyəti yetərincə məlumatla təmin etməkdir.

"Hər bir proses şəffaf hüququn aliliyi çərçivəsində həllini tapmalıdır", cənab Mollazadə vurğulayır.

Cənab Kərimlinin sözlərinə görə, partiyada yaranmış vəziyyət və üzvlərin həbsinə görə Böyük Britaniya və ABŞ-ın Azərbaycandakı səlahiyyətli səfirləri ilə partiyanın görüşləri olub və bu "görüşlər davam edəcək".

Bu barədə daha geniş