Britaniya mətbuatı: “Juncker üçün bunker yoxdur”

British press

"The Daily Telegraph" qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Almaniya Türkiyədəki hərbi texnikasını və canlı qüvvəsini bu ölkədən çıxarmağa hazırlaşır.

Məqalədə deyilir ki, Berlinin bu qərarı iki ölkə arasında münasibətlərin getdikcə pisləşməsi ilə bağlıdır. İstər Almaniya, istərsə də Türkiyə NATO üzvləridir.

Almaniyanın Müdafiə Nazirliyi bəyan edib ki, Almaniya Türkiyədə mənzillənmiş qoşunlarını və Tornado təyyarələrini başqa bir ölkəyə köçürmək üçün hazırlıq işləri görür.

"The Telegraph" yazır ki, bundan əvvəl Almaniya millət vəkilləri qoşunların Türkiyədən çıxarılması məsələsini səsə qoyacaqları ilə hədələmişdilər.

Məqalədə deyilir ki, Türkiyə və NATO-nun başqa üzvləri arasında münasibətlər ötən ay baş vermiş çevriliş cəhdindən və bunun ardınca cənab Erdoğanın opponentləri üzərinə başlanan repressiv hücumlardan sonra korlanıb.

"The Telegraph" yazır ki, Almaniyanın öz hərbçilərini və hərbi texnikasını Türkiyədən çıxarmaq barədə bəyanat yayması Şimali Atlantika alyansının daxilində ciddi fikir ixtilafının yaşanmasına işarə ola bilər.

6 Tornado, 250 əsgər

Məqalədə deyilir ki, hazırda Almaniyanın Türkiyədəki İncirlik hərbi-hava bazasında 6 Tornado təyyarəsi və 250 nəfərlik əsgəri qüvvəsdi var.

Justin Huggler yazır ki, Almaniya təyyarələri İŞİD-ə qarşı birbaşa hərbi əməliyyatlarda iştirak etməsə də, NATO müttəfiqlərinin uçuşları üçün kəşfiyyat informasiyası verir.

Almaniyanın müdafiə naziri Ursula von der Leyen deyib ki, Almaniyanın silahlı qüvvələri İslam Dövləti adlanan təşkilata qarşı mübarizəni davam etdirmək istərdi.

Bununla belə, xanım Leyen etiraf edib ki, Almaniya silahlı qüvvələrini İncirlik bazasından çıxarmağı düşünür.

"The Telegraph" yazır ki, Almaniyanın belə bir qərar qəbul etməsinə Türkiyə hökumətinin Almaniya millət vəkillərindən ibarət nümayəndə heyətini İncirlik bazasına buraxmaması səbəb olub.

Məqalədə deyilir ki, Türkiyə Alımaniya parlamentinin erməni soyqırımının tanınmasına dair qətnamə qəbul etməsindən narazıdır.

Fotonun müəllifi Getty Images
Image caption İncirlik hərbi-hava bazasında Almaniyanın 6 Tornado təyyarəsi və 250 nəfərlik əsgəri qüvvəsi var, "The Daily Telegraph" qəzetindəki məqalədə deyilir

Almaniya kansleri Angela Merkel bu fikir ixtilafını yatırtmağa çalışsa da, onun koalisya müttəfiqi olan sosial-demokratlar qoşunların Türkiyədən çıxarılması məsələsinin parlament səsverməsinə qoyula biləcəyi ilə hədələyib.

NATO-da daha bir ixtilaf

Sosial-demokratların müdafiə məsələləri üzrə sözçüsü Rainer Arnold deyib ki, "biz əsgərlərimizi yalnız onlara baş çəkməyin mümkün olduğu ölkələrə göndərməliyik".

Arnold bildirib ki, federal hökumət Almaniya qoşunlarının yeni dislokasiya yeri ilə bağlı qərarı dərhal qəbul etməlidir.

Almaniya qanunlarına görə ölkənin silahlı qüvvələri xarici ölkələrdə yalnız parlamentin razılığı əsasında yerləşdirilə bilər.

Almaniya qüvvələrinə Türkiyədə mənzillənmək üçün verilmiş parlament icazəsinin vaxtı bu ilin dekabrında bitir.

"The Telegraph" yazır ki, millət vəkilləri bu məsələni parlament səsverməsinə dekabra qədər çıxara bilərlər.

Məqalədə deyilir ki, hökumət sosial-demokratların dəstəyi olmadan Almaniya silahlı qüvvələrinin xaricdə yerləşdirilməsi üçün mandatın təzələnməsinə nail olmaya bilər.

Bu da qeyd olunur ki, cənab Erdoğanın çevriliş cəhdinin ardınca həyata keçirdiyi tədbirlər Avropa İttifaqı ilə Türkiyə arasında mübahisələri qızışdırıb.

"The Telegraph" yazır ki, Türkiyə ilə NATO arasında münasibətlər həm də Türkiyənin müsəlman vaiz Fethullah Gülenin təslim edilməsi barədə müraciət etməsidir.

"The Telegraph" yazır ki, NATO Türkiyənin son həftələrdə Rusiya ilə dostlaşmasından narahatdır.

Məqalədə deyilir ki, Almaniya təyyarələri Türkiyədən çıxarılarsa, kəşfiyyat missiyasını başqa bir bazadan, ehtimal ki, Kipr və ya İordaniyadan davam etdirməli olacaq.

Lakin ekspertlər deyirlər ki, bu halda Tornadoların İncirlikdən havaya qalxan təyyarələr üçün kəşfiyyat məlumatını ötürməsi çətinləşəcək.

"The Telegraph" yazır ki, belə həyəcanlı xəbərlərə baxmayaraq, Almaniya və Türkiyə arasında səhnəarxası danışıqlar davam edir.

Kürdlərin təklənməsi sürətlənir

"The Guardian" yazır ki, Türkiyənin Suriyaya misli görünməmiş müdaxiləsinin bu regionadakı müxtəlif müharibələrin dinamikasını necə dəyişdirəcəyi hələlik bəlli deyil.

Məqalədə deyilir ki, əgər Yaxın Şərq ümumən mürəkkəb rayon hesab edilirdisə, indi bu mürəkkəbliyin daha da artacağını gözləmək olar.

Bu da qeyd olunur ki, Türkiyə Suriyaya daha çox tank göndərib və kürd YPG qruplaşmasından Türkiyə-Suriya sərhədi boyunca ərazidən çıxmağı tələb edib.

"The Guardian" yazır ki, Qərb anti-İŞİD koalisiyası Türkiyənin "Fərat Sipəri" adlı əməliyyatına dəstək verib.

Fotonun müəllifi AP
Image caption Türkiyə qüvvələri çərşənbə günü üsyançı qüvvələrin sərhəd Cərablus şəhərini ələ keçirməsinə kömək edib

Məqalədə deyilir ki, bu, Suriya kürdləri üzərinə təzyiqin nə dərəcədə artdığını göstərir.

Bu da qeyd olunur jki, Türkiyənin Suriyaya müdaxiləsi ilə bölgədə çox qəribə bir vəziyyət yaranıb.

Əslində Suriya ərazisinə ABŞ-ın dəstəyi ilə müdaxilə edən Türkiyənin əsas məqsədi ABŞ-ın müttəfiqi olan kürd qruplarını bölgədən çıxarmaqdır.

"The Guardian" yazır ki, kürd qüvvələrinin özləri də qəribə siyasət yürüdür. Məsələn İŞİD-ə qarşı vahid cəbhədən çıxış edən kürdlər, prezident Əsədə qarşı mübarizədə o qədər də həvəsli görünmürlər.

Məqalədə deyilir ki, kürdlər əslində Hələb şəhərinin mühasirəyə düşməsində az rol oynamayıblar. Başqa sözlərlə, kürdlər bu gün Suriya müxalifəti üçün Əsəd qüvvələrindən daha çox problem yaradırlar.

Kürdlərə həm "döyüşün" deyirlər, həm də "çəkilin"

Türkiyənin Suriyaya müdaxiləsi kürdlərin üzərinə təzyiqi artırır və "The Guardian"ın yazıdığına görə Moskvanın kürdlərə sözdə dəstək verməsi, sadəcə olaraq Rusiyanın Suriyada daha dərindən oturmaq məqsədi güddüyünə görədir.

"The Guardian" yazır ki, bu həftənin əvvəllərində Türkiyəyə səfərdə olan vise-prezident Joe Biden Ankaranı Moskvadan aralamaq üçün kürdlərə təzyiq göstərmək məcburiyyətində qalıb.

Ən böyük narahatlıq doğuran budur ki, ABŞ Raqqa uğrunda qarşıdan gələn döyüsdə məhz kürd qüvvələrinə bel bağlayır, lakin indi onlardan Fərat çayından şərq tərəfə çəkilmələrini tələb edir.

"The Guardian" yazır ki, indi Suriya qiyamçıları üçün əsas məsələ cənab Əsədin devrilməsi yox, kürdlərin ona dəstək verməsinin qarşısını almaqdır.

Məqalədə deyilir ki, Amerika kürdləri İŞİD-ə qarşı mübarizəyə səfərbər etsə də, kürdlərin bu döyüşə girməsindən məqsədləri gələcək muxtariyyətləri üçün daha çox ərazi zəbt etməkdir.

Juncker üçün bunker yoxdur

Fotonun müəllifi EPA
Image caption Jean-Claude Juncker nüvə müharibəsinin başlanacağı təqdirdə xüsusi mühafizə ilə təmun edilməyəcək, Express qəzeti bildirir

"The Express" qəzeti "Juncker üçün bunker yoxdur" adlı yazısında bildirir ki, Avropa Komissiyasının verdiyi məlumata görə qurumun rəhbəri nüvə müharibəsinin başlanacağı təqdirdə xüsusi mühafizə ilə təmun edilməyəcək.

Avropa Komissiyasının sədr müavini Kristalina Georgieva hazırda komissiya və onun heyəti üçün məxsusi nüvə sığınacağı nəzərdə tutulmadığını bəyan edib.

Xanım Georgieva bu bəyanatı Avropa Parlamenti millət vəkillərinin suallarını cavablandırarkən verib.

Söhbət əslində nüvə müharibəsindən daha çox nüvə elektrik stansiyalarından birində qəza olacağı halda hansı qorunma tədbirlərinin görüləcəyindən gedirdi.

Sözçü deyib ki, böyük böhran şəraitində Avropa Komissiyası da bütün Avropa üçün nəzərdə tutulmuş ARGUS təcili həyəcan sistemindən istifadə edəcək.

Başqa sözlərlə, bu o deməkdir ki, Avropa Komissiyası da nüvə böhranı şəraitində ümumi əhali ilə birlikdə hərəkət edəcək.

Bu da xəbər verilir ki, radiasiya ilə bağlı qəza halları üçün Belçika hökuməti əhaliyə yod həbləri paylamağı planlaşdırır.

Yod radiasiyanın xərçəngə səbəb olması ehtimalını bir qədər azaldır.