Mətbuat icmalı: "Hakimiyyət növbəti devalvasiya üçün psixoloji hazırlıq aparır"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Hakimiyyət növbəti devalvasiya üçün psixoloji hazırlıq aparır

Dolların bahalaşması səbəbindən banklar valyutanı 300-500 dollar arası limitlə satmağa başlayıblar. Fins.az-ın verdiyi məlumata görə banklar valyuta qıtlığının səbəbini hərracdan ehtiyac olduğu qədər xarici valyuta ala bilməmələri ilə izah edirlər. "Hazırda bəzi banklar ümumiyyətlə valyuta satışını dayandırıblar. Bir qism isə limiti 100 dollara qədər azaldıb," qəzet yazır.

Bundan başqa Dollar satışını dayandıran və ya limiti minimallaşdıran bankların siyahısı təqdim edilir. Siyahıda on altı bankın adını görürük.

"Bankların dollar satışına limit tətbiq etməsi "qara bazar"ın aktivləşməsinə səbəb olub.

Hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır. "Qara bazar"da bir dolların alış kursu 1.70 manat, satışı isə 1.71 manat təşkil edir. Avronun alış-satış məzənnəsinə gəlincə, alış 1.90, satış 1.92 manat təşkil edir," deyə qəzet yazır.

Qəzetə hökumətin əvvəlcə devalvasiyanı referendumdan sonraya saxlamaq istədiyi, ancaq indi bu qərarını dəyişmək məcburiyyətində qaldığı barədə məlumat daxil olub. "Iddia olunur ki, yaxın günlərdə növbəti devalvasiya baş verəcək və 1 dollar 2 manatı ötəcək. "Qara bazar"ın aktivləşməsi və dolların bazarda rəsmi məzənnəyə nisbətən baha satılması cəmiyyəti növbəti devalvasiyaya psixoloji cəhətdən hazırlamaq məqsədi daşıyır," yazıda deyilir.

İqtisadçı ekspert Samir Əliyev artan dollar tələbatını ölkədən rəsmi və qeyri-rəsmi şəkildə kapital axınının mövcudluğu ilə izah edib.

"Ölkəyə isə həmişəkindən dəfələrlə az dollar gəlir. Ölkəyə valyuta gətirən kanallardan ancaq biri, Neft Fondu işləyir. Mərkəzi Bank xeyli vaxtdır bazarda iştirak etmir və hələki azalmış ehtiyatlarını qoruyur. Digər kanal olan SOCAR-ın başı öz problemlərinə qarışıb. 92 markalı benzinin idxalı SOCAR-a ayda təxminən 40 milyon dollara başa gələcək və istisna deyil ki, həmin vəsait bazardan götürüləcək. Ona görə də əsas yük Neft Fondunun üzərinə düşür. Fond 2016-cı ildə 3,2 milyardlıq dollar satıb və hələki onun üçün nəzərə tutulan normadan artıq dollar satmaq niyyətində deyil. Mərkəzi Bank təxminən 800 milyonluq dollar satıb və ehtiyatlarının 4 milyarddan aşağı düşməsinə imkan verməyəcək," o bildirib.

Samir Əliyev həmçinin bildirib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracında 30 faiz azalma var.

"Ona görə də proqnozlar əsasən manatın necə və hansı həddə qədər ucuzlaşa biləcəyi üzərində qurula bilər. manatın bahalaşması üçün şərait yoxdur," o vurğulayıb.

"Yeni Müsavat": "Qara bazar" da valyuta satanların həbsinə başlanılıb. Ancaq heç SSRİ də "qara bazarın" qarşısını ala bilməmişdi

Son günlər dolların yenidən banklardakı satışında ciddi problemlər yaşanmaqdadır. Dərs ilinin yaxınlaşması və Bakıya tələbə axını dollara tələbatı bir az da artırıb. Hökumət isə bazara ehtiyacları ödəyəcək qədər dollar buraxmır. Nəticədə dolların "qara bazar"da qiyməti daha da artır.

Qara bazarın çiçəklənməsi şəraitində Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayaraq bildiriblər ki, "Valyuta alqı-satqısında sui-istifadə halları və möhtəkirliyin, habelə "qara bazar"ın formalaşmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq qabaqlayıcı və inzibati tədbirlər görülməkdədir".

Məlumatda həmçinin deyilir ki, son günlər bir sıra subyektlər tərəfindən valyuta qanunvericiliyinin tələblərinin pozulması və qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılması barədə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Artıq İlyas Əkbərov adlı bir şəxs barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində saxlanılıb.

Fotonun müəllifi Reuters
Image caption "Qara bazar"da bir dolların alış kursu 1.70 manat manat təşkil edir, deyə Azadlıq qəzeti yazır.

Ekspertlərsə iddia edirlər ki, "qara bazar" mahiyyət etibarilə elə bir alətdir ki, bunun qarşısını inzibati üsullarla almaq qeyri-mümkündür. "Hətta vaxtilə dünyanın ən güclü ölkələrindən olan SSRİ belə "qara bazar"ın qarşısnı ala bilməmişdi," qəzet yazır.

"Azadlıq": "Turan" informasiya agentliyi: "Əli Kərimli həbs oluna bilər"

Adının açıqlanmasını istəməyən məlumatlı mənbə "Turan" informasiya agentliyinə bildirib ki, Azərbaycan rəhbərliyində bəzi qüvvələr Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbs edilməsini və zərərsizləşdirilməsini istəyir.

Mənbənin sözlərinə görə həbs ötən həftənin sonlarından növbəti məzuniyyətə getmiş dövlət başçısı İlham Əliyevin ölkədə olmadığı zamana planlaşdırılıb. Son günlər AXCP fəallarının həbs olunması isə Əli Kərimlinin zərərsizləşdirilməsinə müqəddimə olmalıdır. "Son 10 gündə ümumilikdə 6 AXCP üzvü həbs olunub. Dövlət qurumları və KİV-ləri fəal olaraq ictimaiyyəti AXCP-nin "Gülən hərəkatı" ilə sıx əlaqələri olduğuna inandırmağa çalışır. Hətta Azərbaycan müxalifətinin Fətullah Gülənlə əlaqələrini araşdıran cinayət işi olduğu deyilir," qəzey yazır.

Sözügedən məlumatlı mənbə həmçinin bildirib ki, "AXCP-yə yaxın "Azadlıq" qəzetində maliyyə yoxlaması başlanacağı gözlənilir və Faiq Əmirlinin həbsi bu yoxlamalara başlamaq üçün bəhanədir". Mənbə Kərimlinin zərərsizləşdirilməsinin 26 sentyabr referendumu və ondan sonra hakimiyyətin İlham Əliyevin əlində cəmləşməsi dövrü ilə əlaqələndirib.

Baş verənlərə münasibət bildirən AXCP sədri öz Facebook səhifəsində belə yazıb: "Bu qədər mus-mus deməkdənsə, birbaşa Mustafa demək lazımdır. Heç bir günahı olmayan AXCP üzvlərini, qohumlarımı niyə həbs edib, incidirsiniz? Sizin üçün problem mənəmsə, həbs edin. Əl çəkin, günahsız adamlardan. Mən bu yola çıxanda, nəinki həbs edilməyimi, hətta ölümü də gözə almışam. Heç nədən qorxmuram. Evdəyəm, gözləyirəm. Hə, bəhanəniz yoxdur? Fikir etməyin, köməkləşib, bir şey düzüb-qoşarıq. Təki başqa günahsız insanlardan əl çəkin! Ancaq onu da bilin ki, sizi heç bir repressiya xilas etməyəcək!"

"Azərbaycan": ABŞ səfiri İsmayıllıda olub

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 25-də tanışlıq məqsədilə İsmayıllı rayonuna səfər edib.

Rayonun icra başçısı ilə görüşən səfir "Turizm bazarı"na gəlib. Səfirliyin təhsil məsələləri üzrə müşaviri Amy Petersen "Sülh korpusu"nun könüllüsü olduğu zaman kirayədə qaldığı evin sahibi Pərviz Məmmədli ilə görüşüb. Daha sonra səfir Robert Sekuta İvanovka kəndinə gedib və buranın sakinləri olan molokanlarla ünsiyyətdə olub.

Bu barədə daha geniş