Müsavat Partiyası "Respublika" təşviqat qrupunun qeydə alınmaması barədə şikayət edir

Gülağa Aslanlı Fotonun müəllifi APA
Image caption MSK-nın "Respublika" refendum üzrə təşviqat qrupunu qeydə almaması "birbaşa siyasi qəraradır", Gülağa Aslanlı deyir

Müsavat Partiyası "Respublika" adlı referendum üzrə təşviqat qrupunun qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarından sabah apellyasiya şikayəti verəcək, partiya rəsmisi Gülağa Aslanlı BBC Azərbaycancaya müsahibəsində deyib.

Müsavat partiyasının başqan müavini olan cənab Aslanlı qeyd edir ki, Müsavat partiyası təşviqat qrupunun qeydiyyatdan keçməsi üçün 41128 imza toplayaraq avqustun 22-də MSK-ya təqdim edib, komissiya isə "imzaların bir qisminin etibarlı olmadığını" bildirib.

MSK-nın saytında dərc olunan qərarda deyilir ki, Komissiya "Respublika" adlı referendum üzrə təşviqat qrupunun qeydə alınması ilə bağlı müraciətinə avqustun 26-sı keçirilən iclasında baxıb və referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların "sayının qanunda nəzərdə tutulmuş saydan (40 mindən az olmayan sayda etibarlı seçici sayı) az" olduğunu əsas gətirərək qrupun qeydə alınmasından imtina edib.

Komissiyanın qəbul etdiyi qərarda partiyanın təqdim etdiyi seçiçi sayından neçəsinin etibarsız olması haqda dəqiq rəqəm göstərilmir.

Məsələ ilə bağlı MSK BBC Azərbaycancanın sullarını cavablandırmayıb.

Komissiya bu günə qədər referendumla bağlı 3 təşviqat qrupunu - "Yeni Azərbaycan", "Bələdiyyə" və "Vətəndaş Cəmiyyəti" qeydiyyata alıb.

ReAL hərəkatının bildirdiyinə görə, partiya üzvü Natiq Cəfərlinin həbsindən öncə ReAL referendumla təşəbbüs qrupu yaratmışdı. Lakin partiya üzvlərinin həbsindən sonra hərəkat referendumla bağlı fəaliyyət göstərməyəcəyini bəyan edib:

"Son həbslər və təzyiqlər ReAL hərəkatını sentyabrın 26-na təyin olunan referendumda iştirak etmək qərarından daşındırıb", hərəkatın idarə heyətinin üzvü Azər Qasımlı avqustun 22-də keçirilən mətbuat konfransında deyib.

"Birbaşa siyasi"

Gülağa Aslanlı deyir ki, qərarda təqdim olunan seçici sayından neçəsinin etibarsız olmasının göstərilməməsi MSK-nın qərarı "normativ sənədlərə uyğun hazırlamadığının" göstəricisi olduğunu deyir.

"Ayın 25-də imzaların yoxlanma kompaniyasında biz iştirak edəndə, bizə hər hansı imzanın səhv olması haqqında heç bir məlumat verilməyib", cənab Aslanlı qeyd edir. "Seçki Məcəlləsinin tələbinə görə imzalar yoxlanıldıqdan sonra işçi qrupu rəy hazırlamalıdır və həmin rəy iclasdan 24 saat əvvəl səlahiyyətli nümayəndəyə təqdim olunmalıdır. Bu rəy bizə təqdim olunmadan MSK-nın iclas keçirməsi qeyri-qanunidir", partiya rəsmisi verilən qərarın "birbaşa siyasi" olduğunu düşünür.

Prezident Əliyev iyulun 18-də, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi haqda sərəncam imzalayıb.

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını, birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutur.