Mətbuat icmalı: "Avropa Parlamenti Azərbaycanı müzakirə edir"

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Azərbaycanın xarici işlər naziri Gürcüstanın baş naziri ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov baş nazir Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə "Cənub Qaz Dəhlizi"nin mühüm strateji xarakter daşıdığı qeyd olunub və bu istiqamətdə həyata keçirilən regional layihələrin əhəmiyyəti, habelə tərəflər arasındakı fəal əməkdaşlıq xüsusi vurğulanıb.

Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsinin inşasının gedişatı barədə məlumat verən baş nazir Giorgi Kvirikaşvili, layihənin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirib.

"Yeni Müsavat": Azərbaycanda siqaretin qiyməti qalxıb

Trend.az xəbər verir ki, Azərbaycanda bəzi siqaretlərin qiymətləri 20-40 qəpik civarında artıb.

Satış məntəqələri bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.

"Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb," məlumatda deyilir.

"Azadlıq": Avropa Parlamenti Azərbaycanı müzakirə edir

Avqustun 31-də Avropa Parlamenti üçüncü dünya ölkələrində insan hüquqları və korrupsiya mövzusunda dinləmə keçirəcək.

"Sport for Human Rights Coalition"ın (İnsan hüquqları naminə İdman) koordinatoru Rebeca Vincent dinləmədə çıxış edəcək. Vincent bu barədə Twitterdə yazıb.

"Dinləmələrdə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələri də iştirak edəcək. Vincent hesab edir ki, Avropa İttifaqı Azərbaycan hökumətini daha sərt şəkildə insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə çağırmalıdır," xəbərdə deyilir.

"Azadlıq": Vergi borcuna görə 410 müəssisə rəhbərinə ölkədən çıxmaq qadağan edilib

Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, 26 avqust tarixinə vergi borcu olduğuna görə 410 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Nazirlik vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin, icra orqanları rəhbərlərinin adını açıqlayıb. Onların arasında 11 nəfər xarici vətəndaş da var.

Əlaqəli mövzular

Bu barədə daha geniş