Futbol bloqu: Bu "Qarabağ" "Viktoriya"ya qarşı oynayan "Qarabağ" deyildi

Fotonun müəllifi Peşəkar Futbol Liqası
Image caption "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçin "Göteborq" klubuna iki oyunun nəticəsinə görə qalib gəlib

"Ümid edirəm ki, siz qrup mərhələsində Manchester United-lə düşəsiniz," "Göteborq"un baş məşqçisi Yorgen Lenartsonun "Qarabağ"la oyundan sonra dediyi bu sözləri Azərbaycanda bəzi futbol həvəskarları bir qarğış kimi qəbul etdilər.

Məncə isə bu futbol mütəxəssisi tərəfindən deyilən ali bir tərif idi. Axı mən də çox ümid edirdim ki, "Qarabağ" Manchester United-lə qarşılaşsın.

Çünki məncə bu qarşılaşmalar bizlərə möhtəşəm bir tamaşa bağışlayacaqdı.

Hazırda dünya futbolunda iki əsas oyun üsulu hökm sürür və məhz həmin oyun üsullarından istifadə edən komandalar nailiyyətlər əldə edir.

Bunlardan birini şərti olaraq Qvardiola üsulu adlandırmaq olar - burada hər şey topa tam nəzarətdə əsaslanıb.

Oyunçular meydançada bir-birinə yaxın yerləşərək, topu əsasən qısa ötürmələr vasitəsilə bir birinə ötürürlər və bu yolla tədricən rəqib qapısına yaxınlaşaraq orada kütləvilikləri sayəsində təhlükə yaradırlar.

Çox zaman topsuz qalan rəqib onu əldə etmək üçün çox qaçaraq, topa sahib olan komandadan daha çox yorulur və bu da "qvardiolaçılara" əlavə bir üstünlük verir.

İkinci növü mən yenə də şərti olaraq Mourinyo üsulu adlandırardım.

Burada da komanda sıx yerləşir, lakin əsas məsələ odur ki, oyunçular daim topla öz qapıları arasında, ya futbol terminologiyası ilə desək, "topun arxasında" yerləşməlidirlər. Yəni əsas məsələ öz qapını qorumaqdır.

Hücumları isə belə komandalar əsasən uzun ötürmələr və sürət üzərində qururlar ki, adətən onlarda cəmi bir-iki futbolçu iştirak edir.

"Qarabağ" Manchester United üçün də güclü rəqibdir

Belə ki, son illər aparıcı komandalar məhz bu iki oyun üsulundan birini seçib, oyunlarını birinə, ya obirisinə uyğun qururlar.

Amma mən indiyədək öz oyununda bu iki üslubu cəmləşdirən komanda görməmişdim. "Qarabağ"dan başqa. Və deməliyəm ki, Qurban Qurbanovun yetirmələri bunu mükəmməlcəsinə edrlər!

Ağdamlılar oyundan oyuna taktikalarını dəyişərək, gah "qvardiolaçılar" olurlar, gah da "mourinyoçular".

Əsası odur ki, komanda hər iki üsullu oyunu əla həyata keçirə bilir.

Düzdür, üsul seçimi hər dəfə dəqiq işləmir - misal üçün Göteborqdakı oyunda Qurban Qurbanov "Mourinyo üsulu"nu seçmişdi və bu üsul tam heyətlə öz qapısı qarşısına sığınan meydan sahiblərinə qarşı işləmədi.

Lakin cavab görüşündə "Qarabağ" "qvardiolalaşdı" və "Göteborq"u yerlə yeksan etdi.

İnandırım sizi ki, futbolda bu çox nadir bir haldır və builki Avropa Liqasında nəzəri cəhətdən mükəmməl futbol nümayiş etdirməsi baxımından "Qarabağ"la müqayisə ediləcək yeganə komanda Manchester United-dir.

Joze Mourinyo dünyanın ən yaxşı nəzəriyyəçi məşqçisi hesab olunur və Qurban Qurbanovun idarə etdiyi komandanın bacarığını öz üzərində sınayan hər bir mütəxəssis üçün bu iki məşqçinin komandalarının üz-üzə gəlməsi əsl futbol tamaşası olardı.

Düzdür, Mourinyonun əlində olan futbolçuların səviyyəsi "Qarabağ"dakılarla müqayisə edilən deyil (ən azı futbol bazarında onlara olan qiymətləri müqayisə etsək), amma mən əminəm ki, Qurban Qurbanov bu heyətlə də Mourinyonun da, bir çox başqa Avropa məşqçilərinin də başını ağratmağa qadirdir.

O cümlədən qrupda qarşılaşacağı komandaların da. Lakin "Qarabağ" və "Qəbələ"nin rəqibləri haqda və Azərbaycan klublarının şansları haqqında gələn dəfə söhbət edəcəyik. İndi isə elə özümüz haqqında.

Ağdamlılaın möhtəşəm tamaşası

"Qarabağ" bu oyunda möhtəşəm idi. Ağdamlılar oyunun ilk saniyəsindən tam üstünlüyü ələ aldılar və aydın oldu ki, həmin axşam meydanda biz yalnız onları görəcəyik.

"Göteborq" Tofiq Bəhramov stadionunun meydanında sadəcə olaraq teatr səhnəsindəki dekorasiyalar şəklində çıxış etməyə məhkum idi.

Düzdür, dekorasiyasız teatr olmur, lakin tamaşaçılar oraya dekorasiyalara deyil, rejissorun quruluşu və aktyorların oyununa baxmağa gedirlər.

Həmin axşam rejissorla aktyorlar tamaşaçıların ümidlərini tamamilə doğrultdular.

Elə vurulan qollar da "Qarabağ"ın hərtərəfli hazırlıqlı olduğunu nümayiş etdirdi.

İlk qol ev hazırlığı olan standart vəziyyətdən vuruldu. Künc zərbəsinin məhz belə yerinə yetirilməsi artıq 25 ildir ki, Azərbaycan komandalarının topxanasında olsa da, onun vasitəsilə vurulan qolları heç də tez-tez görmürük.

Çünki onu dəqiq yerinə yetirməyi bacarmaq lazımdır. Bir çox başqalarından fərqli olaraq, "Qarabağ" (daha dəqiq desək, onun kapitanı Rəşad Sadıqov) bunu bacarır.

İkinci qolu mən futbolun gözəlliklərinə aid edərdim. Rəşad-Müərrəm-Reynaldo-Kintana və son zərbə ilə yenə də Müərrəm kombinasiyasını futbol dərsliklərinə daxil etmək olar.

Top sürətli ötürmələrlə qapı qarşısına elə çatdırıldı ki, isveçlilərə yalnız boş qapı qarşısında yalqızlıqda qalan Müərrəmin rahatcasına hesabı artırmasını sadəcə tamaşa etməyə qalmışdı!

Üçüncü qol daha çox "mourinyosayağı" idi - santimetrə qədər ölçülmüş ötürmə ilə top rəqib müdafiəçilərinin arxasına atılır və orada hücumçu öz işini görür. Sadəcə mükəmməl! Əbəs yerə demirlər ki, dahi olan hər şey sadədir.

Əlbəttə, "Göteborq" heç də Manchester United deyil. Əslində "Göteborq" hətta "Qarabağ"ın bundan əvvəlki rəqib "Viktoriya"dan da zəifdir.

Amma iş ondadır ki, bu "Qarabağ" "Viktoriya"ya qarşı oynayan "Qarabağ" deyildi.

Ağdamlılar oyunlarını dəyişərək, inamlı, sərbəst, gözəl futbol nümayiş etdirdilər və əminəm ki, həmin oyunla onlar nəinki çexləri, bəlkə elə Manchester United-i də mat qoyardılar...

"Qəbələ" həm "Maribor"a, həm də hakimə qalib gəldi

"Qarabağ"dan fərqli olaraq, "Qəbələ" bu mövsümdə oyununda dəyişikliklər etmir və məncə düz eləyir.

Çünki bu komandanın nümayiş etdirdiyi oyun kifayət qədər yüksək səviyyədədir və Avropa meydanlarında inamla irəliləməyə imkan verir.

Qəbələlilər Sloveniyada məğlub olsalar da, buna layiq deyildilər. Onlar meydan sahiblərinə layiqli müqavimət göstərdilər və Uiks meydandan çıxarılana qədər hətta "Maribor"dan xeyli çox təhlükə yarada bilmişdilər.

Düzdür, meydan sahibləri ikinci hissədə hesabı aça bildilər. Amma burada qolun müəllifi Tavaresin şəxsi ustalığından başqa bir amil yox idi.

Braziliyalı heç də təhlükəli kimi görünməyən mövqedən gözlənilmədən qapının yaxın yuxarı küncünə elə zərbə endirə bildi ki, oyunu əla keçirən "Qəbələ"nin qapıçısı Bezotosnı da orada heç nə edə bilmədi.

Bu qol sloveniyalıları ruhlandırsa da, onlara böyük üstünlük vermədi - "Qəbələ" inamla müdafiə olunur və ən əsası, ozü aramsız hücumlar təşkil edirdi.

Təəssüflər olsun ki, burada mübarizəyə kənar qüvvə daxil oldu. Macarıstanlı hakim Viktor Kaşşai qəbələli Teo Uiksə əslində heç sarı vərəqəlik də olmayan hərəkətə görə qırmızı vərəqə göstərdi.

Bundan sonra üstünlük meydan sahiblərinə keçdi, lakin hakim oyuna naməlum səbəblərdən hətta altı dəqiqə əlavə etsə belə, "Maribor" qol vurmağa bacarmadı.

Çünki meydanda inadla mübarizə aparan "Qəbələ" ona bu imkanı vermədi.

"Qəbələ" bir daha nümayiş etdirdi ki, əzmkar komandadır və ən azı bununla bir çox digər Azərbaycan komandalarından fərqlənir.

Əzmkarlıq isə həyatın bir çox sahələrində uğura gətirən bir amildir. Təbii ki, yanında bacarıq olanda.

Qrup mərhələsində isə hər iki Azərbaycan komandasına həm bacarıq, həm də əzmkarlıq lazım olacaq...

Əlaqəli mövzular

Bu barədə daha geniş