Azərbaycanda ölmüş şəxsdən orqan köçürmək mümkündürmü?

Fotonun müəllifi SPL
Image caption Azərbaycanda 200-ə yaxın insan böyrək transplantasiyası üçün növbə gözləyir

Cəsəddən orqan transplantasiyasının aparılmaması ilə bağlı Azərbaycanda əsas problem beyin ölümü diaqnozunun qoyulmaması və təlimatlarının olmamasıdır, Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası söbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi BBC Azərbaycancaya müsahibəsində deyib.

"İndi bizim ehtiyacımız olan təlimatlar budur ki, beyin ölümü diaqnozu qoyulsun, koordinasiya qrupu yaradılsın, ailə görüşmələri keçirilsin və razılıq alınandan sonra transplantasiya olunsun", cərrah Mircəlal Kazımi "bu 3-4 addım atılmadan meyitdən orqan transplantasiyasından söhbət gedə bilməz" deyir.

Ölümündən sonra daxili orqanlarını bağışlamaq istəyən insanlar deyir ki, ölkədə vahid mərkəzi sistem yaradılmalıdır ki, həm donor, həm də orqana ehtiyacı olan insanlar hara müraciət etməli olduqlarından xəbərdar olsunlar.

Mütəxəssislər bu günə qədər təcrübədə yaşanan vəsiyyətnamə ilə orqan bağışlanmasını "ibtidai üsul" adlandırır və bunu real həll yolu kimi görmədiklərini deyirlər.

1999-cu ildə qəbul olunan "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna əsasən şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadəyə icazə verilir. Qanun buna icazə versə də, bu günə qədər Azərbaycanda hələ də belə əməliyyat icra olunmayıb.

Qanunun tələbinə əsasən orqanın bağışlanması könüllülük əsasında həyata keçirilir. Orqanın satılmasına icazə verilmir və buna görə qanunvericilikdə sərt cəza qaydaları mövcuddur.

"Ciddi və tutarlı həll yolu"

Rəşad Rəşidov deyir ki, daxili orqanlara ehtiyacı olan insanların "əziyyətlərini görəndən sonra" öz daxili orqanlarını bağışlamaq üçün "ciddi addımlar atmaq" qərarına gəlib.

Fotonun müəllifi Rashad Rashidov/facebbok
Image caption Rəşad Rəşidov deyir ki, vahid sistem yaradılarsa ölümündən sonra daxili orqanlarını "günü sabahdan bağışlayar"

Dediyinə görə, ona ən çox təsir edən amil, müxtəlif rayonlara gedərkən görüşdüyü bəzi gənc qız və oğlanların daxili orqan çatışmazlığından əziyyət çəkdiyini və hətta bəzilərinin ölməsinə şahid olmasıdır.

Rəşad Rəşidov deyir ki, bəzi səhiyyə ocaqlarından prosedurla bağlı maraqlansa da, orqan bağışlanmasının hüquqi bazasının və yerinin olmaması səbəbindən işi "yarımçıq qalıb".

Rəşad deyir ki, məsələ ilə bağlı araşdırma aparanda bir çoxlarının etdiyi kimi ona da vəsiyyətnamə ilə orqanlarını bağışlamağı təklif etsələr də o bu addımı "ciddi və tutarlı həll yolu saymır".

"Vəsiyyətnaməylə olsa, onda gərək ailəm özü orqanlarımın çıxarılması üçün aidiyyatı qurumlara xəbər versin. Mən ailəmlə müzakirə etmişəm və etiraz etməyiblər, amma bilmirəm mən öləndən sonra fikirlərini dəyişəcəklər ya yox. Ailəm birdən vəsiyyətnaməni kiməsə təqdim etməkdən imtina etdi",-deyə Rəşad Rəşidov Azərbaycanda bu işlə məşğul olacaq vahid qurumun olmamasından gileylənir.

O deyir ki, müraciət üçün səhiyyə nazirliyinin balansında ya da məhkəmə-tibbi ekspertizanın tərkibində bir bölmə, ya da notarial qaydada bir qurum olsaydı o, bu gün orqanlarını ehtiyacı olan insanlara bağışlamaq üçün bu qədər "çətinlik çəkməzdi".

Müsahibimiz, ölümündən sonra orqanların "həqiqətən ehtiyacı olan insanlara" çatdırlımasından əmin olmaq üçün də bu tipli vahid mərkəzin yaradılmasının vacib olmasına diqqət çəkir.

"Bilsəm belə bir yer var, mən günü sabahdan ora gedib müraciət edərəm", o fikrində hələ də qəti olduğunu nümayiş etdirir.

Daxili orqanlarını bağışlamaq istəyən Zülfüqar Xeyirxəbər deyir ki, Mərkəzi Neftçilər Xəstəxanası transplantasiya üzrə ölkədə yeganə xəstəxana olduğundan 7-8 il bundan öncə ora müraciət edib.

Onun sözlərinə görə, xəstəxanada ona bildiriblər ki, belə bir sistem yoxdur və buna görə də o təəssüflə istəyini reallaşdıra bilməyib.

"Nə qədər ki, o baza sistemini yaratmayıblar, qeyri-mükündür bunu etmək", o vurğulayır.

Təlimatlar

Son 3-4 ildir ki, meyitdən daxili orqanların transplantasiyası təlimatları ətrafında səhiyyə nazirliyində müzakirələr aparılır və bu haqda konsepsiya hazırlanır, Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası söbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyir.

"Hər bir ölkənin qəbul etdiyi təlimat var. Bəzilərində deyir ki, şəxs sağılığında deyibsə bu yetərlidir. Bəziləri deyir, şəxs sağlığında bağışlamış olsa belə dünyasını dəyişəndən sonra qohumlarından icazə almalıdır. Bu incəliklıər də bizdə müzakirə olunur ki, biz necə edək", cərrah "yaxın gələckdə konsepsiya hazır olacaq" deyir.

Fotonun müəllifi mnxhospital.com
Image caption Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildən bu günə qədər 294 böyrək, 96 qaraciyər köçürülməsi əməliyyatı aparılıb

Cərrah deyir ki, bu işin icrası üçün tibb, hüquq və sosial problemlər var və hər üç sahə mükəmməl həll olunmalıdır ki, problem də aradan qaldırlsın.

"Bunun üçün ölən adama beyin ölümü diaqnozu qoyulmalıdır. Təsdiqləndikdən sonra xəstəxananın və ya nazirlik tərkibində orqan transplantasiyası koordinator qrupuna məlumat verilir ki, beyin ölümü diaqnozlu potensial donor olacaq insan var. Bundan sonra ailə ilə görüşürlər və müəyyən hüquqi sənədləri tamamladıqdan sonra birlikdə qərar verəndə transplantasiya əməliyyatını icra edən komandaya məlumat verilir", cərrah xüsusi vurğulayır.

Mircəlal Kazıminin sözlərinə görə, hazırda xəstəxanada qaraciyər və böyrək transplantasiyası yalnız canlı qohum donordan edilir və 2008-ci ildən bu günə qədər 294 böyrək, 96 qaraciyər köçürülüb.

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasında hazırda 200-ə yaxın insan böyrək köçürülməsi üçün növbədədir, digər orqan köçürülməsinə ehtiyacı olan insanların sayı ilə bağlı rəqəmlərin statistikası isə aparılmır, cənab Kazımi deyir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda orqan köçürülməsinə ehtiyacı olan və artıq köçürülmüş insanlarla bağlı statistika aparılmır.

Mərkəzi Neftçilər Xəstəxanasından aldğımız məlumata görə, böyrək köçürülməsi əməliyyatı müayinə ilə birlikdə 16 min manata başa gəlir, qaraciyər isə 50 min manat civarındadır.

Qanuna əsasən Azərbaycanda ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiya obyekti ola bilər.

Cinayət Məcəlləsinə əsasən hər hansı bir insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədilə götürülməsinə məcbur edilərsə qarşı tərəfə ən az 2000 manatdan 5000 manatadək cərimə və ya üç ilədək həbs cəzası gözləyir.

Mütəxəssis harada hazırlanır?

Tibb elmləri üzrə dosent Rəşid Mahmudov deyir ki, meyitdən orqanların götürülməsi üçün xüsusi mərkəzlər yaradılmalı və onların bədəndən çıxarılması orqan və ya toxumaların ölümdən sonrakı yaşam müddətlərinə xüsusi həssas yanaşılmalıdır.

Onun sözlərinə görə, adamın ürəyi ölümündən sonra 6-8 saata, böyrək isə 10 saata qədər çıxarılmalı və onların xüsusi məhlulda saxlanılması üçün labarotor şərait olmalıdır.

Cənab Mahmudov düşünür ki, orqan köçürülməsi sistemini formalaşdırmaq üçün ölkədə həm də transplantalogiya elmi tədris olunması vacibdir.

"O transplantalogiya elmi bizdə yoxdur, onu hələ yaratmamışıq. Bizim Ali Tibb Universitetində belə bu fakultə yoxdur. Onun ayrıca binası olmalıdır. Orda orqanlar köçürülməsi üçün ayrıca otaqlar olmalıdır", -deyə dosent bu mütəxəssislərin hamısının xaricdə təhsil almasından bəhs edir.

Azərbaycan Tibb Universitetinin tədris hissəsindən BBC Azərbaycancaya bildirdilər ki, universitetdə bu sahə üzrə dərslər, cərrahiyə ixtisasında orqan köçürülmə adı altında "təqribən 3-4 dərs keçirilir", lakin ixtisas kimi bu sahə tələbələrə tədris olunmur.

Əlaqəli mövzular