Mətbuat icmalı: "3-cü devalvasiya qapıda"

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Rusiya XİN-də Ermənistan-Azərbaycan münaqişəsinə dair məsləhətləşmələr aparılacaq

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib ki, sentyabrın 8-də Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik arasında Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair məsləhətləşmələr aparılması planlaşdırılır.

Məsləhətləşmələrdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair mayın 18-də Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş sammitlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişinə və birgə iş perspektivlərinə xüsusi diqqət yetiriləcəyi qeyd edilib.

"Söhbət Moskvada, Vaşinqtonda və Parisdə müntəzəm keçirilən planlı məsləhətləşmələrdən gedir. Bu tədbirin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində üç ölkənin səylərini əlaqələndirməkdir," Zaxarova deyib.

"Azadlıq": 3-cü devalvasiya qapıda

Avqustun 31-də daha üç bank dollar satışını dayandırıb, Azadlıq qəzeti yazır. Məqalədə deyilir ki, dollar satışını dayandıran bankların sayı 17-yə çatıb.

Artıq baş verənlər, ekspertlərin fikrincə, devalvasiyanın qaçılmaz olduğunu deməyə əsas verir, təhlildə deyilir.

Bank sektorunda çalışanlar bildirib ki, son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) marjaların pozulmamasına nəzarəti gücləndirib.

"Palata bankların filial və şöbələrində yoxlamalar aparır və 4%-lik marjanı pozan banklara qarşı xəbərdarlıq və sanksiyalar tətbiq edir", bank əməkdaşları deyiblər.

"Devalvasiyanın olacağına fikirləri daha da artıran Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun davranışlarıdır. Bundan əvvəlki devalvasiyalar zamanı rəsmilərin bu mövzuda suallardan yayınması artıq bununla bağlı ənənə formalaşdırıb", təhlildə deyilir.

Bir neçə gündür ki, ölkədə növbəti dollar ajiotajı hökm sürür. AMB sədri dünən "Baku-2016″ 42-ci Şahmat Olimpiadasının açılışından öncə keçirilən mətbuat konfransında suallara cavab verməkdən yayınıb. Eyni zamanda həm də şahmat federasiyasının prezidenti olan E.Rüstəmov turnirlə bağlı suallara cavab versə də, rəhbəri olduğu digər qurumla bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Fotonun müəllifi Reuters

"O, manatın məzənnəsi ilə bağlı sualları dinləyəndən sonra sakitcə zalı tərk edib," yazıda deyilir.

"Azərbaycan": Prezident İlham Əliyev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb

Prezident İlham Əliyev avqustun 31-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüş zamanı prezident baş nazirin səfərlərinin "gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcəyinə" əminlik ifadə edib. Qeyd edib ki, ölkələri birləşdirən iri transmilli energetika, nəqliyyat layihələrinin reallaşmasından, uğurlu fəaliyyətindən "ölkələrimizin və xalqlarımızın rifahı, həm də regionumuzdakı sabitlik asılıdır".

"Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik," deyə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili bildirib.

Məlumatda həmçinin deyilir ki, görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin şərəfinə işçi nahar verilib.

"Azadlıq": Avropa Parlamentində Azərbaycana qarşı sanksiya çağırışı

Dünən Avropa Parlamentində Azərbaycanda insan haqlarının vəziyyəti, repressiyaların güclənməsi və korrupsiya müzakirə olunub.

"Avropa Parlamentinin Portuqaliyadan olan deputatı Anna Qomes çıxışında deyib ki, Azərbaycanda, Hindistanda, Qvatemalada korrupsiya yolu ilə əldə olunan və bu ölkələrdən çıxarılan pullar Avropa Birliyinin bankları vasitəsilə gedir. Həmin vəsaitlər Avropada daşınmaz əmlaka yatırılır," xəbərdə deyilir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş, hüquq müdafiəçisi Rebekka Vinsent Azərbaycandakı vəziyyətdən danışaraq bildirib ki, vəziyyət getdikcə daha da pisləşir. "Beynəlxalq aləmin bu ölkədə baş verənlərə diqqəti təqdirəlayiq hal olsa da, konkret addımlar görmürük. Azərbaycan ən korrupsiyalaşmış ölkələrdən biridir. Şəffaflığa görə dünyada 119-cu yerdədir. Əliyev ailəsi və digər oliqarxlar dövlət fondları sahəsində illərlə korrupsiya ilə məşğuldular," Vinsent qeyd edib.

Rebekka Vinsent öz çıxışında araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən, ölkədəki digər mövcud siyasi məhbuslardan, hakimiyyətin Türkiyədəki anti-Gülən kampaniyasından bəhanə kimi istifadə edərək, öz rəqiblərini susdurmaq üçün repressiyaların növbəti mərhələsinə start verməsindən danışıb.

Hakimiyyətin medianı öz nəzarəti altında saxladığını deyən Rebekka Vinsent qeyd edib ki, bu sahədə də durum getdikcə pisləşir.

"Hesab edirəm ki, Avropa Birliyi insan haqlarını pozan, repressiyalarda iştirak edən ayrı-ayrı məmurlara qarşı fərdi sanksiyalar məsələsinə baxmalıdır. Fərdi sanksiyalar vacibdir. Belə sanksiyalar korrupsiyaya qarşı mübarizədə də səmərəlidir", - deyə Rebekka Vinsent bildirib.

"Avropa Birliyi öz nüfuzundan istifadə etməlidir. Azərbaycanın indiki böhran şəraitində beynəlxalq aləmə ehtiyacı var," o qeyd edib.

"Azadlıq": Milli Şura ilk mitinqin vaxtını açıqlayıb

Mitinqlərə başlamaq barədə qərar qəbul edən Milli Şura ilk mitinqin vaxtını da elan edib. AXCP sədri Əli Kərimlinin öz facebook səhifəsində verdiyi məlumatda deyilir:

"Dostlar, Milli Şura mitinq qərarını verdi! İlk mitinqimiz 11 sentyabr saat 17:00-da "İnşaatçılar" metrostansiyası yaxınlığındakı "Məhsul" stadionunda keçiriləcək. Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion "əsas" yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, "Monarxiyaya yox! Talana son!" tələb edək"!

Bu barədə daha geniş