Mətbuat icmalı: Manatın dəyərdən düşməsinin qarşısını necə almaq olar?

Fotonun müəllifi Getty Images

"Azadlıq": Qəbələdə sel. 53 nəfər təxliyyə edildi

Qəbələ rayonun Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayının suyu çoxalaraq sel əmələ gəlib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfəri təxliyyə ediblər.

"Azadlıq": Mərkəzi Bankın valyuta ehtiyatları bir ildə 42,7% azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya əsasən, 2016-cı il avqust ayının 31-nə onun sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 192,5 mln. ABŞ dolları olub. Bu isə avqust ayının əvvəli ilə müqayisədə 0,7% və ya 29,6 mln. dollar artım deməkdir. Ötən ilin analoji dövrü ilə müqayisədə isə, AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 42,7% azalma qeydə alınıb. "2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 16,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 16,4% azalıb," xəbərdə deyilir.

"Azadlıq": Bundan sonra "Azadlıq"ın yalnız iki nömrəsi nəşr oluna bilər

Səbəb həm borc, həm də qəzetə yaradılan əlavə problemlərdir

"Azadlıq" qəzetinin bugünkü sayını son anda nəşr etdirmək mümkün olub. Buna səbəb isə Azərbaycan Nəşriyyatının yaranmış borca görə qəzetin çapından imtina etməsi idi. Nəşriyyat rəhbərliyi əvvəlcə "Azadlıq"ı çap etməkdən imtina edirdi.

Amma sonradan borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün "Azadlığ"a sentyabrın 5-nə qədər vaxt vermək qərarına gəldi və qəzetin çapı mümkün oldu," qəzet yazır.

Son illərdə müxtəlif təzyiqlər üzündən maliyyə çətinlikləri yaşayan "Azadlıq"ın durumu qəzetin yayım direktoru Faiq Əmirlinin həbsindən sonra daha da pisləşib. Əsas səbəb qəzetin satışından əldə olunan vəsaitlə bağlı bank əməliyyatları aparılmasının mümkün olmamasıdır. Bu problemin həlli üçün səlahiyyətli şəxs bank əməliyyatları aparmaq səlahiyyəti əldə etməlidir.

"Bu problemin həlli üçün müraciət etdiyimiz dövlət orqanı imza nümunəsini təsdiqləməkdən imtina edir. Bu səbəbdən də redaksiyanın bank hesabındakı vəsaiti əldə etmək imkanımız yoxdur", - deyə "Azadlıq"ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

Qəzet yazır ki, yaranmış vəziyyətdə bundan sonra "Azadlıq"ın yalnız iki nömrəsi nəşr oluna bilər.

"Yeni Müsavat": Manatın dəyərdən düşməsinin qarşısını necə almaq olar

Fotonun müəllifi Reuters

İqtisadçı alim Vüqar Bayramov öz Facebook səhifəsində yazıb ki, manatın məzənnəsi ilə bağlı 2 mümkün yol var. "Birincisi, MB mövcud tənzimlənən üzən valyuta rejimini davam etdirəcəksə, o zaman mərhələli şəkildə dollar möhkəmlənəcək. Bu məzənnə siyasəti son 3 ayda dolların manata nisbətən hər 100 dollarda 25 manat möhkəmlənməsinə səbəb olub. İkincisi, MB məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir və bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. MB yəqin ki, gec-tez liberal məzənnə siyasətinə keçəcək. Amma bunu nə zaman edəcək proqnozlaşdırmaq mümkün deyil. Çünki bu inzibati qərardır. Amma dollara tələb ilə təklif arasındakı gündəlik 14 dəfəlik fərq hər iki mümkün yolda dolların möhkəmlənəcəyindən xəbər verir," Vüqar Bayramov yazır.

İqtisadçı bildirir ki, manatın yenidən kəskin dəyər itirməsinin qarşısını üçün valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilərək banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsinə ehtiyac var. "Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu bir tərəfdən imkan verəcək ki, sahibkarlar güzəştli kredit alsınlar və real sektora "isti pullar" daxil olsun, digər tərəfdən xarici valyutaya olan tələb qarşılanacaq və təklif ilə tələb arasında balans bərpa ediləcək. Nəticədə, bu zaman MB artıq daha az itkilər ilə liberal valyuta rejiminə keçə bilər. Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar," Vüqar Bayramov vurğulayıb.

"Azərbaycan": Prezident Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Sənəddə deyilir: "Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədi ilə" Azərbaycan Respublikasının Turizm Şurası yaradılması qərarı açıqlanır.

"Azərbaycan Respublikasının Turizm Şurasının (bundan sonra - Şura) əsas məqsədi Azərbaycan Respublikasında turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir," sənəddə deyilir.

Nazirlər Kabinetinə (NK) tapşırılır ki, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görsün."

Həmçinin turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin yaradılması da nəzərdə tutulur. Prezident bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılmasını da tapşırır.

Sərəncamda daha sonra Bakıda "beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının ("shopping festival") hər il keçirilməsi də öz əksini tapır.

Prezident Mədəniyyət və Turizm Nazirliyinə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında ("shopping festival") pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə dair təkliflərini təqdim etmək üçün bir ay vaxt verir.

Azərbaycanın Rusiya, Türkiyə, İran və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək.

Prezident digər bir sərəncamla "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə" Mədəniyyət və Turizm Nazirliyinə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 800 min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400 min manat, Bakı şəhərində ticarət festivalının ("shopping festival") keçirilməsinə 400 min manat vəsait ayrılmasını tapşırıb.

"Azərbaycan": İlham Əliyev Rio-de-Janeyro Olimpiadasının iştirakçılarını və onların məşqçilərini mükafatlandırıb

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Olimpiya Oyunlarında birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min,

ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat, üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat mükafat verilir.

Bu barədə daha geniş