Dollar qıtlığı: BBC Azərbaycanca müxbiri bank filiallarında nə gördü?

Valyuta mübadiləsi
Image caption Bəzi banklar satışın məhdud sayda filiallarda aparıldığını bildirir.

"Mənə 100 dollar pul verəcək, deyir get günortadan sonra gəl. 100 dollar nədir axı mən günün altında 3 saat gözləyim, başlarına dəysin", valyuta alıcısı əsəbini sakitləşdirməyə ifadə axtarır.

28 may ətrafında yerləşən 6 bankın 7 filialında cümə axşamı apardığımız müşahidələrdə günorta saatlarına qədər onların heç birində nə dollar, nə də avro satıldığını müşahidə etdik. Yalnız bir filial istisna olmaqla digərlərində satış məbləği yazılsa da, müştərilərə xarici valyuta satılmayıb.

Əksər bank filiallarının valyuta dəyişmə pəncərəsi önündə dolların gələcəyinə ümidlə gözləyən azı 5 insan həmişə var. Apardığımız müşahidələr zamanı, təqribən hər 30 saniyədən bir valyuta dəyişmək üçün bir nəfərin filiala daxil olduğunun şahidi olduq.

Bəzi banklar müştərilərə xarici valyutanın olmadığını desə də, BBC Azərbaycancanın müxbirinin "Xarici valyuta satırsınızmı" sualına "200 dollar və bu dollar həcmində də təqribən 170 avro satırıq" deyə cavab verənlər oldu. Bəzi banklar isə satışın məhdud sayda filiallarda aparıldığını bildirib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Hansı banka girirəm deyirlər “dollar yoxdur”

"Dolların alışı var, satışı yox"

"Deyirlər, dolların alışı var, amma satışı yoxdur. Bu necə olur? Alırsansa bunu həm də satmalısan da, belə şey olar", gözləməkdən yorulan müştəri əlini-əlinə vuraraq "danışmağının mənası olmasa da" qapıda duran polisə sual edir.

Uzun müşahidələrdən sonra xarici valyuta axtarışına çıxan insanların görünüşünə və davranışına görə artıq küçədə görən kimi tanımaq olur.

Kişilərin əksəriyyəti əlində kiçik çanta və telefonu ya gərgin vəziyyətdə əlində saxlayır ya da qulağında dollar axtarışı ilə bağlı dialoq apararaq iti addımlarla gedir.

Qadınlar pərişan, sanki "mən indi neyləyim?" kimi qayğılı siması, əlində kiçik sellofan torba və ya çantaları və düşüncə dolu rəvan yerişlərilə bu filialdan digər filiala irəliləyirlər.

İstədikləri pulu tapa bilməyən insanların hisslərinə gərginlik, əsəb hakim olub. Jurnalist kimi söz soruşduqda ya sərt cavab verir, ya da ümumiyyətlə diqqətə almadan cəld yerişlərlə keçib gedirlər.

Bir neçə addım uzaqlıqdan gələn qadının oxşar cizgiləri onun valyuta axtarışında olduğunu deyir.

Yaxınlaşıb valyuta axtarışı barədə danışmasını rica edirəm.

Həmçinin oxu: Dollar niyə satılmır? Manat niyə qıtdır?

"Mən nə danışım? Səhərdən 100 dollar axtarıram tapa bilmirəm", qadın çarəsiz qalmasından gileylənir. Dediyinə görə səhərdən başlayaraq 3 bank filialına gedib və hamısında ona satışın dayandırıldığını deyiblər.

3 gündür banklarda 500 dollar axtaran digər bir paytaxt sakini isə "günortadan sonra pul olacaq" deyiminə inanmasa da bankda oturub "dedikləri bəlkə düz çıxdı" ehtimalı ilə gözləyir.

Valyuta dəyişmə pəncərəsinin önündə bank işçisi müştəriyə xidmət etdiyi vaxt sırada, arxada dayanan qadının əlində qəfil dollar görüb "Xanım, siz nə istəyirdiniz", sual edərək onu önə çağırır və digər müştəridən gözləməsini xahiş edir.

Dəyişkən cavablar

Müştərilərin bəziləri filiala girib heç kassaya yaxınlaşmağa da ehtiyac görmür. Girişdə qəbuldan soruşub axtarışlarını başqa filiallarda davam etdirmək üçün dərhal binanı tərk edirlər.

Bank filiallarından birinə daxil olan sakin mobil telefonla danışa-danışa qəbulda əyləşən qızdan "Dollar varmı",- deyə sual edir. Özü olmasa da, telefondakı həmsöhbəti deyəsən müsbət cavab alır.

"Dayan orda, növbə saxla, gəlirəm ora", deyərək hövlnak filialı tərk edir.

Image caption Müştərilərin bəziləri girişdə valyutanın satılması ilə maraqlanandan sonra axtarışlarını davam etdirmək üçün binanı tərk edirlər.

"A bala, saat 11-dən gəlmişəm, indi də nahara çıxdılar. Deyirlər hələ günortadan sonra gələcək pul", digər bir filialda paytaxt sakini 200 dollar almaq üçün tanışı ilə birlikdə "səbirlə oturub gözləməkdən başqa çarə" olmadığını düşünür.

Bayaqdan filialları gəzdiyim müddətdə üçünçü dəfədir qarşılaşdığım sakinə yaxınlaşıb valyuta axtarışı ilə bağlı təəssüratlarını öyrənmək üçün sual verirəm.

"Mən valyuta axtarmıram",- deyə əsəbi cavab verərək maşınına tərəf gedir.

Bir saatdan çox keçmiş eyni filiala qayıdıb, eyni qadını bina qarşısında görəndə vəziyyətlə bağlı sualıma cavabı məzmunca eyni olur. "Mən dollar üçün gəlməmişəm. Elə belə dayanıram burda", deyə üzünü çevirir.

Media nümayəndəsi kimi müraciət edəndə cavabını dəyişənlər sırasında bank işçiləri də var. Bayaqdan müştərilərə "dollar yoxdur" deyən kassir "bizdə 100 dollar satılır" deyə cavabı məni təəcübləndirir və bunu hiss edən bank işçisi təfərrüatlara varır.

"Bizim 8 filialımız var, onlardan 3-də dollar limitlə satılır. Müştəri o filiallar haqqında məlumat almaq istəyirsə banka zəng edib soruşa bilər", bank işçisi deyir.

Müştərilərdən biri isə deyir ki, eyni sözü ona dünən də başqa filialda deyiblər: "Biz getdik həmin filiala, dedilər qurtarıb, amma mən buna inanmıram."

Baş çəkdiyimiz digər bir bankın filialında isə deyirlər ki, onlarda xarici valyutanın satışı son 10 gün olar ki, dayandırılıb.

"Bəzən rubl satılır", deyə bank işçisi vəziyyətin səbəbini və nə vaxt düzələciyini dəqiq bilmədiyini deyir.

Bu barədə daha geniş