İslam Kərimovun vəfatı: Azərbaycan-Özbəkistan münasibətləri dəyişəcəkmi?

Fotonun müəllifi PRESİDENT.AZ
Image caption 2010-cü il Daşkənd. İlham Əliyev lə İslam Kərimovun burgə mətbuat konfransı.

Bir çox ekspert Özbəkistan prezidenti İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələcək yeni liderin Azərbaycanla xüsusi yeni münasibətlər quracağına inanmır.

Ekspertlər arasında ortaq fikir odur ki, Özbəkistanın yeni lideri eyni siyasi sistemin adamı, başqa sözlə desək, İslam Kərimov siyasətinə sadiq insan olacaq.

Özbəkistan prezidenti İslam Kərimov ötən həftə beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bir qədər sonra ölkənin müxalif mediası prezindetin ölümü haqqında məlumat yaysa da, hökumət bunu yalnız cümə günü təsdiqləyib.

1991-ci ildə ümumxalq seçkilərində qalib gəlmiş cənab Karimov fasiləsiz ölkə prezidenti olub.

"Oxşar rejim"

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, İslam Kərimovun ölümündən sonra şərqşünaslar ölkədə hərc-mərcliyin və qarşıdurmanın başlayacağını, ölkənin parçalanması və radikal islamçıların hakimiyyətə gəlməsinın baş verməsini proqnozlaşdırsalar da o belə düşünmür.

"Məncə Özbəkistandaki sistem sabitdir. Mən demirəm səmərəlidir, əlbəttə, yalnız hakim zümrə üçün səmərəlidir. Lakin hansısa vəziyyəti dəyişməyə qadir siyasi qüvvə, mütəşəkkil qüvvə yoxdur", cənab Əlizadə Özbəkistanda başqa böhran gözləmədiyini deyir.

Şərhçi düşünür ki, İslam Kərimovdan sonra gələn adam eyni siyasi sistemin dayanıqlığını davam etdirəcək və "mütləq" İslam Kərimov irsinə sədaqətini bildirəcək.

"Hakim zümrə möhkəm oturub və ölkəyə nəzarət edir."

Zərdüşt Əlizadə düşünür ki, hakimiyyətə yeni liderin gəlməsi Azərbaycanla münasibətlərdə "nə fövqəl yaxınlıq, nə də fövqəl uzaqlıq" yaratmayacaq və hər şey "necə varsa elə də qalacaq".

"Bir birini tanıyır hörmət edirlər. Oxşar rejimlərdir, avtoritar rejimlərdir. İnsan haqlarını tanımayan və hörmət etməyəndirlər. Eyni korrupsiya, eyni əxlaq və mənəviyyat. Ona görə düşünmürəm ciddi dəyişiklik baş versin", politoloq fikrini izah edir.

"Avtoritar diktator"

"İslam Kərimov Mərkəzi Asiyanın avtoritar diktatorlarından biri idi" deyən tarixçi alim Cəmil Həsənli mərhum prezidenti tək Özbəkistanda deyil, Mərkəzi Asiyada "demokratiya qarşısında dayanan əsas apostollardan biri" kimi xarakterizə edir.

O deyir ki, İslam Kərimov hakimiyyətdə olduğu 27 il müddətində müasir Özbəkistanın demokratiyaya qovuşmasının qarşısını almaq üçün "əlindən gələn hər şeyi etdi".

"Bu gün Moskvanın mərkəzi küçələrinə baxanda adamın ürəyi ağrıyır. Bütün özbək xalqları ən qara işlərlə məşğul olur. Yalnız kişi deyil, kütləvi şəkildə həm də qadınlar iş üçün Rusiya şəhərlərinə miqrasiya etdi. Bu adamlar Rusiyada çörək tapa bilirdilərsə bunu niyə öz ölkələrində tapa bilmədilər",- deyə sual edən alim bunu İslam Kərimovun "yeritdiyi siyasətin ən mühüm nəticələrindən biri" kimi dəyərləndirir.

Cəmil Həsənli deyir ki, Özbəkistan cəmiyyətində mövcud olan ziddiyyətləri həll etmək əvəzinə "Kərimov diktator - idarə üsullarına söykənərək repressiya gücünə onun qarşısını almağa çalışırdı".

Bunları əsas gətirərək cənab Həsənli "bundan sonra nə olacaq, bunu proqnozlaşdırmaq çətindir" deyir və əlavə edir ki, İslam Kərimov ölkəyə "ağır irs qoyub və bunların hamısının həlli üçün çox ciddi addımlar atmaq lazım gələcək".

Tarixçi ehtimal edir ki, hakimiyyət hazırda rəhbərlikdə olan və İslam Kərimovun öncül ünsürlərindən birinə keçəcək.

"Hər bir halda prezident seçkiləri keçiriləcək, amma onun azad, demokratik keçirilməsinə belə ciddi bir ümidlər yoxdur", deyə cənab Həsənli ölkənin gələcək vəziyyəti ilə bağlı proqnoz verməyə tələsmir.

Gənc nəsil

Millət vəkili Aydın Mirzəzadə düşünür ki, İslam Kərimov ötən illər ərzində öz siyasətini özü aparan və daxildəki ekstremizmlə mübarizə apara bilən hökumət qura və ölkəni idarə etmək qabiliyyətində olan müəyyən sayda kadrlar yetişdirə bilib.

"Mərhum prezident bütün regionların bərabər sürətdə hakimiyyətdə təmsil olunmasına nail olub" deyən cənab Mirzəzadə buna əsasən ehtimal edir ki, prezident Kərimovun ölümündən sonra regionların münaqişəsi "gözlənilən şiddətliyi almayacaq".

Fotonun müəllifi PRAKASH SINGH
Image caption İslam Kərimovu kim əvəzləyəcək sualı cavabsız qalır

Millət vəkili fikirləşir ki, İslam Kərimov özbək dövlətçiliyinin fəlsəfəsini gənc nəslə ötürə bilib və buna görə də ölkədə hakimiyyətin yeni nəslə ötürüləcəyi gümanının yüksək olduğu düşüncəsindədir.

"Hesab edirəm ki, hakimiyyətə gələn insanlar yeni deyil, İslam Kərimov komandasında işləyən şəxslər olacaq. Hesab edirəm İslam Kərimovun dövlətçiliyi, yeni rəhbərliyə də xas olacaq", millət vəkili gələcək Özbəkistan- Azərbaycan münasibətlərinin dəyişməyəcəyinə dair fikrini şərh edərkən deyir.

"Hər halda ümumi dilimiz, dinimiz, bir çox hallarda üst-üstə düşən mədəniyyətimiz, milli xarakterimiz var."

İki ölkə arasındakı münasibətlər haqqında danışarkən cənab Mirzəzadə həm də, İslam Kərimov dövründə Özbəkistanın Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsinə və onların qəti şəkildə işğal olunmuş torpaqdan qoşunlarını çıxarllmasını tələb etməsini xüsusi diqqət çəkir.

Bu barədə daha geniş