Mətbuat icmalı: "Siqaretlərin qiyməti yenidən 25-30 faiz artıb"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Əksər siqaretlərin qiyməti yenidən 25-30 faiz artıb

Qəzet "Report"a istinadən yazır ki, bu gündən Azərbaycanda əksər siqaretlərin qiyməti yenidən artırılıb. Ümumilikdə siqaretlərin qiymətində 25-30 faiz artım müşahidə olunur.

Məlumatda siqaretlərin yeni və əvvəlki qiymətlərini əks etdirən siyahı da təqdim edilir.

"Azərbaycan": Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstana daha 8 dəst kənd təsərrüfatı texnikası verilib

SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri zamanı prezident İlham Əliyevin tapşırığı ilə Gəncə Avtomobil Zavodunun istehsalı olan 8 yeni "Belarus" traktorunu Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verib.

Bu ilin mart ayında 10 ədəd "Belarus" traktoru və qoşqular Rustavi şəhərində Kvemo Kartli regionunun rəhbərliyinə təhvil verilib. İndi isə daha 8 ədəd traktor və 8 aqreqat komplekti Marneuli rayonuna verilir.

"Xalq qəzeti": Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə qeyri-rəsmi görüşdə çıxışında deyib:

"Regionda uzunsürən münaqişələr çoxtərəfli əməkdaşlığa mane olur. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyündən heç də az əhəmiyyət daşımır.

"Biz Aİ-nin bu yaxınlarda qəbul edilmiş Qlobal Strategiyasında bu əsas prinsiplərə açıq dəstəyini alqışlayırıq. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılması Aİ-nin Cənubi Qafqazda və ondan kənarda regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə xidmət edəcək".

"Yeni Müsavat": İlham Əliyev icra başçılarına: "Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar"

Prezident rayon rəhbərliklərinə "rayonlarında işlərin daha sürətlə" getməsinə görə qiymət veriləcəyini bildirib.

Şənbə günü Şirvan-Muğan magistral su kəmərindən Salyan şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı çıxış edən prezident Əliyev qeyd edib ki, hər bir rayon və rayon rəhbərliyi çalışmalıdır ki, öz rayonuna investisiyalar cəlb etsin.

"Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir", prezident yerli icra orqanlarına xitabən deyib.

O həmçinin bildirib ki, dövlətin infrastruktur, o cümlədən su layihələrinə ayırdığı milyardlarla vəsait "gəlir gətirmir, sırf sosial məna daşıyır."

Prezident vurğulayıb ki, ölkəyə valyuta gətirən ixrac məhsulları lazımdır. "Kənd təsərrüfatı məhsulları arasında bu bölgə üçün ən məqbul sahələrdən biri də pambıqçılıqdır," deyə o bildirib.

Əlaqəli mövzular