Azadlıq qəzetinin bu günə olan nömrəsi nəşr olunmayıb

Azadlıq qəzeti Fotonun müəllifi STRINGER/ Getty
Image caption Azadlıq qəzetinin çapında 2013-cü ilin noyabr ayında da dörd günlük fasilə yaranmışdı

Bizə yaradılmış problemlərin nə qədər çəkəcəyini bilmədiyimdən bu vəziyyətin hələ nə qədər davam edəcəyini demək çox çətindir, qəzetin baş redaktor müavini Rahim Hacıyev BBC Azərbaycancaya müsahibəsində deyib.

"Biz çox ciddi səylər göstəririk, hər cür fədakarlığa hazırıq ki, qəzet fəaliyyətini davam etdirsin. Amma bizdən asılı olmayan səbəblər ucbatından belə bir problemlər yaranır. Əlimizdən gələn hər şeyi edəcəyik ki, qəzetin fəaliyyəti davam etsin", - deyə qəzet rəsmisi buna nail olacaqlarına ümid edir.

Rahim Hacıyevin sözlərinə görə qəzetin "Azərbaycan" nəşriyyatına "təqribən" 20 min manat borcu var və nəşriyyat ödənişlə bağlı onlara bazar ertəsinə qədər möhlət verib. "Hələ də ödəniş etmək imkanı yoxdur," redaktor müavini bildirib.

Cənab Hacıyev ötən gün BBC Azərbaycancaya müsahibəsində deyib ki, bazar günü qəzetin çapını həyata keçirən digər mətbəəyə də borcları var.

"Onlara olan borcumuz çox az məbləğdir. Amma təəssüf ki, onlar da çap etmədi. Biz indi maliyyə əməliyyatlarını apara bilmirik deyə bu bizim vəziyyəti daha da ağırlaşdırır", qəzet rəsmisi "vəziyyətimiz bu qədər kritikdir" deyə hazırki durumlarından narahatlığını ifadə edib.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondudan məsələni şərh edəcək məsələhtçinin məzuniyyətdə olduğu, rəhbərliyin isə Qırğızıstanda səfərdə olduğunu bildiriblər.

Fond 2013-cü ildə Azadlıq qəzeti ilə əməkdaşlığını kəsərək maliyyə yardımını dayandırıb.

Sənədlərlə bağlı problem

Qəzetin baş redaktor müavininin dediyinə görə, əməliyyatları apara bilməmələrinin səbəbi qəzetin maliyyə direktoru Faiq Əmirlinin həbsindən sonra notarial kontorda yeni əməkdaşın imzasını təsdiqlədə bilməmələridir.

"Bizə deyirlər sənədləriniz qaydasında deyil, qəzet yenidən qeydiyyatdan keçirilməlidir", cənab Hacıyev kontordan onlara verilən cavab haqqında danışır.

Azadlıq qəzetinin maliyyə direktoru və AXCP sədrinin müavini Faiq Əmirli, Baş Prokurorluqda "Fetullah Gülenin rəhbərlik etdiyi "Hizmət hərəkatı"nın Azərbaycanda "fətullahçılığı" təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə" başlanılan cinayət işi ilə bağlı həbs olunub.

Rahim Hacıyevin sözlərinə görə, belə cavab verilməsinə səbəb AXCP partiyasının 2015-ci ilin sentyabrında qəzetin təsisçiliyindən imtina etməsi ilə bağlı qərarın növbəti dəfə Ədliyyə Nazirliyi tərəfindən qəbul olunmaması ilə bağlıdır.

"Uzun illər əvvəl AXCP partiyası qəzetin təsiçiliyindən imtina ilə bağlı müraciət etmişdi, amma o zamanlar hansısa səbəbdən bu qəbul olunmamışdı.

"Bu dəfə isə Ədliyyə Nazirliyi partiyanın öznünün sənədlərini qəbul etmədi", deyə Rahim Hacıyev qəzetin bu günkü vəziyyətə düşməsinin məhz həmin dövrdə baş verən hadisələrin davamı olduğunu deyir.

Baş redaktorun müavini təəssüflə qeyd edir ki, indiki durumla bağlı onlar bir neçə gün əvvəl açıqlama yaysalar da rəsmi media orqanlarından bununla bağlı "reaksiya yoxdur".

"Mətbuat Şurası ilə müzakitə etmək istəsək də onunla əlaqə qura bilməmişik. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu da bizimlə əməkdaşlığı 2013-cü ildən dayandırıb", deyə cənab Hacıyev Azadlıq qəzetinin əsasən satışdan və "çox cuzi" olaraq reklamdan maliyyələşdiyini bildirir.

Cənab Haciyev əlavə edir ki, ikinci devalvasiyadan sonra qəzetin tirajı da kəskin azalıb.

Onun sözlərinə görə, məsələnin həlli ilə bağlı Azadlıq qəzeti bu həftə Ədliyyə Nazirliyinə müraciət ünvanlamağa hazırlaşır.