Mətbuat icmalı: "Olimpiya kompleksləri də girov qoyulubmuş"

İlham Əliyev Fotonun müəllifi Getty Images

"Azərbaycan": Prezident "ASAN xidmət" mərkəzlərinin işçilərini və könüllülərini həvəsləndirmək üçün 5 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 5-də ""ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb.

Prezident bu sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 (beş) milyon manat ayrılmasını tapşırıb.

Sənəddə bundan başqa deyilir: "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görsün, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədi ilə onlara bir il müddətində aylıq mükafat verilməsini təmin etsin".

"Xalq qəzeti": Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb

AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasimdə paralimpiyaçı idmançılar, Azərbaycan nümayəndə heyətinin üzvləri, ölkəmizin Braziliyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

"XV Paralimpiya Oyunlarında Azərbaycan 24 idmançı ilə təmsil olunur. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 41-dir.

Sentyabrın 7-də Rio-de-Janeyronun "Marakana" stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq," məlumatda deyilir.

"Azadlıq": Cahangir Hacıyev: "Layihələr öz əllərində olduğundan sənədləri vermirlər"

Fotonun müəllifi Trend
Image caption "Bu gün xaricdəki təsisçi şirkətlərə sorğu verin, görün, benefislər kimlərə məxsusdur - Cahangir Hacıyevə, yoxsa Samir Şərifov və digərlərinə?", Cahangir Hacıyev məhkəmədə bildirib

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev sentyabrın 5-də keçirilən məhkəmə iclasında Maliyyə Nazirliyinin onun ölkədən 5 milyard dollar vəsait çıxarması barədə ittihamlarına cavab verib.

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bu cür məhkəmədən ədalətli nəticə gözləmədiyini deyib. O, müvəkkilinin ölkədən 5 milyard [dollar] çıxarması barədə Maliyyə Nazirliyinin açıqlamasına da münasibət bildirib: "Elə fantastik rəqəmlər səsləndirirlər ki, adam vahiməyə düşür. Maliyyə Nazirliyinin açıqlamasında iddia olunub ki, bu dəstə 5 milyard mənimsəyib, guya Cahangir Hacıyev ofşor zonalara pul ötürüb. Ofşor zonalarla bağlı məlumatlar açıqdır, jurnalistlər istəsə yoxlaya bilərlər. Orada Cahangir Hacıyevin adı yoxdur. Maliyyə Nazirliyi bu məsələdə də qərəzlidir, vəsaitlər layihələrə xərclənib".

Vəkil Maliyyə Nazirliyinin bu ittihamını C.Hacıyev barəsində mənfi ictimai rəy yaratmaq cəhdi kimi qiymətləndirib: "Əgər Maliyyə Nazirliyində 5 milyardla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyib, yoxdursa, niyə belə açıqlama verir? Maliyyə Nazirliyi belə açıqlamalardansa, manatın taleyi, məzənnəsi barədə açıqlama versin".

Ünvanına səslənən ittihamlara etiraz edən C.Hacıyevin özü isə belə deyib: "Bu gün xaricdəki təsisçi şirkətlərə sorğu verin, görün, benefislər kimlərə məxsusdur - Cahangir Hacıyevə, yoxsa Samir Şərifov və digərlərinə? Mənimsənildiyi iddia olunan vəsait layihələrə sərf olunub. Bu gün həmin layihələr öz əllərində olduğundan sənədləri vermirlər. Nə baş verdiyini siz də, mən də yaxşı bilirik. Şou göstərəndə, heç olmasa, yaxşı təşkil eləyin. Mənə də 100 sifariş olub, amma elə eləmişəm ki, nə şiş yanıb, nə kabab. Daha şou göstərməmişəm.

Həmin şirkətlərin təsisçilərinin yoxlanması barədə vəsatət verirəm. Çünki indi benefislər öz əllərində olduğu üçün sənədləri vermirlər. Əslində, siz sübut etməlisiniz ki, mənimsəməyə yol vermişəm. Ancaq indi biz sübut etməyə çalışırıq ki, mən mənimsəməyə yol verməmişəm. Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm."

Daha sonra C.Hacıyev dövlət ittihamçısı F.Nağıyevə belə deyib: "Sizə simpatiyam var. Amma imkan yaradın vəkillər sual versinlər. Hörmətli prokuror sizin şahidlərə etdiyiniz işarələri, him-cimləri buradan yaxşı görürəm. Nə baş verib, sonda nə qərar veriləcək - siz də, mən də yaxşı bilirik…"

"Azadlıq": "Olimpiya kompleksləri də girov qoyulubmuş"

Fotonun müəllifi Trend
Image caption İdman və gənclər naziri Azad Rəhimov deyib ki, dövlətin pulunun olmadığı vaxtlarda olimpiya komplekslərini digər strukturlar tikirdi

İdman və gənclər naziri Azad Rəhimov virtualaz saytına müsahibəsində bildirib ki, dövlətin pulunun olmadığı vaxtlarda olimpiya komplekslərini digər strukturlar tikirdi. "Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi "Nurgün Motors", Masallıdakını "Azpetrol" tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır. Bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum oldu ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb.

Gəncə Olimpiya kompleksi nazirliyin balansına keçib. Lənkəran kompleksi dəhşətli tərzdə tikilmişdi. Buna görə də, onu söküb yenidən tikmək lazım oldu. Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. Orada da işlər elə də sadə deyil. Komplekslər əl dəyişdirmişdi, biri hətta Hollandiya şirkətinə məxsus idi," deyə nazir bildirib.

Azad Rəhimov həmçinin qeyd edib ki, illik qazancı 20-40 min manat olan komplekslərin digər işlərdə nazirlik yardım edir".