"İnvestisiya təşviqi sənədi" verilməsi "şəffaflaşa və çevikləşə" bilər

İlham Əliyev Fotonun müəllifi Getty Images

Azərbaycanda sahibkarlara əhəmiyyətli vergi güzəştləri verən "İnvestisiya təşviqi sənədi"nin verilmə müddəti azaldıla və prosedurları "asanlaşdırıla bilər", BBC Azərbaycancaya danışan təhlilçi deyir.

Bazar ertəsi prezident İlham Əliyev sənədə nəzarətə dair Nazirlər Kabinetinin səlahiyyətlərinin ləğv olunmasını ifadə edən fərman imzalayıb.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, sənədə nəzarətin Prezident Administrasiyasına (PA) keçməsi onun daha qısa müddətdə və asanlıqla əldə edilməsinə səbəb ola bilər.

"İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərman bu il yanvarın 18-də imzalanıb. Fərmanda deyilir ki, bu sənəd investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədi daşıyır.

"Bu sənədin PA tərəfindən verilməsi daha məqsədəuyğundur. Təcrübə göstərir ki, PA tərəfindən sənədlərin verilməsi daha şəffaf və çevik olur", deyən cənab Bayramov əlavə edir ki, sənədin verilməsi qaydalarında dəyişiklik yoxdur, təkcə nəzarət orqanı dəyişdirilib.

Vüqar Bayramov bildirir ki, investisiyanın təşviqi sənədi investisiyanın təşviq edilməsi məqsədilə istehsal sektoruna sərmaye qoyan sahibkara verilir.

Bu sənədi alan sahibkarlar 7 il müddətində gəlir və mənfəət vergisindən 50 faiz azad edilir, həmçinin o şirkətin ölkəyə idxal etdiyi avadanlıqlar gömrük vergisindən azaddır.

Bu sənədi əldə etmək üçün təyin edilən minimum məbləğ paytaxt və rayonlardan asılı olaraq fərqləndirilir - belə ki, sənədi almaq üçün investisiyaya yönəldilən məbləğ Bakıda daha yüksəkdir.

İqtisadçının sözlərinə görə, buna səbəb rayonlarda investisiya imkanlarının nisbətən məhdud olmasıdır.

Vüqar Bayramov qeyd edir ki, indiyə qədər bu sənədi təxminən 35 nəfər əldə edə bilib.

Sahibkarlar müəyyən edilmiş minimum miqdarında məbləği sərmaye kimi yönəldərək iş yeri və ya fermer təsərrüfatı yaratmalı və sonra bu sənəd üçün müraciət etməlidir.

Əlaqəli mövzular