Britaniya mətbuatı: İngiltərədə Aİ referendumundan sonra nifrət cinayəti artıb

İngiltərədə Avropa referendumundan sonra nifrət cinayəti kəskin artıb

"The Guardian" qəzetinin daxili işlər redaktoru Alan Travis yazır ki, Britaniyada keçirilmiş Avropa İttifaqı referendumundan sonra, daha dəqiq deyilsə, iyul ayının ikinci yarısında İngiltərə, Uels və Şimali İrlandiyada nifrət zəminində cinayətlər ötən illə müqayisədə kəskin şəkildə artıb.

Məqalədə deyilir ki, Milli Polis Rəisləri Şurası tərəfindən "kirmişcə" açıqlanmış hesabatda nifrət zəminli cinayətlərin ötən illə müqayisədə bu il iyulun son həftəsində 49 faiz artaraq 1863 hadisəyə çatdığı bildirilir.

Bundan bir həftə sonra bu rəqəmin 58 faiz artdığı deyilir.

"The Guardian" yazır ki, Britaniyada nifrət zəminində cinayətlər barədə kifayət qədər məlumatın olmaması hətta BMT-nin də narahatlığına səbəb olub.

Bundan əvvəl açıqlanmış hesabatlara görə Britaniyada 23 iyun Avropa referendumundan dərhal sonra nifrət zəminli cinayətlərin 46 faiz sıçrayışı qeydə alınıb.

Lakin son hesabat bu zəminli cinayətlərin sonrakı həftələrdə də artdığını nümayiş etdirib.

Ən son həftəlik məlumata görə nifrət cinayətləri ötən illə müqayisədə 16 faiz artıb.

Son məlumatda avqustun üçüncü həftəsində Britaniyada 1384 insidentin baş verdiyi deyilir.

Lakin polis rəsmilərinin dediyinə görə hazırda belə insidentlərin sayı o qədər azalıb ki, onlar barədə hər həftə məlumat verilməsinə ehtiyac yoxdur.

Milli Polis Rəisləri Şurasının nifrət cinayətləri şöbəsinin başçısı Mark Hamilton bəyan edib ki, hazırda insidentlərin sayı 2016-cı ilin əvvəlləri üçün verilmiş rəqəmlər səviyyəsinə enib.

"Bu o demək deyildir ki, nifrət cinayətləri artıq bizim üçün prioritet deyil, - deyib Hamilton, - Biz bilirik ki, cəmiyyətdə parçalanmalar hələ də qalır və gərginlik hətta yenidən arta bilər".

"The Guardian" yazır ki, Britaniyada yaşayan polyak icmasının təhlükəsizliyindən narahat olan Polşa nazirləri bu həftə Londona səfər ediblər.

Image caption Polis rəsmilərinin dediyinə görə hazırda nifrət zəminində baş verən insidentlərin sayı o qədər azalıb ki, onlar barədə hər həftə məlumat verməyə ehtiyac yoxdur.

Bundan əvvəl hücuma məruz qalmış bir polşalı - Arkadiusz Jóźwik Essex əyalətinin Harlow şəhərində öldürülümşdü.

Ötən həftəsonu həmin şəhərdə mərhumun xatirəsini yad etmə məqsədilə çiləçıxarma aksiyası təşkil edilib.

Polis iyun ayının sonlarından etibarən nifrət cinayətlərinin sıçrayışlı artımını bilavasitə referendumla bağlayır.

Qeyd olunur ki, cəmiyyətin bəzi nümayəndələri referendumda Avropa İttifaqından çıxmaq nəticəsinin alınmasını qanunsuz hərəkətlər törətmək üçün lisenziya kimi qəbul ediblər.

"The Guardian" yazır ki, sözü gedən qanunsuz və zorakı hərəkətlər əsasən Şərqi avropalılara qarşı törədilib.

Bu arada Britaniya daxili işlər naziri Amber Rudd millət vəkilləri qarşısında çıxışında deyib ki, nifrət cinayətləri üzrə göstəricilər 2015-ci il səviyyəsinə qayıdıb.

Bununla belə tənqidçilər deyirlər ki, polisin həftəlik hesabatları dayandırması barədə qərar tələsik qəbul olunub.

İnsan istəsə bu gün də ağacda yaşayar

"The İndependent" yazır ki, tanınmış professorlardan birinin fikrincə, insanın meymundan əmələ gəlməsinə dair təkamül nəzəriyyəsinə dəqiqlik gətirimək lazımdır.

Alimin fikrincə, guya insanın iməkləyən meymundan əmələ gələrək sonradan ayağa qalxıb iki ayağı üstündə gəzməsi barədə geniş yayılmış təsəvvür yanlışdır.

Məqalədə deyilir ki, yaşı 3, 7 milyon il olan ibtidai insanın daşlaşmış qalıqları şimpanze və insanların eyni bir məxluqdan yarandığını göstərə bilər.

İngiltərənin Swansea şəhərində keçirilən Britaniya Elm Festivalında çıxış edən professor Robin Crompton iddia edib ki, insanlar və meymunlar eyni əcdada malik olublar və bu əcdad artıq iki ayağı üstdə gəzirdi.

Onun fikrincə, əksinə şimpanzelər və başqa meymunlar əlləri və ayaqları ilə gəzməyə sonradan başlayıblar.

Professor Crompton deyib ki, insanın və meymunun şərikli əcdadı da ağaclarda yaşayırmış.

Fotonun müəllifi The Natural History Museum/Alamy
Image caption "The İndependent" yazır ki, Avstralopitek (Australopithecus hominid ) kimi tanınan ibtidai insanın qalıqları 1990-cı illərdə tapılsa da, sümüklərin yaşı indi müəyyən edilib.

Alimin dediyinə görə, insanın iki ayaq üstündə gəzməsi onun ağaclardan enib yerdə gəzməsindən sonra başlanmayıb.

Professor bunu da deyib ki, insanın əcdadı alətlərdən istifadə etməyi hələ ağaclarda yaşayarkən öyrənib.

Alimin fikrincə, bu ortaq əcdad meymundan daha çox müasir insana bənzəyirdi.

Professor Crompton yarızarafat-yarıgerçək bunu da qeyd edib ki, müasir insanın da ağaclarda gəzməkdə heç bir problemi yoxdur. Bunun üçün sadəcə olaraq çəkmələrini çıxartması kifayətdir.

"The İndependent" yazır ki, Avstralopitek (Australopithecus hominid ) kimi tanınan ibtidai insanın qalıqları Cənubi Afrikada 1990-cı illərdə tapılsa da, sümüklərin yaşı indi müəyyən edilib.

Alimlər bildirirlər ki, sözü gedən ibtidai insan Cənubi Afrikada tapılmış və Lucy adlandırılmış məxluqla eyni genlərə malik olub.

Amma Lucy-nin boyu cəmi 1, 1 metr olsa da, "Balaca ayaq" adlandırlıan Avstralopitekin boyu müasir avropalı qadınların boyu qədər olmalı idi.

Professor Crompton deyib ki, Lucy Avstralopitekin piqmey, yəni cırtdan forması olub. Hazırda müasir insan Homo sapiensin də pigmey formaları var.

Crompton qədim insanlar sahəsində aparıcı alimlərdən sayılır və əvvəllər də sensasiyalı bəyanatlarla çıxış edib.

Məsələn o Lucy-nin müasir insanlar kimi iki ayağının üstündə gəzdiyini iddia etmişdi.

Alimlərin əksəriyyəti bu qənaətdə idilər ki, Lucy meymunlar kimi dördayaqlı olub.

Lakin Crompton "The İndependent" qəzetinə deyib ki, onunla razılaşmayan alimlərin sayı getdikcıə azalır.

Alim bildirib ki, insanın ayağı ilə meymunların ayaqları arasında prinsipial fərq yoxdur.

"Məsələn insanın ayaq pəncəsi qorillanın ayaq pəncəsi kimidir" - deyib alim.

Düz danışın, yəni heç danışmayın

Fotonun müəllifi EPA
Image caption Xəbər verilir ki, rəsmilər ölkə boyunca gəzərək adamlara hansı söz və ifadələrdən çəkinmək lazım olduğu barədə mühazirə oxuyurlar.

"The Express" yazır ki, Şimali Koreyanın despotik lideri rəsmilərə yumorlu, kinayəli və satiralı ifadələr işlətməyi qadağan edib.

Şimali koreyalılara xəbərdarlıq edilib ki, atmacalı ifadələr "düşmən hərəkəti" kimi qəbul ediləcək.

Qadağan olunmuş ifadələrdən biri də "bunların hamısı amerikalıların zibilidir" deyimidir. Şübhələr var ki, bu ifadəni işlədənlər liderin ağzını əyməyə çalışırlar, çünki bu sözləri gənc rəhbərin özü tez-tez işlədir.

Xəbər verilir ki, rəsmilər ölkə boyunca gəzərək adamlara hansı söz və ifadələrdən çəkinmək lazım olduğu barədə mühazirə oxuyurlar.

"The Express" yazır ki, bu mühazirələrin əsl mahiyyəti "ağzınızı açmayın" deməkdir.

"Xarici aləmi görməyən axmaq" ifadəsi də qadağan siyahısındadır. Məqalədə deyilir ki, Şimali Koreya lideri çox nadir hallarda ölkəsini tərk edir.

"The Express" yazır ki, bu ifadə Kim Jong-un, İkinci Dünya Müharibəsinin başa çatmasının qeyd olunduğu mərasimlərə qatılmaq üçün Moskva və Pekinə getmədikdən sonra Pxenyanda adamların qiybətlərində daha çox dolaşırdı.

Məqalədə deyilir ki, Pxenyan rejiminin bu qadağanları real hadisələrlə bağlıdır.

Məsələn, Şimali Koreyanın gombul liderinin qraffitisi Pxenyanın küçələrindən birində gizli şəkildə divara çəkilib. Əvvəllər belə bir halı təsəvvürə gətirmək mümkün deyildi.

Əlaqəli mövzular

Bu barədə daha geniş