Mətbuat icmalı: Balakən ərazisində daha bir zəlzələ qeydə alınıb

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Balakən ərazisində daha bir zəlzələ qeydə alınıb

Sentyabrın 7-dən 8-nə keçən gecə saat 01:29-da Balakən ərazisində daha bir zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3-2 bala qədər hiss edilib.

Zəlzələnin maqnitudasının 4,1 bal, dərinliyininsə 3 kilometr olduğu bildirilir.

"Azərbaycan": Prezident 2019-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb

Sentyabrın 7-də prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb

Sənəddə deyilir: "Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin."

"Xalq qəzeti": Azərbaycan ilə Almaniya arasında iki saziş imzalanıb

Sentyabrın 7-də Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Almaniya arasında "Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu" layihəsi üzrə iki sazış imzalanıb.

Sənədləri Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Almaniya tərəfdən isə KfW Bankının (Almaniya İnkişaf Bankı) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vittin imzalayıblar.

Tədbir zamanı bildirilib ki, layihənin əsas məqsədi regionda ilk biosfer rezervatın yaradılması ilə bağlı hazırlıq tədbirlərinin görülməsi, Zaqatala qoruğunun infrastrukturunun gücləndirilməsi, təbiətin mühafizə tədbirlərinin dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasıdır. "Qrant 2013-cü il noyabrın 28-də imzalanmış "Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında 2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə Maliyyə Əməkdaşlığı haqqında Saziş"ə əsasən ayrılıb. Bu il başlanması, 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan layihənin ümumi dəyəri 4,5 milyon avro, qrantın məbləği isə 4 milyon avrodur," məlumatda deyilir.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab birgə həyata keçirilən layihələrin vacibliyini qeyd edib və çirkab suların təmizlənməsinin ən vacib və aktual məsələ olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində zonalaşma aparılması və burada müvafiq zonaların, o cümlədən turizm zonalarının müəyyən olunması nəzərdə tutulur. Səfir layihənin həyata keçirilməsi ilə bölgəyə olan turizm axını dəfələrlə artacağını, yeni iş yerləri açılacağını və kənd yaşıl turizminin inkişaf edəcəyini vurğulayıb.

"Xalq qəzeti": Prezident "DP World" şirkətlər qrupunun sədrini qəbul edib

Sentyabrın 7-də Prezidenti İlham Əliyev "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.

Sultan Əhməd bin Sulaim Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun salamlarını prezident İlham Əliyevə çatdıraraq bildirib ki, ölkəsi Azərbaycan iqtisadiyyatına daim töhfə verməyə hazırdır. Sultan Əhməd bin Sulaim bu gün Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli iqtisadi zona ilə bağlı imzalanacaq müqavilənin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağına əminliyini ifadə edib.

"Son dövrlər Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Körfəz ölkələrindən çoxlu sayda turist gəldiyini deyən Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi yolunu tutduğunu, respublikamızda sənaye, turizm, nəqliyyat, kənd təsərrüfatı da daxil olmaqla, bütün sektorlarda sürətli inkişafa nail olunduğunu, bütün bunların da öz növbəsində neftin qiymətinin kəskin aşağı düşdüyü dövrdə qarşıya çıxan problemlərin aradan qaldırılmasına yaxşı imkanlar yaratdığını vurğuladı," xəbərdə deyilir.

"Azadlıq": Üsyankar müstəntiq Rüfət Səfərova 10 il həbs cəzası istənilib...

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölkədəki insan haqlarının pozulmasına, prokurorluqdakı qanunsuzluqlara etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermiş Rüfət Səfərovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Image caption Rüfət Səfərov Zərdab rayon Prokurorluğunda 2011-ci ilin oktyabrından müstəntiq kimi işləməyə başlayıb.

Prokuror Rüfət Səfərova qarşı ittihamın məhkəmədə sübuta yetirildiyini iddia edərək, ona 10 il həbs cəzası istəyib.

Bundan sonra Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Hakim Asim Hacıyev vəkilə çıxışa hazırlaşmaq üçün vaxt verməkdən imtina edib. Hakim vəkilin çıxış etməsi üçün növbəti iclası isə sentyabrın 8-i, saat 09.30-a təyin edib. Vəkilin etirazları isə heç bir nəticə verməyib.

Yazıda sözügedən məhkəmə iclasında baş vermiş digər maraqlı hadisələr də əksini tapıb. "R.Səfərov ittihamları rədd edir və hökumətin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə görə siyasi sifarişlə cəzalandırıldığını bildirir.

Onu da qeyd edək ki, R.Səfərov qocaman YAP-ın qurucularından olan keçmiş deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur," xəbərdə deyilir.

"Azadlıq": Milli Şura: "Hakimiyyәt mitinqdәn qorxuya düşüb"

Milli Şuranın yaydığı bəyanatda deyilir ki, "Monarxiyaya yox! Talana son!" şüarı ilə keçiriləcək mitinqin yerini vә vaxtını razılaşdırmaq üçün avqustun 31-dә Bakı şәhәr İcra Hakimiyyәtinә müraciәt edilsə də BŞİH hәlә dә Milli Şuraya cavab vermәyib.

"Milli Şura BŞİH-in cavabı gecikdirmәsini ümumilikdә hakimiyyәtin elan olunmuş mitinqdәn qorxuya düşmәsi ilә әlaqәlәndirir. Milli Şura 11 sentyabr mitinqinә hazırlığı yüksәk sәviyyәdә aparıb. Sosial şәbәkәdә mitinqә dәvәt yüksәk rәğbәtlә qarşılanmış, mitinqlә bağlı mәlumatlar 1 milyona yaxın sosial şәbәkә istifadәçinә çatdırılmış, aksiyanın başlıca tәşkilati donoru olan AXCP onlarla mitinq müşavirәlәri keçirmişdir. Bir sıra başqa tәşkilat vә qruplar da mitinqә dәstәklәrini ifadә etmişlәr. Belәliklә, 11 sentyabra elan olunan etiraz aksiyası ümumxalq mitinqi sәviyyәsinә qalxmışdır. Bütün bunlar hakimiyyәti ciddi tәşvişә salıb vә buna görә dә mitinq әleyhinә sәrt qara piar kampaniyasına başlanılıb. Mitinqin gözlәnilәn kütlәviliklә baş tutmasına mane olmaq üçün Milli Şuraya tәzyiqlәr artırılıb, hakimiyyәtin bütün tәbliğat vasitәlәri, o cümlәdәn televiziyalar mitinq әleyhinә kampaniyaya sәfәrbәr olunub, hәtta Azadlıq qәzetinin çapından da hәmçinin bu mәqsәdlә imtina edilib. Milli Şura bәyan edir ki, BŞİH-in cavab mәktubunu qanunu pozaraq yubatması mitinqlә bağlı cәmiyyәtdә qeyri-müәyyәnlik yaratmağa vә hazırlıq işlәrini pozmağa hesablanıb. Mili Şura BŞİH-dәn tәlәb edir ki, qanunsuzluğa son qoysun vә mitinq üçün müraciәtә dәrhal cavab versin," müraciətdə qeyd olunur.

Əlaqəli mövzular