Yerli banklardan valyuta köçürmək mümkündürmü?

Manat/dollar Fotonun müəllifi REUTERS/David Mdzinarishvili

BBC Azərbaycanca araşdırma zamanı müəyyən edib ki, paytaxt Bakıda yerləşən bankların bəziləri xarici ölkəyə manatı konvertasiya edərək dollarla göndərmək xidmətini dayandırıb.

Gün ərzində əlaqə yaratdığımız 10-a yaxın bankdan yalnız ikisində, Əmrahbank və Yapı Kredi Bank-da manatın konvertasiyası ilə dollar köçürməsinin mümkün olduğu bildirilib.

Təhlilçilər deyir ki, banklar milli valyutadan başqa istənilən valyutada əməliyyat aparmaqdan imtina edə bilərlər.

Bankların fəaliyyətinə nəzarət edən Maliyyə Bazarlarına Nəzarət Palatası isə bəyan edir ki, banklar bu cür əməliyyatları aparmaqda sərbəstdir və qurum onları bunu etməyi dayandırmağa "məcbur edə bilməz".

Gürcüstan və Türkiyədə yaşayan azərbaycanlılar isə ölkədəki valyutadəyişmə məntəqələrində manatı çətinliklə yerli valyuta ilə dəyişə bildiklərini deyir.

30 dollar limit

Adının çəkilməsini istəməyən Bakı sakini deyir ki, çərşənbə günü ona təcili 250 dolları Rusiyaya göndərmək lazım gəlib. Banklara yaxınlaşanda ona deyilib ki, bir dəfəyə 100 dollardan çox pul göndərə bilməz və üstəlik, bu məbləğ dollarla olmalıdır.

"Bizə təklif etdilər ki, 250 dolları hissələrlə göndərim. Yəni, bu gün 100 dollar, sabah da 100 dollar və növbəti gün 50 dollar. Belə hesablayanda mən komisyon pulu kimi 5 dollar yox, 15 dollar pul ödəməli olacaqdım", paytaxt sakini müştərisi olduğu bankın filialına baş çəkəndə orada limitin 30 dollar olduğunu aşkar edib.

Onun dediyinə görə, 3 bank gəzəndən sonra axtarışı dayandırıb və növbəti gün, yəni bu gün yenidən müştərisi olduğu bank filialına gedib.

"Bu gün axır ki, 250 dolları bir dəfəyə göndərə bildim", deyə o sevincini bölüşür.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sözçüsü Rüfət Abbasov deyir ki, banklar bu cür əməliyyat aparmaqda sərbəstdir və onların biznes strategiyasının çərçivəsində müəyyənləşən, "özlərinin verə biləcəyi" qərardır.

O əlavə edir ki, dolların satışı ilə yanaşı xarici pul köçürmələri etmək istəməyən bankları palata buna məcbur edə bilməz.

"Bu, qanunvericilikdə göstərilən sərbəstlik çərçivəsindədir. Onlar kommersiya fəaliyyəti ilə məşğuldurlar, gəlir əldə edirlər. Palata yalnız dolların satışında müəyyən olunmuş 4 faizlik marjaya riayət olunmasına nəzarət edir", Rüfət Abbasov hazırda sözügedən problemin bu gün banklarda aradan qaldırıldığını iddia edir.

"Söz demək çətindir"

BBC Azərbaycancanın araşdırma məqsədilə müştəri kimi əlaqə saxladığı banklardan birindən, Ata Bankdan isə bildiriblər ki, xaricə dollarla pul göndərmək üçün pulu da dollarla təqdim etmək lazımdır.

"Bizdə dolların satışı yoxdur deyə manatı dəyişə bilməyəcəyik", bank əməkdaşı deyir.

Access bankdan isə bildiriblər ki, manat təqdim olunacağı halda müştəri yalnız 100 dollar ekvivalentində dollar göndərmək imkanına malikdir. Səbəb olaraq bank əməkdaşı "biz konvertasiyanı dayandırmışıq" deyir.

Azərbaycan Sənaye Bankına görə isə, dollar təqdim olunacağı halda 1000 dollara qədər köçürmə həyata keçirmək olar. Amma bank, müştəri manatla gələcəyi halda köçürmə həyata keçirə biləcəyindən "əmin deyil".

"Filiallara gündəlik dollar satışı limiti qoyulur. Birdən siz gələnə qədər o limit qurtarsa, göndərə bilməyəcəyik. Ona görə dəqiq söz demək çətindir", bank əməkdaşı tərəddüdlə cavab verir.

Mərkəzi Bankın bu gün yaydığı məlumata görə, dollar satışı ilə bağlı keçirilən hərracda məcmu tələb 402.56 milyon ABŞ dolları təşkil edib. Valyuta hərracında isə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Bundan əvvəl keçirilən hərraclarda isə yalnız Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdı.

Bank hüquqşünası Əkrəm Həsənov baş verənlərə əsasən belə düşünür ki, Mərkəzi Bank devalvasiyaya getməyərək dollar satışını həyata keçirsə də, bu "çox davam edə bilməz".

"Devalvasiya qaçılmazdır. Bir müddət dollar satışı ilə bunun vaxtını uzatmaq olar. Bu vəziyyət o vaxta qədər davam edəcək ki, manat bazar dəyəri ilə satılmağa başlasın", ekspert bildirir.

Xaricdə manatın satışı

Gürcüstanda oxuyan tələbə İlkin Həsənli BBC Azərbaycancaya müsahibəsində bildirir ki, ikinci devlavasiyadan sonra Gürcüstanda manat dəyişmək "problem olub".

İlkin Həsənli deyir ki, əvvəllər şüşənin arxasından manat görəndə valyutadəyişmə məntəqəsi onu dəyişməyə həvəsli görünürdü, amma indi "həvəsli deyillər".

"İndi hazırda dəyişənlər də kursu çox aşağı səviyyədə dəyişir. Əvvəllər 1 manat 2,30-2,70 lari olub. Amma bu dəfə 1 manatı 1,01 lari, maksimum Tbilisidə bir yerdə 1,31 laridən dəyişdik". Cənab Həsənli deyir ki, manatın kursundan asılı olmayaraq valyutadəyişmə məntəqələri "manatı qəbul etməkdən ehtiyat edir və onu dəyişməkdən imtina edir".

Bir neçə gün bundan əvvəl Türkiyədə olan azərbaycanlının dediyinə görə, o da manatı dəyişməklə bağlı çətinliklərlə üzləşib.

Onun sözlərinə görə, İstanbulda valyuta dəyişmə məntəqələri manatı qəbul etmək istəməyib və manatı yalnız "mərkəzi küçədə, İstiqlal caddəsində yerləşən məntəqədə" dəyişə biləcəyini deyiblər.

"Amma bizim işimiz var idi deyə getdik Eksişehrə. Orda manatı dəyişmək üçün hardasa 6-7 valyuta dəyişmə məntəqəsi gəzdik və axırda bir yer tapdıq və dəyişdik", o deyir.

Bu barədə daha geniş