Rüfət Səfərova 9 il həbs cəzası kəsilib

Rüfət Səfərov
Image caption Rüfət Səfərov 2016-ci ilin əvvəlində rüşvət almaq ittihamı ilə həbs olunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət Səfərov məhkəmə zalında həbs edilib. Bundan əvvəl prokurorluq müttəhimə 10 illik həbs cəzasını tələb etmişdi.

Cənab Səfərov prosesdə müdafiə nitqini effektiv qurmaq üçün imkan verilmədiyini bildirib.

APA-nın yerli bürosunun məlumatına əsasən hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili müdafiə nitqi etmək üçün məhkəmədən on gün vaxt istəyib. Lakin hakim bunu prosesi qəsdən uzatmaq istəyi kimi qiymətləndirərək təklifi qəbul etməyib.

Müdafiə Nazirliyinin keçmiş sözçüsü Eldar Sabiroğlunun oğlu olan Rüfət Səfərov Zərdab rayon Prokurorluğunda 2011-ci ilin oktyabrından müstəntiq kimi işləməyə başlayıb.

O, ötən ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədəki qanunsuzluqlara göz yummaqda ittiham etdikdən sonra istefaya çıxıb.

2016-ci ilin əvvəlində Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Sabiq müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.

"Mənə qarşı olanlar bir repressiyadır. Sadəcə, çalışırlar ki, repressiya maşınının təkərləri altında məni əzsinlər. Amma kimin kimi əzəcəyini zaman göstərəcək", Rüfət Səfərovun proses barədə dediklərindən Turan agentliyində iqtibas gətilir.

Bu barədə daha geniş

BBC-nin digər saytlarında