Britaniya mətbuatı: Vahiməli yuxuları niyə görürük?

Milyarderin müşaviri milyarder olar

"The Financial Times" yazır ki, respublikaçı prezidentliyə namziəd Donald Trump-ın baş enerji məsləhətçisi Harold Hamm Rusiyanı və OPEC-i neft qiymətlərinin qalxması naminə hasilatı dondurmağa çağırıb.

O bildirib ki, ABŞ neft şirkətləri artıq hasılatı azaldıblar.

Məqalədə deyilir ki, ABŞ prezidentliyinə namizəd Trump-ın seçiləcəyi təqdirdə ölkənin energetika naziri olacağı deyilən bir şəxsin OPEC-ə və Rusiyaya müraciəti təəccüblüdür, beləki OPEC Amerikada bu gün də 1970-ci illərdəki Ərəb neft embarqoları ilə əlaqələndirilir.

"The Financial Times" xatırladır ki, ən böyük qeyri-OPEC ixracatçısı olan Rusiya və OPEC-in bayraqdarı Səudiyyə Ərəbistanı arasında neft bazarında müştərək fəaliyyət barədə pakt imzalanıb.

"Düşünürəm ki, onların razılığa gəlməsinin vaxtı çoxdan çatıb" - deyib Hamm "The Financial Times" qəzetinə.

Qəzet yazır ki, ABŞ-ın ən böyük şist nefti hasilatçılarından Continental Resources şirkətinin banisi və icraçı direktoru olan Hamm neft qiymətlərinin qalxmasından böyük mənfəət götürə bilər.

OPEC nazirləri Rusiya rəsmiləri ilə Əlcəzairdə görüşməlidirlər.

Onların məqsədi neft qiymətlərini heç olmasa sabitləşdirməkdir.

Məqalədə deyilir ki, cənab Hamm-ın bu qeydləri Amerikada ziddiyyətli qəbul olunacaq, çünki ucuz neft istehlakçılar üçün yaxşı olsa da, Texas və Şimali Dakotanın yataqlarında qara qızıl hasil edənlər üçün sərfəli deyil.

FT yazır ki, aşağı neft qiymətləri ABŞ-ın idxal neftindən azad edilməsi planlarına da mane olur.

Barack Obamanın keçmiş enerji müşaviri Jason Bordoff deyib ki, dünyanın böyük neft hasilatçılarını bazara müdaxiləyə dəvət etmək uzaqgörən siyasət deyil.

2015-ci ildə rekord 9, 6 milyon barrelə çatan ABŞ neft hasilatı hazırda yavaşıyıb, lakin ABŞ Enerji İnformasiyası Administrasiyası bildirib ki, yavaşıma gözlənildiyindən zəif olub.

FT yazır ki, cənab Hamm-ın şəxsi sərvəti neft qiymətlərinin düşməsindən böyük itkiyə məruz qalıb. Onun şirkətinin səhm qiymətləri 2014-2016-cı illərdə 80 faiz azalıb. Bunun nəticəsində Hamm-ın şirkəti 9 milyard dollar itirib.

Lakin indi, neft qiymətlərinin bir barrel üçün 50 dollara yaxın olduğu bir vaxtda Hamm itkilərin yerini doldurur.

Cənab Hamm-ın şəxsi sərvəti 14, 5 milyard dollar olaraq qiymətləndirilir.

Donald Trump bildirib ki, demokrat rəqibi Clinton-dan fərqli olaraq, o ABŞ-da mədən yanacağının tam gücü ilə işləməsinə imkan yaradacaq.

Fotonun müəllifi Reuters
Image caption 2015-ci ildə rekord 9, 6 milyon barrelə çatan ABŞ neft hasilatı hazırda yavaşıyıb.

Onun fikrincə şist nefti istehsalının ixtisarı ABŞ-ı Yaxın Şərq neftinə möhtac edir.

2100-cü ildə canlı təbiət olmaya bilər

"The Daily Mail" yazır ki, dünyanın canlı təbiətinin onda biri ötən iki onillik ərzində yox olub.

Ekspertlər deyirlər ki, belə bir vəziyyət həyəcan təbilinin çalınmasını tələb edir.

Alimlərin Current Biology məcmuəsində yazdıqları məqalədə deyilir ki, bütün canlı təbiət guşələrinin, xüsusilə də onların az olduğu yerlərdə qoruqlara çevrilməsinə ehtiyac var.

Məqalədə deyilir ki, canlı təbiətin yoxa çıxması həm insanlar, həm də canlı aləm üçün dönülməz prosesə çevrilə bilər.

Bu məqsədlə tərtib olunmuş xəritədə canlı təbiətin hələ də əsasən Saxarada, Rusiya və Kanadanın tundra ərazilərində, Amazon hövzəsində və mərkəzi Avstraliyada qaldığı görünür.

Lakin ən acınacaqlısı budur ki, canlı təbiətin mövcud olduğu 30, 1 milyon kvadrat kilometr ərazi Yer torpağının cəmi 23 faizini təşkil edir.

Məqalədə deyilir ki, 1990-cı illərdən bəri canlı təbiətin 3, 3 milyon kvadrat kilometri itirilib.

Belə gedərsə, 100 ildən az müddətdə "insan müdaxiləsindən azad" yer qalmayacaq.

Mədənçilik, meşələrin qırılması, bilərəkdən törədilmiş yanğınlar, neft və qaz yataqlarının inkişaf etdirilməsi canlı təbiətin yoxa çıxmasının başlıca faktorlarıdır.

"The Daily Mail" yazır ki, burada bir ümid qığılcımı da var. Bu, canlı təbiətin mövcud olduğu ərazilərin böyüklüyüdür. Təbiətin toxunulmamış ərazilərinin sahəsi 10 min kvadrat kilometrlərlə ölçülür.

Yeni qırğın erası

Bəzi alimlər düşünürlər ki, Yer kürəsi 66 milyon il bundan əvvəl dinozavrların kökünü kəsmiş meteor zərbəsindən sonra özünün 6-cı kütləvi qırğın erasına daxil olur.

Məhz buna görədir ki, geoloqlar bu epoxanı Antroposen, yəni insan dövrü adlandırırlar. Bu dövr insanın intensiv müdaxiləsi ilə müşayiət olunur.

Məqalədə deyilir ki, canlı təbiət ərazilərinin azalması nadir bitki və heyvanların gələcəyi üçün də təhlükə yaradır.

Bu da vurğulanır ki, təbiətin yenidən canlandırılması istiqamətində Amerika və Avropada görülən işlər gözlənilən fəlakətin qarşısında əhəmiyyətli dəyişiklik edə bilməz.

Alimlər dünya liderlərini gec deyilkən hərəkətə keçməyə çağırırlar.

Yuxuların sirrinə dair yeni tədqiqat

Fotonun müəllifi SCIENCE PHOTO LIBRARY
Image caption İnsanların niyə yuxu gördüklərinə dair ziddiyyətli fikirlər mövcuddur

"The İndependent" yeni elmi araşdırmaya istinadən yazır ki, yuxular insanların yadına həyatın onlar üçün ən dəyərli faktlarını salır.

Məqalədə deyilir ki, bu araşdırma yuxuların bəzən cəfəng görünməsinə baxmayaraq dərin mənası olduğunu bildirən nəzəriyyənin güclənməsinə yol açacaq.

İnsanların niyə yuxu gördüklərinə dair ziddiyyətli fikirlər mövcuddur. Bəzi ekspertlər deyirlər ki, yuxular beynin dincəldiyi bir vaxtda törənən təsadüfi "səslərdir".

Bir başqaları isə bu qənaətdədirlər ki, yuxugörmə xatirələrin və yenicə əldə edilmiş informasiyanın beyin tərəfindən "sənədləşdirilməsidir" və insanın travmatik hadisələrə dözə bilməsinə dəstək olur.

Yuxu laboratoriyası

Swansea Universitetinin Yuxu labroratoriyasında aparılmış təcrübə zamanı könüllülərə Uels dilində ifadələri öyrətmiş, sonra isə onların bunun nə qədərini yadda saxladıqlarını yoxlamışlar.

Təcrübə nəticəsində məlum olub ki, ifadələri əzbərləyib gecəni yaxşı yatanlar onları səhər öyrənənlərdən daha yaxşı yadda saxlayıblar.

Lakin ən yaxşı nəticəni Uels dilini özləri üçün doğma bilənlər göstəriblər.

Bundan başqa alimlər insanlarda "davamlı yuxu" deyilən effekti də öyrəniblər. Davamlı yuxu effekti o zaman baş verir ki, insan gördüyü yuxuya bənzər yuxunu bir həftədən sonra da görür.

Ekspetlərin fikrincə davamlı yuxuları insanlar üçün son dərəcə əhəmiyyəti olan hadisələr yarada bilər.

Professor Mark Blagrove deyir ki, biz adətən gün ərzində baş verən hadisələri və ya bununla bağlı nələrisə gecə yuxumuzda görürük. Lakin buna bənzər yuxunu təkrar olaraq bir neçə gündən sonra görəndə, o artıq metaforik səciyyə daşıyır. Belə yuxu real hadisələrlə birbaşa bağlı olmaya da bilər.

Alimin fikrincə bu fenomeni izah etmək mümkün deyildir, lakin bu, beynin "nə isə mühüm bir iş" gördüyünün göstəricisi ola bilər.

Onun sözlərinə görə, ola bilsin ki, beyin yeni xatirələri köhnələri ilə tutuşduraraq yaddaş bazasına köçürür.

Vahiməli yuxular

Alimlər vahiməli yuxular barədə də müəyyən fikirlər söyləyiblər. Bu barədə nəticələr ziddiyyətli olsa da, ekspertlər inanırlar ki, ümumən vahiməli yuxular yaxşı haldır.

Professor Blagrove deyir: "Belə bir iddia var ki, beyin yuxu zamanı informasiyaları yerbəyer etməyə çalışır, lakin buna nail olmayanda vahiməli yuxular baş verir".

"Beyin pis hadisələrə aid yuxularla nəsə etməyə çalışır, lakin bunları əlaqələndirə və bağlaya bilmir" - deyir professor.

Professorun fikrincə, məhz buna görə də ağrı-acılar yuxuya girsə də, insan üçün konkret bir məna vermir.

Alim deyir ki, bizim yuxuları tez unutmaq kimi əsrlərcə davam edən təkamüldən doğulmuş xüsusiyyətimiz var və yaxşı ki, bu, belədir.

Onun fikrincə, beyin bizi xatırlanması xeyirli bir şey olmayan informasiyadan azad etməyə çalışır.

Əlaqəli mövzular

Bu barədə daha geniş