Milli Şura referendumla bağlı "daha 2 mitinq keçirəcək"

Gözəl Bayramlı Fotonun müəllifi Obyektiv.tv
Image caption Gözəl Bayramlı mitinqin izdihamlı olacağını bildirir

Senytabrın 11-i keçirilən mitinqdən əlavə Milli Şura referendumla bağlı təşviqatın bitməsinə qədər daha 2 mitinq keçirəcək, AXCP sədr müavini Gözəl Bayramlı BBC Azərbaycancaya müsahibəsində deyib.

"Bu mitinqlərin tarixləri əslində dəqiqləşdirilib. Ola bilsin onlar haqqında mitinqdə [sentyabrın 11-i keçirilən mitinq] ətraflı məlumat verilsin. Bəlkə də o mitinqdən sonra açıqlama verəcəyik", partiya rəsmisi bununla bağlı rəsmi olaraq artıq Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunduğunu və cavab gözlədiklərini deyir.

Referendumla bağlı Milli Şuranın sentyabrın 11-nə, Məhsul stadionuna təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı bu gün rəsmi icazə verilib.

Xanım Bayramlı deyir ki, mitinqdə əsas şüar "Monarxiyaya yox", "Talana son" və "Siyasi məhbuslara azadlıq", o cümlədən sosial vəziyyətlə bağlı digər sosial tələblərdən ibarət şüarlar da yer alacaq.

Gözəl Bayramlı bildirir ki, "mitinqin hazırlıq səviyyəsi, insanlarla ünsiyyətə" əsasən mitinqə "15-20 min insanın qatılacağını" ehtimal edir.

"Bildiyiniz kimi mitinq Milli Şura təşkil edir və biz mitinqə tərəfdarlarımızı dəvət etmişik. Ölkədə olan bəzi siyasi partiyaların da tərəfdarlarını həmin mitinqə gəlməsinə heç bir məhdudiyyət olmaması barədə qərar qəbul etmişik. Bu, ümumxalq mitinqidir", partiya nümayəndəsi "mitinq hər kəsə açıqdır" deyir.

Onun sözlərinə görə mitinqdə, Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərin, AXCP-nin gənc rəhbərlərindən nümayəndələrinin çıxışı gözlənilir.

"Bu əvvəlkilərindən daha güclü mitinq olacaq", xanım Bayramlı deyir.

Bu ilin iyul ayında prezident Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi haqqında sərəncam imzalayıb.

Dəyişiklərdə, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsi və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılması nəzərdə tutulur.

Sənəddə həmçinin, prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur. Təklifə əsasən onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.

Konstitusiya Məhkəməsi referendumun keçirilməsinə müsbət rəy verərək, sentyabrın 26-na təyin olunması haqda qərar verilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş