Natiq Cəfərli azadlıqda: "Bir həyat təcrübəsi oldu mənə"

Natiq Cəfərli Fotonun müəllifi Azadlıq Radiosu

ReAL hərəkatının icra katibi Natiq Cəfərli azadlığa buraxılıb, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

O, azadlığa çıxmasına görə sevindiyini bildirsə də, həbsdə də özünü azad hiss etdiyini deyib.

"Daha çox ailəm, yaxınlarım üçün darıxırdım," cənab Cəfərli AzadlıqRadiosuna müsahibəsində bildirib.

Natiq Cəfərli həbsdə olarkən iqtisadi xəbərləri televiziya vasitəsilə izlədiyini və hətta həbsdə manata şeir həsr etdiyini də bildirib.

"Əvvəllər ədəbiyyata marağım olub. Hesab edirəm ki, yazdığım şeir manatın indiki vəziyyətinə uyğun gəlir," o deyib.

MeydanTV-ə müsahibəsində isə cənab Cəfərli deyib: "Susuzluq, istilik, həddən artıq problemlər yaşadım orda, bir həyat təcrübəsi oldu mənə".

İqtisadçının fikrincə manatı "çox böyük təlatümlər gözləyir, çox ciddi proseslər gözlənilir".

O, qanunsuz həbs olunduğuna görə Avropa Məhkəməsinə müraciət edəcəyini də qeyd edib. "Həbs olunduqdan sonra Azərbaycandakı hüquq sistemini bilərək hesab edirdim ki, ən azı bir neçə il həbsdə qalacağam".

Cənab Cəfərli avqustun 13-də Nəsimi rayon məhkəməsində axşam keçirilən iclasdan sonra qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilib.

ReAL ittihamları rədd edərək həbsin siyasi motivli olduğunu bildirib.

Onun vəkili Cavad Cavadov həbs qətimkan tədbirinin ləğvi barədə məhkəməyə çağrıldığını təsvir edərkən deyib ki, hadisə "gözlənilməz oldu".

"Bir gün əvvəl bəzi hüquq müdafiəçiləri prezidentdən xahiş etdilər ki, şəxsi nəzarətə alsın məsələni, bəlkə də bununla əlaqələndiririk", o deyib. "Gözlədim Natiq çıxsın sonra [ictimailəşdirim], çünki bildim ki, müəyyən ajiotaj yaranacaq", deyə vəkil işə tamamilə xitam veriləcəyinə ümid etdiyini əlavə edib.

İqtisadçı olan Natiq Cəfərli sosial mediada hakimiyyəti tənqid edən yazılarına görə tanınır.

Hakim partiyanı və İlham Əliyevi tənqid edən hərəkatın lideri İlqar Məmmədov isə 2013-cü ildən həbsdədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş