Mətbuat icmalı: Milli Şura növbəti mitinqin vaxtını təyin edib

Fotonun müəllifi Getty Images

"Azadlıq": Milli Şuranın növbəti mitinqinin vaxtı təyin edilib

Milli Şura sentyabrın 11-də Yasamal rayonundakı "Məhsul" stadionunda Konstitusiya dəyişiklikləri ilə bağlı referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz mitinqi keçirib.

Meydanda növbəti mitinqin vaxtı da elan edilib.

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli ölkədə 100-dən artıq siyasi məhbusun olduğunu deyib.

O, Fuad Qəhrəmanlı, AXCP sədrinin müavini Seymur Həzi, Rəyasət Heyətinin üzvü Asif Yusifli, Məmməd İbrahimi və digər siyasi məhbusların adlarını çəkib və onları salamlayıb.

"Bizim hamımızın problemi eynidir. Hamımızın dərdi azadlıqdır, demokratiyadır, daha yaxşı ölkədir," cənab Kərimli deyib.

Ə.Kərimli sentyabrın 26-da keçiriləcək referendumla bağlı bunları deyib:

"Bu referendum nəyə görə lazım olub? Bu artıq üçüncü dəfədir ki, Azərbaycanın əsas qanunu bir nəfər - İlham Əliyev üçün dəyişdirilir". Bu sözlərin ardınca meydanda "istefa" şüarları səslənib.

"Azərbaycan": Bakı şəhər baş polis idarəsinin məlumatı

Rəsmi dövlət qəzeti olan "Azərbaycan" Bakı şəhər baş polis idarəsinin məlumatını dərc edib. Məlumatda deyilir:

"Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı şəhər baş polis idarəsindən Azərtac-a bildiriblər ki, saat 17:00-dan 19:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması halları qeydə alınmayıb."

"Azərbaycan": Cəbhə bölgəsindəki hərbi hissələrdə "Açıq qapı" günü keçirilib

Fotonun müəllifi RİA NOVOSTİ

Qurban bayramı ərəfəsində Tərtər rayonu ərazisindəki hərbi hissələrdə "Açıq qapı" günü keçirilib.

Azərtac xəbər verir ki, gələn qonaqlar, əsgər valideynləri və yaxınları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər, hərbi hissələrdəki xidmət və məişət şəraiti, texnika və silahlarla tanış olub, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

"Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən hərbi hissələrə qurban payı verilib.

İncəsənət ustalarının ifasında konsert proqramı keçirilib. Qonaqlar şəxsi heyətlə birgə şənlənib, bayram süfrəsi arxasında nahar ediblər," xəbərdə deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş