Mətbuat icmalı: 26 yaşlı gənc nazirlik önündə aclıq aksiyası keçirir

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycandakı "repressiyalar" ABŞ Konqresində

Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Dinləmələrdə ölkədəki insan hüquqlarının vəziyyəti müzakirə ediləcək.

"Azərbaycan: İnsan hüquqlarının əhəmiyyəti varmı?" adlanan paneldə Azərbaycandakı insan haqları, habelə bunun ABŞ üçün nəticələrinə diqqət yetiriləcək.

"Komissiyanın yaydığı məlumatda deyilir: "2014-cü ildən başlayaraq Azərbaycan hakimiyyəti fərqli fikirlilərə, jurnalistlərə, müxalifət nümayəndələrinə qarşı hücumları artırıb.

"ABŞ-ın maliyyələşdirdiyi Azadlıq Radiosu qapadıldı, bir neçə xarici təşkilar ölkədən qovuldu, jurnalist Xədicə İsmayıl saxta ittihamlarla həbs edildi və beynəlxalq etirazlardan sonra azad edildi.

Etibarlı mənbələrin məlumatına görə, ölkədə 100-dən artıq siyasi məhbus var," məlumatda deyilir.

Xəbərdə qeyd edilir ki, dinləmələrdə Azərbaycanda qeyri-hökumət təşkilatlarının və müstəqil mətbuatın fəaliyyətini məhdudlaşdıran qanunlar da müzakirə ediləcək.

"Azadlıq": Türkiyə mediası Azərbaycandakı "gülənçi" əməliyyatından yazır

Türkiyədə yaşayan tanınmış azərbaycanlı telejurnalist Sevil Nuriyeva Prezident Ərdoğana yaxınlığı ilə seçilən "Star" qəzetində son zamanlar Azərbaycanda aparılan "anti-Gülən" əməliyyatından yazıb.

"Türkiyənin yaxın coğrafiyasındakı vəziyyət" başlıqlı yazıda müəllif qeyd edir ki, bu tədbirlər "əslində mahiyyəti üzrə aparılmır və gözə kül üfürməkdən başqa bir şey deyil".

"Əsl FETÖ-çülər qalıb kənarda, FETÖ-yə qarşı mübarizə adı ilə günahsız insanlar əziyyət çəkir!

"...Burada qorxunc olan odur ki, məlumatın çirkliliyi təkcə ictimaiyyəti deyil, başdakı liderləri də aldatmağa yönəlib," Sevil Nuriyeva yazır.

"Xalq qəzeti": Oqtay Əsədov AŞPA parlament sədrlərinin görüşünə qatılacaq

Azərtac xəbər verir ki, sentyabrın 14-dən 16-dək Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin görüşündə iştirak etmək üçün Fransaya səfər edəcək.

"AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı, milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi, inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclis sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub," məlumatda deyilir.

"Yeni Müsavat": 26 yaşlı gənc günlərdir nazirlik önündə aclıq aksiyası keçirir

26 yaşlı Aqşin Mustafayev artıq bir həftədən çoxdur ki, aclıq aksiyasına başlayıb. O, hər gün səhər 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığındakı parka gəlir və axşam saat 19:00-a qədər orada oturur.

Gün ərzində sadəcə su, şəkər və bəzi B vitaminlərini qəbul edən gənc, bu şəkildə etirazını bildirir.

Aclıq elan etməsinin səbəbini açıqlayan Aqşin Mustafayev bildirib ki, Binəqədi Rayon Məşğulluq Mərkəzindən işsizlik müavinəti ala bilmir və qanuni haqqını tələb edir.

"...Mənə dedilər ki, özün görürsən də, alınmır, pulumuz yoxdur, get başına çarə qıl. Bu vəziyyət qarşısında ölüm orucuna (müddətsiz aclıq aksiyasına) başlamaq qərarı verdim.

"Nazirlik və məşğulluq mərkəzinin işçiləri süründürməçiliyi dayandırana qədər hər şey belə davam edəcək.

"Səhhətim əl verdiyi müddətcə hər gün səhərdən axşama qədər nazirliyin yaxınlığında olacağam," Aqşin Mustafayev deyib.

"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa görə işsiz statusu verilməsi qaydaları isə belədir:

"İşi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində iş axtaran kimi qeydiyyata alınmış və iş axtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir."

"Yeni Müsavat": Ayaz Mütəllibov: "Bilməliyik ki, iki daş arasında qalmışıq"

Qəzet eks-prezident Ayaz Mütəllibovun geniş müsahibəsini dərc edib. Müsahibədə Qarabağ ətrafında cərəyan edən proseslər, rəsmi Bakının Rusiya və Qərb seçimi qarşısında qalması və qarşıdakı referendum gözləntilərindən bəhs edilir.

"Biz gərək öz işlərimizlə ciddi məşğul olaq, öz problemlərimizi həll edək. Müharibə aparmaq çox ciddi və ağır məsələdir.

"İqtisadiyyatımızda da problemlər az deyil. Hələlik müharibə olmaz. Amma qorxuya əsas yoxdur.

"... Mən düşünürəm ki, bu məsələnin həllində tələskənliyə yol vermək olmaz. Proseslər öz-özünə gedir.

"Allahın hökmü ilə qələbə bizim tərəfimizdədir," deyə eks-prezident bildirib.

"Moskvanın Azərbaycanı öz orbitində görmək istədiyi [fonunda] rəsmi Bakı mövcud situasiyada necə davranmalıdır ki, ciddi təhlükələrlə üzləşməsin?" sualına cavab olaraq, keçmiş prezident deyib:

"Azərbaycanın MDB-nin nəzdində olan qurumlarda iştirakı Rusiya üçün çox vacibdir.

"Biz iki variant arasında qalmışıq: Qərb və Rusiya. Son 20 ilin ərzində, rəhmətlik Heydər Əliyevin zamanından etibarən indiyədək balanslaşmış siyasət aparılır və biz bunun bəhrəsini görə bilmişik, indi də görürük.

"Ancaq indi biz zamanın tələbinə uyğun olaraq bu istiqamətə düzəlişlər etməliyik. Bilməliyik ki, iki daş arasında qalmışıq.

"Elə çıxış yolu tapmalıyıq ki, nə o tərəf küsüb-incisin, nə bu tərəf. Bu da çox müşkül məsələdir," müsahibədə deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş