Milli Şuranın mitinqi bitəndən sonra "10-dan çox iştirakçı saxlanılıb"

Mitinq Fotonun müəllifi Revan Seyfulla
Image caption Referenduma və ölkədə sosial- iqtisadi vəziyyətə etiraz olaraq Milli Şura bu gün sayca ikinci mitinqinə start verib.

Milli Şuranın keçirdiyi mitinq bitəndən sonra bir neçə jurnalist və fəal olmaqla 10 nəfərdən çox mitinq iştirakçısı saxlanılıb, hadisə yerində olan jurnalist Rəvan Seyfulla BBC Azərbaycancaya müsahibəsində deyib.

"Əvvəlcə məni də saxlamışdılar, sonra buraxdılar. Amma digər jurnalistləri İslam Şıxəli, Təzəxan Mirəmli və Mehman Hüseynovu avtobusa mindirib apardılar", jurnalist hazırda Yasamal Rayon Polis İdarəsinin önündə toplaşdıqlarını deyir.

Mitinq ərəfəsində mitinqin əsas təşkilatçılarından olan AXCP-nin 51 funksionerini həbs ediblər, AXCP sədri Əli Kərimli Milli Şuranın keçirdiyi sayca ikinci mitinqdə deyib.

Partiya üzvü Toğrul İbrahim mitinqə gələrkən saxlanılıb, hadisə yerində olan jurnalist Rəvan Seyfulla BBC Azərbaycancaya məlumat verib. Onun sözlərinə görə, Toğrul İbrahim mitinqə plakat keçirmək istəyəndə əraziyə nəzarət edən polis əməkdaşları ilə mübahisə yaranıb və onu polis maşınına əyləşdirərək ərazidən uzaqlaşdırıblar.

Mitinqin gedişatında təşkilatçılar sonradan bəyan edib ki, "saxlanılanların hamısı buraxılıb".

Bu arada mitinqdən sonra polislə etirazçılar arasında qarşıdurma yaranıb, Rəvan Seyfulla bildirir. Onun sözlərinə görə hadisə vaxtı saxlanılanlar olub.

Konstitusiya dəyişikliklərilə bağlı referenduma etiraz olaraq Milli Şuranın keçirdiyi sayca ikinci mitinqə toplanan insanlar meydanda "biz ölərik, meydanları tərk etmərik" deyə şüar səsləndiriblər.

Mitinqdə AXCP lideri Əli Kərimli, partiya sədrinin müavini Gözəl Bayramlı, Cəmil Həsənli, Fuad Qəhrəmanlının xanımı, Azadlıq qəzetinin baş redaktorunun müavini Ramin Hacıyev və başqaları çıxış edib.

Fotonun müəllifi Revan Seyfulla

"Olmazın kampaniya"

Mitinqdə çıxış edən AXCP partiyasının sədri Əli Kərimli deyib ki, "oğrular hakimiyyətini necə qorxutmusunuzsa, mitinqə qarşı olmazın kampaniya aparırlar".

"Dünənə qədər deyirdilər müxalifət yoxdur. Bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar", partiya sədri deyib.

Bakı-Quba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin inşası ilə əlaqədar yolun 12-ci km-dəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi şənbə günü bir, bazar günü isə iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq, Baş Dövlət Yol Polisi İdarəsi yaydığı məlumatda deyilir.

"İnsanlar bu piyada keçidinin olmaması ilə bağlı narahatlıq ifadə edirdilər. İndi də fundament qoyulub, yerin üstündən keçməsi üçün betonları qaldırıb qoymaqları lazımdır. Ona da iki gün vaxt lazımdır və bu barədə də dünəndən elan verilib", deyə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin sozçüsü Vaqif Əsədov "bunun mitinqə heç bir aidiyyatı yoxdur" deyir və sürücülərin alternativ yoldan istifadə edə bilməsindən bəhs edir.

Fotonun müəllifi Revan Seyfulla

Partiya sədrinin müavini Gözəl bayramlı deyib ki, "Saatlıda, Sabirabadda, Sumqayıtda mitinqə gələn insanların yolları kəsilib".

"Ağsuda onlarla insanlar geri qaytarılıb. Digər rayonlarda da vəziyyət belədir", xanım Bayramlı çıxışında deyib.

Fotonun müəllifi Revan Seyfulla
Fotonun müəllifi Revan Seyfulla

"AZTV-dəki Azərbaycan"

Mitinqdə edilən çıxışlara dəstək olaraq iştirakçılar "Azadlıq", "İstefa" kimi şüarlar səsləndiriblər.

İştirakçıların əllərində "AZTV-dəki Azərbaycanı istəyirik", "Bunların gözü nə vaxt doyacaq" "Hardasan ay demokratiya", "Analoqsuz tənəzzül siyasət" "AB ilə Assosiasiya sazişi imzalansın" kimi şüarlar yazılan plakatlar qaldırılıb.

Fotonun müəllifi Revan Seyfulla

Hazırda həbsdə olan 32 ictimai xadim və jurnalistlərin şəkilləri əks olunmuş "Vicdan məhbuslarına azadlıq" plakatı çıxışların olunduğu əsas kürsüdən asılıb.

Yasamal rayonu Məhsul stadionunda keçirilən mitinqin əsas şüarı "Monarxiyaya yox, talana son!"-dur.

Bu barədə daha geniş